- 5
ENDİRİLİR
ENDİRİLİR
Ağsu Şəhər İcra Hakimiyyəti şəhərin daxili avtomobil yollarının əsaslı təmiri işlərinin satın alınması ilə bağlı tenderə yekun vurub.
Qaynarinfo.az xəbər verir ki, tenderin qalibi “ATF” MMC seçilib. Yolların təmiri icra hakimiyyətinə 493 221,97 AZN-ə başa gələcək.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “ATF” MMC 23 dekabr 2003-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 AZN olan şirkətin hüquqi ünvanı Göyçay rayonunun Çayarxı kəndində yerləşir. MMC-nin qanuni təmsilçisi Muradov Təbriz Əzim oğludur.
“ATF” MMC Azad, Təbriz və Fəxrəddin Muradov qardaşlarına məxsusdur. Şirkətin adı onların baş adlarının baş hərflərinin birləşməsidir.
Fəxrədin Muradov 2018-ci ildə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Həmin vaxt Baş Prokurorluğun yaydığı məlumatda bildirilirdi ki, Fəxrəddin Muradova Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq), 247-ci (işlərin yerinə yetirilməsi zamanı ətraf mühitin mühafizəsi (qorunması) qaydalarını pozma), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və digər maddələrlə ittiham irəli sürülüb. Bu işlə bağlı araşdırmalar zamanı məlum olub ki, “ATF” şirkəti dövlətə 361 000 manat ziyan vurub.
Mediada gedən məlumatlara görə, Fəxrəddin Muradov bu cinayət işi çərçivəsində həbs olunsa da, sonradan azadlığa buraxılıb.
“ATF” MMC tender kralı kimi tanınır. Əsasən Şirvan zonasında yerləşən rayon və şəhərlərin yerli qurumlarının keçirdikləri tenderlərin qalibi olur. Şirkət təkcə 2023-cü ildə 1 787 113, 74 manatlıq 4 tenderin qalibi seçilib. Ağsu Rayon İcra Hakimiyyətinin tenderi də bura daxildir. Digər 3 tenderi isə Oğuz, Göyçay və Beyləqan rayon icra hakimiyyətləri keçirib.
“ATF” MMC-nin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) rəhbəri Saleh Məmmədova bağlılığı barədə iddialar var. Yol çəkilişlərinə “ATF” MMC-yə məxsus texnikanın cəlb edilməsi bu iddiaların əsassız olmadığına şübhələri artırır.
Ağsu Şəhər İcra Hakimiyyətinin başçısı Rövşən Bağırovdur. O, 2021-ci ildən bu vəzifədədir. Rövşən Bağırov Ağsudan əvvəl Lerik rayonuna rəhbərlik edib.