• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Bu gün Cəfər Cabbarlının doğum günüdür - FOTO



Bu gün Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı-dramaturq, şair, ictimai xadim, Azərbaycan SSR Əməkdar incəsənət xadimi Cəfər Cabbarlının doğum günüdür. Böyük ədibin anadan olmasından 125 il ötür.

Ölkə.Az xatırladır ki, Cəfər Cabbarlı 1899-cu il martın 20-də Xızı kəndində yoxsul kəndli ailəsində anadan olub. Atası Qafar Cabbarlı kömürçü işləyib. Anası Şahbikə xanım isə evdar qadın olub. Lakin görmə qabiliyyətini itirdikdən sonra ailə məcburiyyət qarşısında Bakıya köçərək, “dağlı məhəlləsi” adlanan yerdə yaşamağa başlayıb. C.Cabbarlının üç yaşı olanda atası vəfat edib və ailənin yükü anası Şahbikə xanımın üzərinə düşüb.

O, imkanlı ailələrin paltarlarını yuyub, çörək bişirərək C.Cabbarlını dini məktəblərə qoyub. Cəfər ara-sıra Xızıya gedib, orada aşıqsayağı şeirlər yazan bibisi Zərnişanla, dağ kəndlərindəki qohumları ilə görüşüb. Şahbikə xanım Cəfəri təhsildən məhrum etməmək üçün, əvvəlcə məhəllə mollasının yanında “çərəkə” oxumağa, bir müddət sonra isə molla Qədirin yanına Quran oxumağa qoyub. Mollaxananın ona bir şey vermeyəcəyini başa düşən Cəfər başqa uşaqlarla birlikdə 1905-ci ildə Hacı Məmmədhüseyn Bədəlovun şəxsi mülkündə açılan üçsinifli 7-ci müsəlman və rus məktəbinin birinci sinfinə daxil olub.

Cəfərin ilk müəllimləri pedaqoq-yazıçı Süleyman Sani Axundov, Abdulla Şaiq, Rəhim bəy Şıxlinski, Əliməmməd Mustafayev olublar. Cəfər Cabbarlı 1908-ci ildə məktəbi bitirərək bir müddət ailəyə kömək edib. Sonralar Bakıda Alekseyev adına 3-cü ali ibtidai məktəbdə oxuyub. 1915-ci il aprelin 2-də Cəfər bu məktəbi də bitirib.

1915-ci ildə Bakı Politexnik Məktəbinin elektromexanika şöbəsinə daxil olan yazıçı 1920-ci il mayın 6-da təhsilini başa vuraraq şəhadətnamə və attestat alıb. Sonra Azərbaycan Dövlət Universitetinin Tibb fakültəsinə daxil olub. Lakin o, ərizə yazıb həmin fakültədən çıxıb. 1923-cü ilin sentyabrından Cabbarlı səhnə aləmi və teatr tarixi ilə yaxından tanış olmaq məqsədilə Bakı Türk Teatr Məktəbində mühazirələrə qulaq asmağa başlayıb. Eyni zamanda 1924-cü ildə Azərbaycan Dövlət Universitetinin Şərq fakültəsinin tarix şöbəsində də təhsilini davam etdirib.

1915-1920-ci illər Cəfər Cabbarlının təkcə tələbəlik illəri deyil, ədəbiyyata, sənətə gəldiyi dövr olub. O, bir-birinin ardınca “Vəfalı Səriyyə, yaxud göz yaşları içində gülüş”, “Solğun çiçəklər”, “Nəsrəddin şah”, “Trablis müharibəsi və ya Ulduz”, “Ədirnə fəthi”, “Bakı müharibəsi”, “Aydın” əsərlərini qələmə alıb, lirik və satirik şeirlərlə, bir sıra hekayələrlə müxtəlif mətbuat orqanlarında çıxışlar edib.

(Gənclik illərində Cəfər Cabbarlı)

Cəfər Cabbarlı 1922-ci ildə əmisi qızı Sona xanımla ailə həyatı qurub. Bu evlilikdən onun Aydın və Gülarə adlı iki övladı dünyaya gəlib. Onun 1924-cü ildə anadan olan böyük oğlu Aydın Cabbarlı tibb elmləri namizədi olub. Qızı Gülarə Cabbarlı isə filoloq, həmçinin Cəfər Cabbarlının ev-muzeyinin direktoru olub.

Cabbarlı ədəbiyyata şeirlə gəlib və ilk mətbu şeirləri 1911-ci ildə “Həqiqəti-Əfkar” qəzetində dərc olunub. 1915-ci il aprel ayının 3-də “Məktəb” jurnalının 6-cı nömrəsində onun “Bahar” adlı şeiri nəşr olunub.

“Məktəb” jurnalı tutduğu mövqe və məktəblilər arasında geniş yayılması ilə C.Cabbarlını da özünə cəlb edə bilib. C.Cabbarlının yaradıcılığa başlamasında “Məktəb” jurnalının da müəyyən rolu olub.

Gənc Cabbarlı hələ uşaq yaşlarından insanların ağır vəziyyətini, cəmiyyətin yoxsullara və varlılara bölündüyünü görüb, ağır, məşəqqətli həyat içərisində yaşamasını müşahidə edib və bütün bunları qələmə almağa, onlara öz münasibətini bildirməyə çalışıb. Ayrı-ayrı ailələrin ağır vəziyyəti onu düşündürüb. O, düşündüklərini “Boranlı qış gecəsi”, “Bayram saxlayanlara”, “Dilənçi” və “Novruz bayramına hazırlaşan müsəlmana töhfə” kimi şeirlərində əks etdirib.

Cabbarlı yaradıcılığa şeirlə başlasa da, ən məşhur əsərlərini dramaturgiya janrında yazıb və Azərbaycan dramaturqu və teatr xadimi kimi tanınıb. Xalqın tərəqqisinin ana xəttini mədəniyyətin, teatrın inkişafında görən sənətkar bir-birinin ardınca gözəl səhnə əsərləri yaradıb, eyni zamanda incəsənətin müxtəlif sahələrində də fəaliyyət göstərib.

C.Cabbarlının “Oqtay Eloğlu”, ”Gülzar”, ”Dilarə”, ”Dilbər”, ”Sevil”, “Almaz”, “Yaşar”, “Dönüş” və s. kimi pyes və hekayələri teatr səhnələrində tamaşaya qoyulub, ssenariləri əsasında bədii filmlər çəkilib.

Cəfərin əlyazmaları içərisində hələ tamamilə bitməmiş, məktəbli xətti ilə yazılmış bir neçə şeir, hekayə, opera mətni və hətta roman da qalıb.

C.Cabbarlı çox qısa ömür yaşayıb. Onun həyat yoldaşı Sona xanım xatirələrində yazır ki, “Cəfər səhhətinin pozulduğuna baxmayaraq, çox gərgin işləyirdi. Ömründə bircə dəfə də kurorta, ya sanatoriyaya getməmişdi. Hətta bağa, yaylağa da getməyə vaxt tapmırdı; gələndə də ancaq işləmək üçün, yazmaq üçün gəlirdi. İşə aludəliklə sarılması, get-gedə şiddətlənməkdə olan ürək xəstəliyinə əhəmiyyət verməməsi nəticəsində C.Cabbarlı çox zəiflədi və 1934-cü ilin sonunda, dekabrın 31-də, səhər saat 4-də ürək iflicindən vəfat etdi”.

C.Cabbarlının cəsədi Semaşko adına xəstəxanaya aparılıb. Beyni yarılmadan Moskvaya beyin üzrə tədqiqat institutuna göndərilib. Nəticədə, onun ürək iflicindən dünyasını dəyişdiyi deyilib. Lakin ədibin qəfil ölümü ilə bağlı söz-söhbət uzun müddət səngimək bilməyib. Cəfər Cabbarlı ilə xalqın son vida mərasimi 1935-ci il yanvarın 2-də İsmailiyyə binasında keçirilib. Böyük bir izdiham sənətkarı son mənzilə, Fəxri xiyabana yola salıb.

(Cəfər Cabbarlının dəfn günü)

“ARB Aranfilm” Yaradıcılıq Mərkəzi tərəfindən görkəmli dramaturq Cəfər Cabbarlının anadan olmasının 120 illiyi münasibətilə “Zülmətdən doğan işıq” adlı bədii-sənədli film ekranlaşdırılıb. Filmdə Cəfər Cabbarlı rolunu Sumqayıt Dövlət Teatrının aktyoru Şəmistan Süleymanlı canlandırıb.

C.Cabbarlının xatirəsini əziz tutan ailəsi və tədqiqatçıları böyük yazıçı və sənət adamının 100 illik yubileyi ərəfəsində ədəbiyyat, elm, musiqi və incəsənət sahələrində fərqlənən şəxsləri təltif etmək üçün “Cəfər Cabbarlı mükafatı”nı təsis ediblər.

Cəfər Cabbarlı mükafatı ilk dəfə 1999-cu ildə, ikinci dəfə isə 2010-cu ildə təqdim edilib.

ƏN ÇOX OXUNANLAR

0.018902063369751