"Akhmed Fruit Company" şirkətinin sahibi, iş adamı Aydın Musayev ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin keçmiş idarə rəisləri Akif Çovdarovla Akif Əliyevi məhkəməyə verib.
Qaynarinfo.az xəbər verir ki, iş adamının iddia tələbi maddi ziyanın ödənilməsi ilə bağlıdır.
İddiaya Nərimanov Rayon Məhkəməsində baxılacaq. İş hakim Aytən Novruzovanın icraatındadır.
Aydın Musayev əsasən Rusiyada fəaliyyət göstərir. O, 2015-ci ildə MTN əməkdaşları tərəfindən saxlanılıb.
Akif Çovdarov və digərlərinin cinayət işinin məhkəmə istintaqı zamanı Aydın Musayevin verdiyi ifadədən məlum olur ki, o, saxlanılandan sonra Akif Əliyevin yanına gətirilib. Akif Əliyev onu həbslə hədələyib. Daha sonra isə məlum olur ki, Aydın Musayevin saxlanılması əslində ondan pul qopartmaq üçündür.
İş adamından əvvəlcə 500 000 manat tələb edilib. Lakin Aydın Musayev bu məbləği verə bilməyəcəyini deyib. Bundan sonra ondan 150 000 manat alınıb. Bildirilib ki, əlavə olaraq da 150 000 manat ödəyəndən sonra tam sərbəst ola bilər.
Aydın Musayev bu pulu da ödəyib. Bir neçə gün sonra MTN-də əməliyyat keçirilib. İş adamı bundan xəbər tutan kimi Akif Əliyevlə əlaqə saxlayıb və pullarını geri istəyib. MTN-nin sabiq əməkdaşı isə ona yalnız 75 000 manat qaytarıb.
Əldə etdiyimiz məlumata görə, Aydın Musayevin iddia tələbi əslində yerdə qalan məbləğin qaytarılması ilə bağlıdır.
Akif Çovdarov MTN-nin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi vəzifəsində işləyib. Akif Əliyev də MTN-nin idarə rəisi olub.
Hər iki şəxs 2015-ci ildə "MTN işi" ilə bağlı məhkumluq həyatı yaşayıb.