- 7
ENDİRİLİR
ENDİRİLİR
Bu gün Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb.
“Ermənilər kəndə xəbər göndərirlər ki, əgər çıxmasanız, gəlib sizi yandıracağıq” adlı veriliş Zəngəzur mahalının Gorus rayonunun Şurnuxu kənd sakini Elza Həsənovanın həyat hekayəsinə həsr olunub.
O, uşaqlıq illərindən söz açıb, Kəpəz dağının ətəyində, Şurnuxu çayının sahilində yerləşən kəndin dörd tərəfdən meşələrlə əhatə olunduğunu, çox gözəl təbiəti olduğunu deyib: “Uşaqlığım çox gözəl keçib. Xoş xatirələrim çoxdur. Düzənliyə, yaylaqlara, dağlara çox gedərdik”.
Onun sözlərinə görə, ermənilər 1988-ci ildə daha da fəallaşmışdılar:
“1988-ci ilin noyabrın ortaları idi. Ermənilər Qubadlının Eyvazlı kəndini yandırdılar və orda bir neçə nəfər yaralanmışdı. Bizim kəndə də xəbər göndərdilər ki, əgər çıxmasanız biz gəlib sizi də o kənd kimi yandıracağıq. Noyabrın 22-də silahlı ermənilər kəndə yaxınlaşırdılar. Məcburən insanlar kənddən çıxmalı oldular. Qubadlının Seytaz kəndinə getdilər, ordan Qubadlının özünə gəldilər. Ordan da hərə bir tərəfə pərən-pərən oldu. Demək olar ki, hər şeylərini qoyub çıxdılar”.
E.Həsənova o dövrdə ermənilərin törətdiyi bir çox vəhşilikləri, hadisələri xatırladıb, insanların qətlə yetirildiyini, döyüldüyünü, əzab-əziyyətə düçar edildiyini söyləyib: “Ana babama “qırmızı partizan” deyərdilər. Onun bir anası var idi. Qolunun dirsək hissəsində deşik var idi. Biz uşaq idik, bilmirdik nədir. Həmişə gedib əlimizi vururduq ki, Xeyri qoca bu nədir? O qocamızın hardasa 110-dan çox yaşı var idi. O kövrələrdi və deyərdi ki, məndən uzaq gedin və bir bayatı deyərdi. Babam söyləyərdi ki, ermənilər 1905-ci ildə Başaracür kəndinə hücum edəndə çox insanları qətlə yetiriblər. Qalanları qaçmaq istəyəndə babamızın bacısını öldürüblər. Güllə atanda güllə Xeyri qocanın qolunu deşir. Bax, o, ermənilərdən qalan bir nişanə idi”.
O, kövrələrək Vətən həsrətinin heç vaxt yaddan çıxmadığını deyib:
“Çox istərdik yenidən qayıdaq. Kəndimizi, uşaqlığımı, evimizi, gəzdiyimiz yerləri, oxuduğum məktəbi, sinif yoldaşlarımı görmək istəyərdim. İnanıram ki, Ali Baş Komandanın rəhbərliyi ilə 32 il işğal altında olan torpaqlar mərd, igid, cəsur oğullar azad etdiyi kimi, bir gün də Zəngəzuru azad edəcəklər və ora qayıdacağıq. Ən çox istədiyim doğma evimizi görməkdir, xarabalığa çevrilən babalarımızın uyuduğu qəbiristanlığı ziyarət etməkdir. Ermənilərin qurutduğu o şəlalənin həzin şırıltısını eşitməkdir. Ən böyük arzum evimizin həyətindən bir ovuc torpağı gətirib atamın-anamın məzarına tökməkdir. Əminəm ki, biz doğma yurdumuza qayıdacağıq”.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Ətraflı süjetdə: