- 5
ENDİRİLİR
ENDİRİLİR
Bərdə Rayon İcra Hakimiyyəti “Aypara-İnşaat” MMC ilə maliyyə dəyəri 99 916,5 AZN təşkil edən satınalma müqaviləsi imzalayacaq.
Valyuta.az xəbər verir ki, satınalma müqaviləsi Bərdə şəhərində parkların abadlaşdırılması ilə bağlıdır. Lakin tenderin şərtlərində konkret olaraq hansı parkların abadlaşdırılacağı qeyd olunmayıb.
“Aypara-İnşaat” MMC 11 aprel 2012-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 4 AZN olan şirkətin qanuni təmsilçisi Mikayılov Maarif Aydın oğludur.
Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi barədə heç bir məlumat yoxdur.
Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevdir. O, ən çox tənqid olunan icra başçılarındadır.
Onu da bildirək ki, Azfakt.com saytının verdiyi məlumata görə, Bərdə şəhərində Ulu öndər Heydər Əliyevin adını daşıyan park-bulvarı da baxımsız vəziyyətdədir.
Park-bulvarın ərazisində olan hovuzlar aylarla təmizlənmir. Asudə vaxtlarını səmərəli keçirmək üçün parka gələn insanları aylarla təmizlənməyən hovuzdan iylənmiş su qoxusu vurur.
Parkda skamyalardan bəziləri də sınıq-salxaqdır.
Qeyd edək ki, Bərdə şəhərində Ulu öndər Heydər Əliyevin adını daşıyan park-bulvar 2015-ci ilin mart ayında istifadəyə verilib.