• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Öhdəsindən gəlinməyən TİKİNTİ MAFİYASI: Masazırda qanunsuz inşaat necə “çiçəklənir?” – FOTOLAR/VİDEO



Abşeron rayonu Masazır qəsəbəsindəki “göl” adlanan ərazidə kütləvi şəkildə icazəsiz həyət evləri tikilir. Qeyd edilən sahədə tikinti işləri ilə məşğul olan şəbəkənin Abşeron Rayon İcra Hakimiyyəti ilə anlaşaraq işlərini rahat şəkildə davam etdirdiyi bildirilir.

Paytaxtın müxtəlif rayonlarında, o cümlədən, Bakıətrafı ərazilərdə qanunsuz ev tikintisi ilə məşğul olan fiqurların artıq şəbəkələşərək mafiya formatına gəldiklərini də söyləmək mümkündür. Daxil olan informasiyalara və müşahidələrə əsasən, qanunsuz həyət evləri və yaşayış binalarının tikintisinin ən geniş yayıldığı məntəqələrdən biri də Abşeron rayonu Masazır qəsəbəsidir.

Yenicag.az-ın əldə etdiyi məlumata görə, hazırda Masazır qəsəbəsində heç bir rəsmi icazə olmadan qanunsuz həyət evlərinin kütləvi tikintisi daha çox “göl” adlanan ərazidə aparılır. Vaxtilə yaxınlıqdakı evlərdən tullantı sularının axıdıldığı kanalizasiyanın keçdiyi və kəskin üfunətin baş çatlatdığı həmin ərazi hazırda işbazlar tərəfindən müxtəlif üsullarla qurudularaq yerində həyət evləri tikilir.

Ərazidə çəkiliş aparan əməkdaşımızın araşdırması zamanı məlum olub ki, “göl” adlı yerdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin heç bir icazəsi olmadan qanunsuz həyət evlərinin inşası bir neçə makler tərəfindən həyata keçirilir.

O maklerlərin Abşeron Rayon İcra Hakimiyyəti ilə “anlaşdığı” və həmin şəxslərin hər qanunsuz evin tikintisi üçün 2300 manat “hesab” ödədikləri iddia olunur. Ərazidə həyət evlərinin inşasını həyata keçirən maklerlər tez-tələsik hazır edilən evləri ilkin ödənişi 15-20 min manat olmaqla, kreditlə satırlar. Əsasən Abşeron rayon sakinlərinə satılan evlərin sahiblərinə heç bir rəsmi sənədi verilmir.

Apardığımız araşdırmada o da məlum oldu ki, hazırda “göl” adlı ərazidə ümumilikdə 250-dən çox həyət evi qanunsuz olaraq tikilərək satılıb. 100-ə yaxın evin tikintisi isə davam etdirilir. Qeyd edək ki, rəsmi sənədi olmayan bu evlərin satışı ilə məşğul olan maklerlər külli miqdarda qazanc əldə etsələr də, həmin gəlirlərindən dövlətə heç bir vergi ödəmirlər.

Ərazidə yaşayan sakinlərdən həyət evlərinin tikintisi ilə məşğul olan maklerlərin adlarını soruşduqda, onlar daha çox Elçin və Xəyal adlı şəxslərin adlarını çəkiblər. Sakinlərin dediyinə görə, qanunsuz tikinti işləri ilə məşğul olan maklerlərə himayədarlıq edən şəxslərdən biri Sumqayıt Şəhər İcra Hakimiyyətində yüksək vəzifə tutur.

Mövzu ilə bağlı araşdırmamız davam edir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

 

Mənbə yenicag.az

ƏN ÇOX OXUNANLAR

0.093190908432007