- 6
ENDİRİLİR
ENDİRİLİR
Azərbaycanda bir çox dövlət məmurlarının vəzifə səlahiyyətlərindən öz şəxsi mənafeləri üçün istifadə etmələrinə dair media və sosial şəbəkələrdə çoxsaylı materiallar yayımlanıb. Vəzifəli şəxslər tutduqları postun imkanlarından yararlanaraq şəxsi bzineslərini çiçəkləndirmək uğrunda sanki yarışa giriblər.
Yenicag.az-ın əldə etdiyi məlumatda Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Şəmsəddin Abbasovun da həmin məmurların sırasında özünə möhkəm yer tutduğu iddia edilir. Qeyd edək ki, Sumqayıt şəhər Apellyasiya Məhkəməsinin hakimi Şəmsəddin Abbasovun adının biznesdə hallanması yeni söhbət deyil.
Belə ki, bir neçə il öncə “Xudat Balıq” ASC-nin sabiq direktoru, iş adamı Güləhməd Güləhmədov mətbuat vasitəsilə ədliyyə naziri Fikrət Məmmədova ünvanladığı məktubda bildirirdi ki, Abbasov Şəmsəddin Rizalı oğlu 01 mart 2006-cı il tarixdən bu günə qədər (2020-ci il) sözügedən Səhmdar Cəmiyyətin Direktorlar Şurasının üzvüdür. İş adamı ədliyə nazirinə belə bir müraciət ünvanlamasının səbəbini isə Şəmsəddin Abbasovun ona məxsus təsərrüfatın qeyri-qanuni yollarla başqaları tərəfindən əlindən alınması prosesində birbaşa iştirak etməsi ilə əlaqələndirmişdi (link: https://azpolitika.info/?p=128132).
Bundan başqa, ölkə mətbuatında yayımlanan digər məlumatda Şəmsəddin Abbasovun bizneslə məşğul olan qardaşının tez-tez İrana gedib-gəldiyi və bu ölkə ilə sıx əlaqədə olduğu vurğulanır (link: https://azfakt.com/sumqay_t_apellyasiya_mehkemesinin_hakimi_yeni_biznese_girişib).
Redaksiyamıza daxil olan məlumata əsasən, Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Şəmsəddin Abbasov vəzifəsindən sui-istifadə edərək avtomobil mühərriklərinin ehtiyat hissələrinin təmiri sahəsində inhisarçı mövqeyə sahiblənib. Haşiyə olaraq qeyd edək ki, avtomobil mühərriklərinin təmiri işi kənardan kiçik biznes təəssüratı yaratsa da, əslində, çox gəlirli bir sahədir. Azərbaycanda hər il dövlət və özəl şirkətlər balanslarında olan avtomobillərin təmiri üçün milyonlarla manat vəsait xərcləyirlər.
İddialara görə, bu biznesdə milyonlarla manat vəsaitin dövr etdiyini yaxşı bilən Şəmsəddin Abbasov vəzifə səlahiyyətindən sui-istifadə edərək dövlət qurumlarının və böyük şirkətlərin rəhbərləri ilə müxtəlif vasitələrlə əlaqə quraraq onların təmir işləri üzrə sifarişlərinin bacısı oğlu Fətiyev Arif Əminağa oğlunun adına yaratdığı MMC-yə verilməsini təşkil etdirir.
Əldə etdiyimiz məlumata görə, Arif Fətiyevin adına yaradılan avtomobillərin təmir sexi hazırda Abşeron rayon Masazır qəsəbəsi Rafiq Dünyamalıyev küçəsində fəaliyyət göstərir. Göstərilən ünvanda yeni inşa edilən avtomobil mühərriklərinin təmir sexininin heç bir tikinti sənədinin olmadığı da bu informasiyanın mühüm elementidir.
Eyni zamanda, ölkə mətbuatında dərc edilən xəbərlərdə Arif Fətiyevin avtomobil mühərriklərinin təmiri işi ilə yanaşı, həm də Masazır qəsəbəsi ərazisində həyət evlərinin qanunsuz tikintisi ilə məşğul olduğu da deyilir. Həmin məlumatlarda Arif Fətiyevin dayısı Şəmsəddin Abbasovun dəstəyi və himayəsi altında Masazır qəsəbəsində Qaçaq Nəbi küçəsi və digər ərazilərdə torpaq sahələri alaraq, heç bir müvafiq sənədləşmə işləri aparmadan fərdi evlər tikərək satışını həyata keçirdiyi qeyd olunur.
Hakim Şəmsəddin Abbasovun vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə Məhkəmə-Hüquq Şurası hələ ki, qiymət verməyə tələsmir. Məlumat üçün xatırladaq ki, Məhkəmə-Hüquq Şurası Azərbaycan Respublikasında hakimlərin fəaliyyətinin qiymətləndirilməsi, zərurət olduqda intizam məsuliyyətinə cəlb edilməsi, habelə hakimlərlə bağlı korrupsiyaya şərait yaradan digər məsələləri öz səlahiyyəti daxilində həll edən məhkəmə hakimiyyətinin özünüidarə funksiyalarını həyata keçirən orqandır. Məhkəmə-Hüquq Şurasının Şəmsəddin Abbasovla bağlı bu günə qədər tədbir görməməsinin və xidməti araşdırmalar aparmamasının səbəbləri müəmmalıdır.
Lakin adıçəkilən hakimin biznes fəaliyyətinin ictimailəşməsindən sonra Məhkəmə-Hüquq Şurasının hansı addımı atacağı ictimaiyyət üçün də maraqlıdır. Hesab edirik ki, Şəmsəddin Abbasovun iştirakı ilə həyata keçirilən hüquqazidd fəaliyyəti ifşa etmək çox da çətin deyil. Ona görə də, Məhkəmə-Hüquq Şurası xidməti araşdırma başlamalı və müvafiq sorğular əsasında həmin avtoservisin hansı şirkətlərə xidmət göstərdiyini aydınlaşdırmalıdır. Təbii ki, bundan sonra xidmət göstərilən şirkətlərin məhkəmə işlərinə Şəmsəddin Abbasovun hansı tarixlərdə baxdığını və hansı qərarlar qəbul etdiyini, həmin qərarların qanuna uyğun olub-olmadığını müəyyən etmək asanlaşacaq.