• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

"Neftçi"nin sabiq baş məşqçisi: "Belə suallardan uzaqlaşıram"



Azərbaycan Premyer Liqası hələ ki, normal və maraqlı tempdə davam edir. Bir sıra nəticələr də bəlkə hardasa sürpriz sayıla bilər. Ancaq maraqlıdır, bu sona qədər davam edəcəkmi? Yoxsa sonda yenə gözlənilən komandalar lazım olan yerləri tutacaqlar azarkeşlər elə də qeyri-adi sonluq görməyəcək? 

Veteran futbolçu, U-18 millimizin baş məşqçisi Elxan Abdullayev Qaynarinfo-ya açıqlamasında davam edən ölkə çempionatı ilə bağlı fikirlərini bölüşüb, klubları dəyərləndirib:

"Çempionat maraqlı keçir, rəqabət var. Bu gün heç kim hansısa oyuna proqnoz verə bilməz. Əvvəlki çempionatlarda, məsələn, lider autsayderlə oynayanda nəticəni 90 faiz düzgün proqnozlaşdırmaq olurdu. İndi belə deyil. "Qarabağ” istisna, qalan komandalar aşağı-yuxarı eyni səviyyədədir. Bu üzdən çempionat daha maraqlı keçir”.

Klubların eyni səviyyədə olduğunu bildirən Abdullyev bu səbəbdən Premyer Liqadakı bəzi nəticələri sürpriz hesab etməyib:

"Sürpriz necə olur? Keçmiş çempioatlarda autsayder səfərdə lideri udanda bu sürpriz nəticə hesab edilirdi. İndi hər oyunda belə nəticə qeydə alına bilər, ona görə də sürpriz sayılmır. Bir neçə oyun olsa, bunu dilə gətirə bilərik. Hazırda isə belə matçların sayı artır”.

Mütəxəssis ayrı-ayrı klubların durumlarını da dəyərləndirib:

"Zirə” güclənib, pis futbol göstərmir. Xal məsələsinə baxanda, o demək deyil ki, "Qarabağ” zəifləyib. Sadəcə, bilirik ki, "Qarabağ” Avropa Liqasına üstünlük verir. Səfər oyunları, güclü rəqiblərlə qarşılşamalar olur. Bəzi rotasiyalar edir. Yenə də fikrimdə qalıram, "Qarabağ” digər klublardan göz görə-görə üstündür. 

"Sabah”la bağlı suala bir neçə dəfə cavab vermişəm. Bu komandanı "Qarabağ”la müqayisə etmək düzgün deyil. Çünki komanda illərlə komplektləşib. "Sabah”a isə vaxt lazımdır. Bəs nəyə görə fərqlənir? Məsələn, "Qarabağ” mövsüm ərzində bir-iki transfer edir. Çatışmazlıqla üz-üzə qaldıqları mövqelərə futbolçu tapırlar. "Neftçi”, "Sabah” və digərləri isə 7, 8 10 transfer edir. Bunlardan nə gözləyə bilərsən ki? Futbolçu uyğunlaşmalıdır, bu da vaxt aparır. Bu komandaların məhz "Qarabağ”la rəqabət aparacağını gözləmək mümkün deyil. "Sabah” iki ən önəmli futbolçusunu - Mikelslə Kaşuku itirdi. Hansı ki, ötən mövsüm iki nəfərə 30-dan çox qol vurmuşdular. İndi "Sabah”da onların heç 50 faizini əvəz edən futbolçu yoxdur. Ona görə də çətinlik çəkirlər. Bu gün "Sabah”ın problemi qol vurmaqla bağlıdır”.

Abdullayev sabiq komandası "Neftçi”yə də toxunub. O komandanın arzuolunmaz vəziyyətə düşməsini belə izah edib:

"Neftçi”nin 22 xalı var. Üçüncü yerdə gedən komandanın isə 23 xalı var. Elə də böyük fərq yoxdur. Bir-iki oyunda qələbə qazansa, yuxarı pillələrə qalxacaq. Cədvəl sıxdır. Hazırda "Neftçi” sabit oyun göstərmir. Bu gün komandadan daha yaxşı oyun və nəticə gözləyirik. "Neftçi” birdən-birə 10-dan çox transfer edib. Belə olan halda ondan nə gözləyək?"

Abdullayev həmkarı Adrian Mutu haqda fikir bildrmək istəməyib, amma bu kluba gələn bütün məşqçilərin tənqid olunduğunu vurğulayıb:

"Məşqçi ilə bağlı müzakirə aparmaq istəməzdim. O mənim həmkarımdır. Belə suallardan uzaqlaşıram. Onu "Neftçi” rəhbərliyi gətirib və qarşısına hansısa hədəfləri qoyublar. "Neftçi”də hər bir məşqçi tənqid olunub. Çünki daha böyük nəticə gözləyirlər. Səbrli, möhkəm olsun, daha yaxşı işləsin. Bu gün tənqidlər varsa, sabah xoş sözlər də ola bilər. Zamanla daha yaxşı işləməlidirlər. "Neftçi”nin potensialı var, ancaq öz yerini tutmur. Hazırda "Neftçi”ni "Səbail”lə, "Araz-Naxçıvan”la müqayisə edirik. Çünki turnir cədvəlində onlar daha yuxarıdadır. Əlbəttə, bu xoşagəlməz haldır. Halbuki büdcə, futbolçular və məşqçilər baxımından "Neftçi” bu klublardan daha üstündür. Gələcəkdə çatışmazlıqların aradan qaldırılmasını hamımız istəyirik”.

Maraqlıdır, Elan bəy mövsümün sonunu necə görür?

"Proqnoz vermək çox çətindir, çünki sabah nə olacağını bilmirik. "Sumqayıt” bu gün üçüncü yerdədir. Baxmayaraq ki, komandanın potensialı "Sabah” və "Neftçi”dən qat-qat aşağıdır. Söhbət maliyyə və transferlərdən gedir. Sabah "Sumqayıt” 4-5 yaxşı transfer etsə, istədiyi yeri tuta bilər. İndi "Neftçi”də və "Sabah”da o potensial var. Düşünürəm ki, bu komandalar turnir cədvəlində yuxarı pillələrə qalxacaq”, deyə Abdullayev bildirib.

ƏN ÇOX OXUNANLAR

  • 102
İki rayonda qaz olmayacaq
0.0936119556427