• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Avrokubokların Yeni Formatı: Daha çox oyun, daha çox gəlir



UEFA-nın 2022-ci ilin may ayında qəbul etdiyi qərara əsasən, bu mövsümdən etibarən avrokuboklarda yeni format tətbiq olunacaq. Çempionlar Liqası (ÇL), Avropa Liqası (AL) və Konfrans Liqasında (KL) qrup mərhələləri ləğv ediləcək. Onların yerinə hər turnir liqa formatında keçiriləcək.

Mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edirik.

Üç avrokubok yarışının hər birinin əsas mərhələsində 36 komanda iştirak edəcək, əvvəlki illərdə isə bu rəqəm 32 idi. Beləliklə, bu mövsümdən etibarən turnirlərin liqa mərhələsində oynamaq hüququ əlavə 12 komandaya da veriləcək. Eyni zamanda, turnirlər arasında əsas mərhələlər üzrə keçidlər əvvəlki qədər əhəmiyyətli olmayacaq. Əvvəllər ÇL-in qrup mərhələsində üçüncü yeri tutan komanda AL-də mübarizəni davam etdirmək imkanına malik idisə, qrup mərhələlərinin ləğv edilməsi ilə bu imkan aradan qalxacaq. Lakin təsnifat mərhələlərində keçidlər olduğu kimi qalacaq.

Komanda sayının artması ilə yanaşı, oyun sayında da artım olacaq. Məsələn, Çempionlar Liqasında əvvəllər hər iştirakçı minimum altı oyun keçirirdisə, bu mövsüm oyun sayı səkkizə çatacaq. 36 komanda püşkatma öncəsi reytinqlərinə görə dörd səbətə bölünəcək, hər səbətdə doqquz komanda yer alacaq. Hər klub hər səbətdən iki fərqli komanda ilə, dördü evdə, dördü səfərdə olmaqla səkkiz oyun keçirəcək. Ev-səfər prinsipləri də səbətlər əsasında müəyyənləşdiriləcək. Əvvəlki illərdə qruplar formalaşdırılanda klublar yalnız bir səbətdən bir komandaya rəqib ola bilirdisə, yeni mövsümdə eyni səbətdə yer alan kollektivlərlə də qarşılaşmalı olacaqlar. Bu, liqa formatında favoritlərin erkən mərhələlərdə qarşılaşmasını zəruri edəcək. Güclü komandalar yalnız nisbətən zəif rəqiblərlə deyil, bir-birləri ilə də qarşılaşacaqlar. Eyni zamanda, nisbətən zəif komandalar yalnız güclü rəqiblərlə yox, öz səviyyələrinə yaxın komandalarla da üz-üzə gələcəklər.

Liqada səkkiz turun sonunda ümumi turnir cədvəlinin 1-8-ci pillələrində qərarlaşan komandalar birbaşa 1/8 finala yüksələcəklər. 9-24-cü yerləri tutan komandalar isə 1/8 finala yüksəlmək üçün ev-səfər prinsipi ilə pley-off oyunları keçirəcəklər. 25-ci və daha aşağı pillələri tutan komandalar isə avrokuboklarda çıxışlarını başa vuracaqlar.

Avropa Liqasında da format Çempionlar Liqasındakı kimidir. Konfrans Liqasında isə bir fərq var: burada komandalar səkkiz deyil, altı fərqli rəqiblə qarşılaşacaqlar.

Liqa mərhələsində oyun sayının artması təqvimə də təsir edəcək. İlk dəfə olaraq, yanvar ayında avrokubok oyunları keçiriləcək. Çempionlar Liqası və Avropa Liqasının liqa mərhələsi oyunları sentyabr-yanvar ayları arasında, Konfrans Liqasının oyunları isə sentyabr-dekabr ayları arasında oynanılacaq. UEFA-nın üç klub yarışının hər birində bir eksklüziv matç həftəsi olacaq, və digər iki yarış bu həftələrə planlaşdırılmayacaq.

Standart həftələrdə Çempionlar Liqası qarşılaşmaları çərşənbə axşamı və çərşənbə günləri, Avropa Liqası və Konfrans Liqası görüşləri isə cümə axşamı günləri baş tutacaq. Çempionlar Liqasının eksklüziv həftəsində turnirin oyunları çərşənbə axşamı, çərşənbə və cümə axşamı günləri keçiriləcək. Avropa Liqasının eksklüziv həftəsində oyunlar çərşənbə və cümə axşamı günləri oynanılacaq. Konfrans Liqasının eksklüziv həftəsində isə turnirin oyunları yalnız cümə axşamı baş tutacaq.

Oyun sayının artması, daha çox reklam və yayım gəliri deməkdir, bu da UEFA-nın turnirlər üçün mükafatları artırması ilə nəticələnir. Böyük klubların UEFA-ya təzyiqləri, xüsusilə Çempionlar Liqasının Avropa Super Liqası ideyasına yaxınlaşması, klublara ödənəcək pulların artmasına səbəb olub.

Çempionlar Liqasının əsas mərhələsinə yüksələn hər klub təxminən 19 milyon avro qazanacaq. Artıq turnirin pley-off mərhələsində mübarizə aparan "Qarabağ" bu səbəbdən 4.3 milyon avro əldə edib. Liqa mərhələsində hər qələbə 2.1 milyon avro, heç-heçə isə 750 min avro qazanc gətirəcək. Turnirin qalibi isə büdcəsini əlavə 25 milyon avro ilə zənginləşdirəcək.

Avropa Liqasının qrup mərhələsində hər qələbə 450 min avro, heç-heçə isə 150 min avro dəyərindədir. Bu turnirin qalibi isə 13 milyon avro mükafat alacaq. Konfrans Liqasının əsas mərhələsində iştirak edən klublar 3.17 milyon avro qazanacaqlar. Azərbaycan təmsilçilərindən hazırda pley-off mərhələsində olan "Zirə" bu uğura çox yaxındır. Konfrans Liqasının qalibi isə yeddi milyon avro mükafata sahib olacaq.

Ümumi iştirakçı sayının artması Azərbaycan üçün də əlavə imkanlar yaradır. Son illər klublarımız Avropa Liqasından kənarda qalsa da, bu mövsümdən etibarən ölkə kubokunun qalibi Avropa Liqasında mübarizə aparmaq hüququ qazanıb. "Zirə" orada çıxış etdikdən sonra Konfrans Liqasına keçid etdi. Avropa Liqasından mübarizəyə başlamaq klublara əlavə şans verir, bu da son illər klublarımızın məhrum olduğu bir imkan idi. İştirakçı sayının artması nisbətən zəif futbol ölkələrinin maraqlarına uyğundur. Bu mövsüm pley-offda bir neçə debütantın olması bunun göstəricisidir. Mükafat fondunun artırılması isə böyük klubların işinə yarıyır.

Ümumilikdə, yeni formatın avrokubokları daha rəqabətli edəcəyi gözlənilir. İlk turlardan güclü komandaların üz-üzə gəlmə ehtimalı turnirlərin maraqlılığını artıracaq. Ancaq formatın özünü doğruldub-doğrultmadığını tam dəyərləndirmək üçün ən azı bir mövsümün yekunlaşmasını gözləmək lazımdır.

ƏN ÇOX OXUNANLAR

0.021651983261108