• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Azərbaycanda 25 yaşadək gəncin, ən azı, beşindən biri işsizdir



Dövlət Statistika Komitəsi (DSK) bu ilin əvvəlinə ölkədə əmək bazarının durumunu açıqlayıb. Bəlli olub ki, Azərbaycanda gənclər arasında işsizlik səviyyəsi digər yaş qruplarına görə daha yüksəkdir. Rəsmi rəqəmlərə görə, bu ilin əvvəlinə ölkədə işsizlik göstəricisi 5.6 faizdir. Ancaq işsizləri yaş qrupu və yaşayış yeri üzrə gözdən keçirəndə daha fərqli mənzərə yaranır.

Həmin göstəricilərə görə, Azərbaycanda işsizlik səviyyəsinin ən yüksək olduğu əhali qrupu şəhər yerlərində yaşayan kişilərdir. Məsələn, bu ilin əvvəlinə şəhərlərdə yaşayan 20-24 yaşlı kişilər arasında işsizlik səviyyəsi 21.2 faiz olub. Bu, ölkə ortalamasından təxminən dörd dəfə yüksək göstəricidir. Eyni yaş qrupundakı qadınlar arasında işsizlik səviyyəsi isə 15 faizə yaxındır.

Eyni yaş qrupundakı, amma kəndlərdə yaşayan əhali qrupunda daha fərqli mənzərə ortaya çıxır. Məsələn, 20-24 yaş qrupundakı kəndlilər arasında qadınların işsizliyi diqqət çəkir. Bu yaş qrupundakı kəndli qadınların, az qala, altısından biri (15.5 faizi) işsizdir. Kəndli kişilərinsə 4 faizi işləmir.

25-29 yaş qrupu arasında da işsizlik ölkə ortalamasından yüksəkdir. Ancaq maraqlıdır ki, bu, digər yaş qruplarında gözə çarpmır. Başqa deyimlə, 29 yaşdan yuxarı əhali arasında işsizlik göstəricisi ölkə ortalamasından aşağıdır. 25-29 yaş qrupuna daxil qadınlar arasında işsizlik göstəricisi 7.7 faiz, kişilər arasında isə 6.1 faizdir.

Əyani təhsil alan, hərbi xidmət keçən, əlilliyi olan şəxslər, eləcə də evdar qadınlar iqtisadi qeyri-fəal əhali qrupuna daxildir. Onlar DSK-nın hesabatında nəzərə alınmayıblar. Azərbaycan qanunlarına görə, adına pay torpağı olan (əkməsə də), aktiv VÖEN-li şəxslər də (gəliri olmasa da) də işsiz sayılmırlar. Müstəqil ekspertlər məhz bu manipulyativ metodologiya hesabına ölkədə işsiz göstəricisinin 6 faizə yaxın hesablandığını bildirirlər. Deməli, gerçək rəqəmlər daha yüksəkdir. Bunlar nəzərə alınsa, bəlli olur ki, ölkə üzrə gənc əhali qrupunun (18-29 yaş arası), az qala, yarısına yaxını işsizdir.

Dövlət Statistika Komitəsi işsizlərin təhsil səviyyəsi üzrə bölgüsünü də açıqlayıb. Açıqlanan rəqəmlərdən aydın olur ki, hökumətin işsiz saydığı şəxslər arasında alitəhsillilərin də sayı yetərincə çoxdur. Bu il ölkədə 293 min 300 nəfər rəsmi işsiz sayılıb. Onlardan 36.4 min nəfəri - 12.4 faizi alitəhsillidir. İşsizlərdən daha 61 min nəfərinin (21 faizinin) orta ixtisas və ya peşə təhsili var.

İşsizlərin tən yarısı tam ortatəhsilli şəxslərdir. Bu qrupda özəlliklə qadınların say çoxluğu gözə çarpır. Orta məktəb təhsillilərin və işsiz qalanların 63 faizi qadınlardır. Bu baxımdan, özəlliklə qadınların (məktəbi bitirdikdən sonra təhsil almadığı halda) həmin qrup arasında işsizlik riskinin daha yüksək olduğu üzə çıxır. Bütövlükdə ölkədəki işsizlərin 56 faizi qadın, 44 faizi kişidir.

Azərbaycanda gənclər arasında işsizliyin yüksək olmasının əsas səbəbi ölkə iqtisadiyyatındakı xronikləşmiş – dərinə işləmiş problemlərdir. Biznes ortamının rəqabətli olmaması, enerji sektorundan kənar sahələrin inkişafdan qalması ölkədə iqtisadi aktivliyi azaldır. Ancaq ölkə iqtisadiyyatı ilə yanaşı, gənclər arasındakı işsizliyə birbaşa təsir edən problemlər də var. Bu problemlər özəlliklə ali təhsil almış gənclərin məşğulluğu ilə bağlıdır. Nəzərə almaq lazımdır ki, Azərbaycanda alitəhsilli şəxs sayının əhaliyə nisbəti region ölkələrinin və dünya ortalamasının xeyli gerisindədir. Dövlət qurumları da tez-tez ölkədə alitəhsilli kadr çatışmazlığını dilə gətirir. Belə bir ortamda işsiz alitəhsilli gənclərin çoxluğu ölkədə ali təhsilə çıxış imkanlarının məhdud olması ilə yanaşı, verilən ali təhsilin və, dolayısıyla, hazırlanan kadrların da keyfiyyətcə yetərsizliyinin göstəricisi sayıla bilər.

Dövlət Məşğulluq Agentliyi İdarə Heyətinin sədri Mustafa Abbasbəyli də bir müddət öncə mediaya açıqlamasında təhsil ocaqlarının hazırladığı kadrların əmək bazarının tələblərinə cavab vermədiyini bildirmişdi. Bu, əsasən, ali təhsil ocaqlarına qəbul zamanı əmək bazarının tələb və istəklərinin nəzərə alınmamasından qaynaqlanır. Deyilən məqam Azərbaycanda təhsilin keyfiyyət yetərsizliyi ilə yanaşı, kadr hazırlığı baxımından planlamanın da yanlış aparılmasının göstəricisi sayıla bilər. Beləcə, aydın olur ki, Azərbaycanda gənclər arasında işsizliyin yüksək olmasının əsas səbəblərindən biri hökumətin məşğulluq siyasəti ilə bağlı fəaliyyətinin yaxşı qurulmamasıdır. Axı təhsil ocaqlarından məzun olan şəxslərin yetərli bacarıqlara sahib olmaması ilə yanaşı, tələb duyulan sahələrdə kadr sayının az, artıq aktuallığını itirməkdə olan sahələrdə isə daha çox şəxsin təhsil ocaqlarına qəbul olması problemi var.

Mənbə Azadlıq radiosu

ƏN ÇOX OXUNANLAR

0.10400700569153