"Hypers" yeni mövsümdən II Liqada mübarizə aparacaq.
Pley-offda "Şəfa"nı məğlub edən Vüqar Nadirovun komandası yeni turnirə vəsiqə qazandı. Tarixi uğurla bağlı fikirlərini öyrənmək üçün oynayan-məşqçi ilə əlaqə saxladıq. "Hypers"in çalışdırıcısı Offsideplus.az-a açıqlamasında bunları söylədi:
“II Liqaya çıxmağı çox istəyirdik. Əslində Region Liqasının finalında qalib gələrək II Liqaya yüksəlmək istəyirdik. Amma qismət belə oldu. Artıq onu yaddan çıxartmışıq. Bütün komandamı çempion kimi qəbul edirəm. Bizim məqsədimiz II Liqaya yüksəlmək idi. Düzdür, UEFA Region Kubokuna vəsiqə qazana bilmədik. Əsas odur ki, hədəfimizə çatdıq. Hər şey qabaqdadır. Mərhələli şəkildə böyüyürük".
Redaksiyamıza daxil olan məlumata görə, komanda gələn mövsümdən Qubanı təmsil etmək istəyir. Bu səbəbdən də "Hypers" bölgəyə köçmək niyyətindədir. Məlumatın doğru olub-olmadığını Vüqar Nadirovdan soruşduq:
"Quba məsələsi doğrudur. Belə bir variant var. Onun üzərində işləyirik. Biz də istəyirik ki, rayonlarda futbol inkişaf etsin, orada çıxış edək. Burada azarkeş amili də var. Tərəfdaş nə qədər çox oldu, futbolçular bir o qədər motivasiya olurlar. İnşallah, hər şey yaxşı olacaq. Çalışacağıq ki, II Liqada “Hypers”i yaxşı təmsil edək”.