• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

İsmayıllıda sel əhaliyə ciddi ziyan vurub



“Toyuq-cücəni, qoyun-quzunu sel apardı, taxıl suyun altında qaldı. Yenə bu qış ac qalacağıq”.

Bunu Meydan TV-yə İsmayıllı rayon Mollaisaqlı kənd sakinləri bildiriblər.

Onların sözlərinə görə, avqustun 26-da yağan yağışdan yaranan sel nəticəsində kənddə hər üç ailədən biri zərər görüb. Evlərə, həyətlərə, tövlələrə su dolub, damlar uçub.

“Kəndin yolları elə gündədir ki, qonşu qonşunu haraylayıb xəbər tutur. Bilirik ki, çoxunun mal-qarasını, qoyunlarını sel aparıb. Taxıl yığılmışdı, preslənmiş taxıl suyun içindədir. Qış azuqələrimiz məhv oldu”,-sakinlərdən biri danışıb.

Vaqif adlı sakin isə bildirib ki, evlərinə dolmuş suyu vedrələrlə təmizləyirlər:

“Bu, ilk dəfədir baş vermir. Bütün yayı əziyyət çəkib, əkib-becəririk, sel gəlir, əziyyətimiz puç olur. Deyirlər ki, heyvanları, əkin sahələrini sığorta etdirin. Amma nə şərtlərdən, nə də sığortanın qiymətlərindən xəbəriniz yoxdur. Gəlib baxsınlar, qapı-qapı döyüb sorusunlar, o şərtlərlə tək bizim kənddə deyil, digər kəndlərdə də kim sığorta olunub?”.

Kənd sakinləri ən azı 250-dən çox xırdabuynuzlu heyvanın, 100-ə yaxın mal-qaranın sel apardığını deyirlər:

İnternet yoxdur, işıq bərpa edilib, vəziyyətimizi çəkib göstərə bilmirik”.

Kəndin 1300 əhalisi, 260 təsərrüfatı var.

Mollaisaqlı Kənd Bələdiyyəsinin sədri Rövşən Babayev  Meydan TV-yə bildirib ki, kənd yolları tamamilə dağılıb, hərəkət çətinləşib. Hazırda kənd yollarının təmizlənməsi istiqamətində tədbirlər görülür.

Qaz verilişi dayandırılıb, evlərin birini mərtəbəsinə, tövlələrə su dolub, bir çox sakinin taxılı su altında qalıb. Toyuq-cücəni sel aparıb. Nə qədər mal-qaranın tələf olması hələ dəqiqləşdirilir, sakinlər yəqin ki, təxmini rəqəmlər deyirlər. Bu gündən dəymiş zərərin müəyyənləşdirilməsinə başlanılıb”,-bələdiyyə sədri deyib.

Onun sözlərinə görə, bir neçə sakin köməksiz vəziyyətdə qalsa da, xəsarət alan olmayıb.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, “112” qaynar telefon xəttinə İsmayıllı rayonu, Mollaisaqlı kəndində çaya sel gəlməsi səbəbindən vətəndaşların köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Daxil olan məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb ediliblər.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, intensiv yağan yağışlar nəticəsində çaya sel gəlməsi səbəbindən Mollaisaqlı kəndində vətəndaşlar təhlükəli vəziyyətdə qalıb.

Xilasedicilər xilasetmə vasitələrindən istifadə etməklə təhlükəli vəziyyətdə qalan vətəndaşlar, 1978-ci il təvəllüdlü Raqif Elman oğlu Şirinov, 1981-ci il təvəllüdlü Cəlil Ağasif oğlu Bağıyev, 1981-ci il təvəllüdlü Etiram Niyazi oğlu Bağıyev və 1980-ci il təvəllüdlü Abuzər Qurban oğlu Şirinovu sel gəlmiş ərazidən keçirərək təhlükəsiz əraziyə təxliyə ediblər

ƏN ÇOX OXUNANLAR

0.08913516998291