- 5
ENDİRİLİR
ENDİRİLİR
Sumqayıtda məşq zamanı 7 yaşlı uşağı öldürməkdə təqsirləndirilən idmançı Mehman Xəlilovun barəsindəki qərardan kassasiya şikayəti verilib.
Pravda.az xəbər verir ki, şikayət Ali Məhkəmənin hakimi Rəşad Abdulovun sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.
Xatırladaq ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mehman Xəlilov 19 il müddətinə azadlıqdan məhrum edilib. Sumqayıt Apellyasiya Məhkəməsi isə şikayəti təmin etməyib.
İttihama görə, 2023-cü il aprelin 29-da 2016-cı il təvəllüdlü Fərid Bakarovun Sumqayıt Şəhər Uşaq Xəstəxanasında ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. İlkin araşdırma zamanı 1994-cü il təvəllüdlü Mehman Xəlilovun Sumqayıt şəhəri ərazində yerləşən məktəblərdən birində sambo idman növü üzrə keçirilən məşq zamanı Fərid Bakarova xəsarətlər yetirməsi nəticəsində sonuncunun həmin xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərərvurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Mehman Xəlilov iş üzrə şübhəli şəxs qismində tutulub.
Qeyd edək ki, Sumqayıt Şəhər Məhkəməsində Mehman Xəlilov barəsindəki 4 aylıq həbs qətimkan tədbiri seçilib. Təqdimata baxılarkən Mehman Xəlilov özünü təqsirli bilmədiyini, uşağın ölümündə günahkar olmadığını deyib. Mehman Xəlilov ilkin olaraq Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə təqsirli bilinib. Daha sonra ona Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.