• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Bakıda biznesmen qardaşı oğlu tərəfindən qətlə yetirildi



Bakının Xətai rayonunda 1984-cü il təvəllüdlü Elməddin Fətullayev şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı əmisi, 1971-ci il təvəllüdlü Arif Fətullayevi qətlə yetirib.

Demokrat.az-ın məlumatına görə, Elməddin uzun müddətdir danışmadığı əmisi Arif ilə 17 oktyabr 2023-cü ildə avtomobil təmiri sexinin qarşısında, bir gün əvvəl aldığı avtomobillə bağlı mübahisə edib.

Elməddin həmin vaxt onu və ailə üzvlərini ağır söyüşlərlə təhqir edən əmisi ilə mübahisəni davam etdirərək avtomobil təmiri sexindən bıçaq götürüb və onun üzərinə gəlib. Təkrarən onun və ailə üzvlərinin ünvanına təhqiramiz ifadələri, nalayiq söyüşləri söyləməkdə davam edib, digər əmisi tərəfindən oradan kənarlaşdırıldıqdan sonra Elməddin avtomobilinin yük yerində saxladığı odlu ov tüfəngini götürərək geri qayıdıb.

O, həmin gün sexin içərisində tək olan Arifə yaxınlaşaraq tüfəng ilə əmisinə atəş açıb. Arif aldığı güllə yarasından vəfat edib.

Hadisəni törədən Elməddinin barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elməddin ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib.

O qeyd edib ki, Arif onun doğma əmisi olub:

"Arif Xətai rayonu, NZS qəsəbəsində öz ailə üzvləri ilə birlikdə yaşayıb, avtomobil alqı-satqısı ilə məşğul olub. Mən digər əmim Ümidvara məxsus avtomobil təmiri sexində işləmişəm. Mən, atam Yunis və digər əmim Ümudvar Ariflə uzun müddətdir ki, danışmamışıq. Buna səbəb Arifin bizimlə düşmənçilik etməsi və davamlı olaraq aramızda mübahisə yaratmaq istəməsi olub. Ariflə bir neçə il əvvəl birlikdə toy məclisində olarkən onun tanımadığı qadına söz atması səbəbindən aramızda mübahisə baş verdi. Həmçinin mən Xətai rayonu ərazisində Arifə şillə ilə zərbə vurmuşam. Arif barəmdə Daxili İşlər Nazirliyinin (DİN) "102" xidmətinə müraciət edərək şikayət etdi. Sonradan şikayətini geri götürdüyü üçün araşdırmaya xitam verildi. Ümumiyyətlə mənimlə əmim Arif arasında münasibət daima gərgin olub".

Təqsirləndirilən şəxs qeyd edib ki, 2023-cü ildə atası Yunis, əmisi Sözalı və sonuncunun qudası Cavanşir ilə birlikdə atasına məxsus "Hyundai" markalı avtomobil ilə Oğuz rayonunun Yaqublu kəndinə toya gediblər:

"Oğuz rayonunda olarkən qohumum Xəyal mənə zəng edərək onun qonşusu Elgünün özünə məxsus avtomobili satdığını dedi. Mən də Xəyala əgər avtomobil yaxşı vəziyyətdədirsə, mənim üçün almağını dedim. Xəyal avtomobilin yaxşı vəziyyətdə olduğunu dediyinə görə almağa razılıq verdim. Telefon vasitəsi ilə qiymətində razılaşdıq. Xəyal daha sonra zəng edərək qardaşım kimi zənn etdiyi şəxsin avtomobili sürərək təmir sexinin qarşısına gətirdiyini dedi. Mən də qardaşım Elçinə zəng edərək avtomobili sexin qarşısına onun gətirib-gətirmədiyini soruşdum. Elçin isə Bəhruzla Arifin avtomobili oraya gətirdiyini dedi. Ona görə də Xəyala dedim ki, həmin şəxs mənim qardaşım yox, əmim Arifdir və onunla danışmırıq. Xəyal da Elgünə zəng edərək maşını geri gətirməsini tapşırdı. Arif həmin avtomobili almaq istəsə də, Elgün razılıq vermədiyi üçün buna nail ola bilmədi. Arif də həmin markalı avtomobillərin alqı-satqısı ilə məşğul olub. Həmin gün şəxsiyyət vəsiqəmin şəklini Xəyala telefon vasitəsilə göndərdim. Xəyal mənim üçün avtomobilə etibarnamə aldı və sonuncu arvadım Şəbnəmdən avtomobilin alış qiyməti olan 6 540 manat pulu alaraq Elgünə verdi".

Elməddinin sözlərinə görə, növbəti gün saat 14 radələrində atasının avtomobili ilə Oğuz rayonundan Bakı şəhərinə qayıdıb:

"Atamın avtomobilinin yük yerində mənə məxsus paltarlar və şəhadətnamə əsasında istifadə etdiyim ov tüfəngi olub. Həmin ov tüfəngini 17 yanvar 2017-ci ildə almışam və daimi olaraq öz yaşadığım evdə saxlamışam. Oğuz rayonuna getdiyim üçün silahı rayonda həvəskar ovçuluq etmək məqsədi ilə özüm ilə aparmışam və rayonda ov etmişəm. Bakı şəhərinə qayıtdıqdan sonra atamın avtomobilinin yük yerində olan bütün əşyalarımı, eləcə də ov tüfəngini yeni satın aldığım maşının yük yerinə yerləşdirdim və avtomobilə baxış keçirdikdən sonra qaynım Həsənalıgilə getdim. Orada yemək yedim.

Oğlum Davudu həmin avtomobil ilə saat 15 radələrində hazırlığa yola saldıqdan sonra Xətai rayonu, Süleyman Əhmədov küçəsi 17 ünvanında yerləşən əmim Ədalətin evinin qarşısına gəldim. Həmin yerdə adətən qardaşlarım, dostlarım ilə toplaşaraq vaxt keçirmişəm. Sonradan bildim ki, əmim Arif və şəriki Bəhruz mənim almaq istədiyim maşını qaynım Həsənalının evinin yanında görüb və avtomobilin satılıb-satılmadığını Xəyal və Elgündən soruşub. Xəyal da elə zənn edib ki, Arif qardaşımdır, avtomobilə baxmaq üçün mən göndərmişəm. Odur ki, Arif avtomobili sürərək öz işlədiyi sexin qarşısına gətirib".

Elməddin bildirib ki, dərhal əmisinin çalışdığı sexə gedib və Arif ona yaxınlaşaraq ağır söyüşlərdən istifadə edib:

"Mən də söyüşlə qarşılıq verdim. Bu zaman digər əmim oraya gəldi və bizi sakitləşdirməyə çalışdı. Arif avtomobil təmiri sexinə getdi. Mən isə yolun kənarında dayandım. Bu zaman əmim Arif avtomobil təmiri sexindən uzun tiyəli bıçağı götürərək üzərimə hücum çəkdi. Əmim Ədalət və orada olan əvvəllər tanımadığım şəxs bizi araladı. Arif yenidən təmir sexinə qayıtdı. Əmim Ədalət isə məni öz avtomobilimə əyləşdirərək oradan uzaqlaşmağımı tapşırdı. Mən də əsəbi halda öz avtomobilim ilə bir qədər irəli getdikdən sonra maşının yük yerində ov tüfəngi olduğunu xatırladım. Sonra ov tüfəngini maşının yük yerindən götürərək sexə yollandım. Həmin vaxt Arif orada tək idi. O, əlimdəki silahı görərərk ona atəş açmağımı dedi, yenə söyüş söyərək atəş açmaq üçün məni təhrik etdi. Mən də əlimdəki ov tüfəngi ilə Arifi qorxutmaq məqsədi ilə sexin qapısının yanında dayanaraq ona təxminən 5-6 metr məsafədən üç qırma gülləsi ilə atəş açdım. Mən silahı üzüaşağı tutdum, güllənin birini sağ tərəfdən atdım. Arif mənə əl atdı, söyüş söydü, üstümə addımladı. Həmin vaxt mənim əlim tətikdə olub. Bilmədən atəş açıldı, atdığı qırmalar Arifin bədəninin müxtəlif nahiyələrinə dəydi. Əsəbi olduğum üçün öz avtomobilimə oturaraq yaşadığım evə getdim. Arifin oradan kimin vasitəsilə xəstəxanaya çatdırılması barədə məlumatım olmayıb. Bir neçə dəqiqə sonra öyrəndim ki, Arif almış olduğu xəsarətlər nəticəsində çatdırıldığı xəstəxanada ölüb. Mən də polis idarəsinə gedərək törətdiyim cinayəti etiraf etməklə könüllü təslim oldum".

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Elməddin əməli Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edilib. O, 12 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Hökmdən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti verib. O, şikayətində əməlini Cinayət Məcəlləsinin 122.1-ci (zərərçəkmiş şəxs tərəfindən edilən zorakılıq, ağır təhqir və ya sair qanunsuz və ya əxlaqsız hərəkətlər (hərəkətsizlik) nəticəsində, habelə zərərçəkmiş şəxsin mütəmadi qanunsuz və ya əxlaqsız davranışı ilə əlaqədar yaranmış uzun sürən dözülməz psixi şərait nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində qəsdən adam öldürmə) maddəsinə tovsif edilməsini, cəzasının yüngülləşdirilməsini istəyib.

Həmçinin hökmdən dövlət ittihamçısı da apellyasiya protesti verib. Dövlət ittihamçısı təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılmasını istəyib. Həmçinin eyni tələblə zərərçəkmiş tərəfdə apellyasiya şikayəti verib.

Tərəflərin şikayəti araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib. Şikayətləri araşdıran hakimlər heyəti sonda qərar elan ediblər. Qərara görə, tərəflərin şikayətləri təmin edilməyib, hökm qüvvəsində saxlanılıb.

ƏN ÇOX OXUNANLAR

  • 10
"Qarabağ"da ciddi itki
0.016571044921875