• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Qərbi Azərbaycan Xronikası: "Qayaüstü rəsmlər elat mədəniyyətinin təsviridir" - VİDEO



Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "Göyçə gölünün ətrafı Oğuz tayfalarının məskunlaşdığı əsas ərazi olub" adlı veriliş efirə gedib.

Verilişdə fəlsəfə doktoru Qalib Qasımov Qərbi Azərbaycanda qayaüstü təsvirlər, Göyçə, eləcə də Zağalı kəndi ilə bağlı maraqlı faktlar açıqlayıb.

O bildirib ki, Göyçənin rus işğalından sonra yerli əhalisi köçürülüb yerinə ermənilərin yerləşdirildiyi birinci kənd Zağalı olub:

"Burada köçürmə siyasətin əsas hədəfi bu ərazilərin qədim tarixi ilə bağlıdır. Qazıntılar aparan rus alimləri ermənilərin saxta tarixini yaratmağa başlayıblar. Lakin Göyçədə tapılan artefaktlar bu tarixi alt-üst edir".

Onun sözlərinə görə, XIX əsrdən başlanan Qərbi Azərbaycanı erməniləşdirmə siyasəti abidələrdən başlayıb.

Q.Qasımov vurğulayıb ki, Göyçə gölünün ətrafı Oğuz tayfalarının məskunlaşdığı əsas ərazi olub:

"Qərbi Azərbaycan boyunca yayılan qayaüstü təsvirlərə Altayda, Asiyada da rast gəlinir. Bu rəsmlər elat mədəniyyətinin təsviridir. Təsvirlər uca yerlərdə çəkilib, hündürə qalxıb ayinlər, rituallar icra edilib. Geğam dağları Azərbaycan qədim tayfalarının yaylaq yerləri olub. Tapılan nümunələr avtoxton bir xalqın qədim irsinin göstəricisidir. Burada türklərə məxsus Ata kultuna aid sübutlar çoxdur".

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı Baku TV-nin süjetində:

 

ƏN ÇOX OXUNANLAR

0.031409978866577