- 7
ENDİRİLİR
ENDİRİLİR
Azərbaycanda nəşriyyat və mətbəə xidmətləri göstərən aparıcı şirkətlərdən birinin – “Şərq-Qərb” ASC-nin (VÖEN - 2000043631) xalis mənfəəti 2 dəfədən çox azalıb.
Yeniavaz.com ASC-nin sonuncu maliyyə hesabatına istinadən bildirir ki, “Şərq-Qərb” 2023-cü ildə 648 min 449 manat xalis mənfəət əldə edib.
Müqayisə üçün bildirək ki, ASC-nin xalis mənfəəti 2022-ci ildə 1 milyon 393 min manat, 2021-ci ildə isə 1 milyon 153 manat olub.
Onu da qeyd edək ki, 2022-ci illə müqayisədə ötən il “Şərq-Qərb”in ümumi gəlirlərində ciddi azalma olmayıb. ASC 2022-ci ildə 13,2 milyon manat, 2023-cü ildə isə 12,2 milyon manat gəlir əldə edib. Mənfəətin kəskin şəkildə azalmasının əsas səbəbi inzibati xərclərin əvvəlki illə müqayisədə 3,6 dəfə artaraq 2,2 milyon manata yüksəlməsidir.
Məlumat üçün bildirək ki, “Şərq-Qərb” ASC 14 sentyabr 2001-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 589 min 879 manat olan ASC Əhmədli qəsəbəsi, Aşıq Ələsgər küçəsi, ev 17 ünvanında yerləşir.
ASC ilə eyni ünvanda “Şərq-Qərb Mülk” MMC, “Şərq-Qərb Nəşriyyat Evi” MMC və “Qlobal East West” MMC də yerləşir.
Qeyd edək ki, bu ünvanda vaxtı ilə 4 nömrəli Bakı Kitab Mətbəəsi fəaliyyət göstərib. 2001-ci ildə özəlləşdirilərək “Şərq-Qərb” ASC-yə çevrilib.
“Şərq-Qərb” ASC-nin səhmlərinin 96%-i Mehdiyev Teymur Ramiz oğluna məxsusdur. Reyestr məlumatlarında Mehdiyev Teymur Ramiz oğlunun qeydiyyat ünvanı Bakı şəhəri İstiqlaliyyat küç., ev 9, m. 31 göstərilir ki, həmin ünvanda həm də Prezident Aparatının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyev qeydiyyatdadır.
Qeyd edək ki, Ramiz Mehdiyevin yeganə oğlu general-mayor Teymur Mehdiyev hal-hazırda Fövqəladə hallar nazirinin müavinidir.
“Şərq-Qərb” nəşriyyatı əsasən Elm və Təhsil Nazirliyinin kitab (dərslik) çapı ilə bağlı keçirdiyi tender müsabiqələrində qalib olur.
Onu da bildirək ki, bir neçə il əvvəl Hesablama Palatası Baş Prokurorluğa müraciət edib ki, 2019-cu ildə AMEA ilə “Şərq-Qərb” ASC arasında imzalanan 10,4 milyon manatlıq müqavilədə cinayət tərkibi olduğu üçün istintaq başlatsınlar. Hesablama Palatasının haqqında bəhs etdiyi müqavilə imzalanan zaman Ramiz Mehdiyev AMEA-nın prezidenti olub.
Elnur Əli