- 6
ENDİRİLİR
ENDİRİLİR
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun müavini olmuş, eyni zamanda, Sumqayıt Dövlət Universitetinin müəllimi Gündüz Əliyev məhkəmə qarşısına çıxarılıb.
Meydan TV xəbər verir ki, o, 1 milyon 613 min manatlıq mənimsəmə və başqa əməllərdə ittiham olunur.
Gündüz Əliyevin işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində Aynur Rzayevanın sədrlik etdiyi hakimlər kollegiyası baxır. O, məhkəmə qarşısında tək deyil. Bacısı – “Sumqayıt Tibb Mərkəzi” Publik Hüquqi Şəxsin sabiq baş mühasibi Gülnarə Bayramova və tanışları – Elxan Əsədovla birlikdə mühakimə olunur. Onlar 7 il ərzində – 2012-2019-cu illərdə 41 şirkət yaradaraq, Sumqayıt şəhər Səhiyyə Şöbəsindən tender vasitəsilə əldə olunan vəsaitləri mənimsəməkdə ittiham olunurlar.
İddia olunur ki, yaradılmış 41 şirkətə Sumqayıt şəhər Səhiyyə İdarəsindən 5 milyon 716 min 684 manat pul köçürülüb. Bu vəsaitin 1 milyon 613 min 334 manatı təyinatı üzrə xərclənməyib – mənimsənilib.
Sentyabrın 5-də bu iş üzrə məhkəmənin hazırlıq iclası keçirilib. İclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı – ittiham aktının elan olunması, ardınca dindirmələr isə sentyabrın 12-nə təyin edilib.
Gündüz Əliyev icra başçısının müavini vəzifəsindən azad ediləndən sonra Sumqayıt şəhər İcra Hakimiyyətində şəhər təsərrüfatı şöbəsinin müdiri kimi fəaliyyət göstərirdi. Lakin cinayət işi başlanandan sonra o, bu vəzifəsindən də azad edilib.
Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə), 193-1.3.2 (xeyli miqdarda cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) və digər maddələrilə ittiham irəli sülüb. Bu maddələrin sanksiyasında 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.