• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

"Quska" məhkəməyə belə qoşuldu 



Keçmiş deputat Hüseyn Abdullayevin yeni açılmış cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilməli olan bugünkü iclas Hüseyn Abdullayevin vəziyyəti ilə bağlı baş tutmayıb. 

Ötən həftəki qərara əsasən, Abdullayev video-konfrans vasitəsilə məhkəməyə qoşulub. O, vəkili Şəhla Hümbətova ilə birgə kamera qarşısına keçib. "Quska” hazırda özünü pis hiss etdiyini, tam sağalana kimi mühakimə edilmək istəmədiyini bəyan edib.

Bundan əvvəlki iclasda təqsirləndirilən şəxsin müalicə müəssisəsinə köçürülməsi haqda qərar qəbul edilmişdi. Qərarda o da qeyd olunurdu ki, ilkin müayinənin nəticəsi ilə bağlı məhkəməyə məlumat verilməlidir.

Amma bu günə kimi, nə məhkəməyə, nə vəkillərə həkim rəyi təqdim edilib.

"Quska”nın vəkilləri Ceyhun Yusifov, Cavad Cavadov, Şəhla Hümbətova bununla bağlı narazılıqlarını məhkəmənin diqqətinə çatdırıblar.

"Hüseyn Abdullayevin halını hamımız görürük. Görünən dağa nə bələdçi? Qərar var ki, şəxs ixtisaslaşmış həkimlər tərəfindən müayinə olunmalıdır. Çox təəssüf ki, Tibb Baş İdarəsi onun müayinəsini formal həyata keçirib. Şəxsin keyfiyyətli müalicə alıb sağlam mühakimə edilmək hüququ var. O, sağlam olub özünü müdafiə edə bilməsə, vəkillərin onu müdafiə etməsi formal xarakter daşıyacaq”-Ceyhun Yusifov deyib.

Vəkil Cavad Cavadov bu vəziyyətdə məhkəmə istintaqının davam etməsinin mənasız olduğunu bəyan edib. Vəkil qeyd edib ki, Avropa Məhkəməsi qaydalarının 39-cu bəndi əsasında təqsirləndirilən şəxsin təcili müalicəsi üçün müraciət edilib.

Şəhla Hümbətova H.Abdullayevin mülki xəstəxanada müayinə edilməsinə icazə verilməsi məsələsinə toxunub. Hakim deyib ki, çüalicə müəssisəsindən rəy gəldikdən sonra zərurət olarsa, bu məsələyə təkrar baxılacaq.

Prosesin gedişində məhkəmə zalında əyləşən "Quska”nın anası oğlunun stoldan başını qaldırmadığını görüb məhkəmədən oğlunun vəziyyətini nəzarətə götürməsini xahiş edib.

Sədrlik edən hakim Azər Tağıyev Zeynəb Abdullayevanı təsəlli edib, əlindən gələn hər şeyi edəcəyinə söz verib: "Heç nədən narahat olmayın, əlimdən gələni edəcəyəm. Mən özüm də maraqlıyam ki, şəxs sağlam mühakimə edilsin. Sizə söz verirəm, oğlunuzu sap-sağlam edəcəyəm”.

Hakim qısa müşavirədən sonra təqsirləndirilən şəxsin səhhəti ilə əlaqədar məhkəmə prosesinin davam edə bilməyəcəyini elan edib. 

Bu səbəbdən proses sentyabrın 5-nə kimi təxirə salınıb. 

Xatırladaq ki, H. Abdullayev 2018-ci ildə 6 il müddətinə azadlıqdan məhrum edilmişdi. Həmin müddət bu yaxınlarda başa çatıb. Lakin yeni cinayət işinə görə Abdullayev azadlığa çıxa bilməyib./Qafqazinfo.az

ƏN ÇOX OXUNANLAR

0.074311017990112