- 7
ENDİRİLİR
ENDİRİLİR
Əsassız həbs edilən, “Əməkdar memar” Akif Əliyevin doğmaları və öz adından qardaşı Tofiq Cəlalov növbəti dəfə Ölkə başçısına və hüquq mühafizə orqanlarının rəhbərlərinə təkrarən müraciət ünvanlayıb.
Əsassız həbs edilən, “Əməkdar memar” Akif Əliyevin qardaşı Tofiq Cəlalovun müraciət məktubunu olduğu kimi oxucuların diqqətinə çatdırırıq:
Hörmətli cənab Prezident,
Mən növbəti müraciətimi Sizə çox əlamətdar bir gündə – 24 dekabrda, yəni ad gününüzdə yazıb göndərirəm. İzn verin Sizi, doğmalarınızı səmimi qəlbdən təbrik edim, xalqımızın xoşbəxt gələcəyi və respublikamızın daha da inkişafı, çiçəklənməsi naminə Sizə cansağlığı, uzun ömür arzulayım. Gün o gün olsun ki, 100 illik yubileyinizi məmləkətimizin dilbər guşəsi Şuşada qeyd edəsiniz.
Hörmətli cənab Prezident,
Hər bir ölkənin dövlət gerbi, dövlət himni, eləcə də dövlət bayrağı həmin ölkənin əlçatmaz zirvəsi, atributu sayılır. Dövlət bayrağı önündə baş əyirlər, dövlət himni səslənəndə farağat dayanırlar. Lakin mən cəsarətlə deyərdim ki, ən dəyərli atribut elə atributları da kəşf edən gödək ömür yaşayan insandır, xalqdır!
Prezidentlə görüşüb səmimi söhbət edən və onunla xatirə şəkli çəkdirən Müraciət müəllifi Tofiq Cəlalovdur
Amma hamımıza bəllidir ki, yer üzünün əşrəfi sayılan insan bir çox hallarda məşəqqətlərə, təqiblərə, təzyiqlərə məruz qalır, haqsızlıqlarla üz-üzə dayanır əksər vaxtlarda günahı olmadan həbsxanalara da atılır. Bütün bu kimi ədalətsizliklər də insanı vaxtından xeyli əvvəl qocaldır, qamətini əyir, belini bükür.
Bəli, ağlınıza gəlməyən belə bir faciə bizim ailənin başına gəlib. Abşeron rayonunun baş memarı, qardaşım Əliyev Akif Ələs oğlu rayonun icra başçısı İradə Gülməmmədovanın hiyləsi ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə rüşvətalma maddəsi ilə on il altı ay müddətinə azadlıqdan məhrum edilmişdir.
Çox gülməlidir, rüşvəti alan icra başçısı, həbs edilən memar! Məlumdur ki, İcra başçılarının əsas gəlir mənbəyi torpaqların satılmasıdır. Torpaqlar da başçıların imzaladığı sərəncamla ayrılır. Təəccüb təsiri bəxş edən cəhət budur ki, bu əməliyyatda memarın yeganə funksiyası müvafiq sənədlərə imza atıb, möhür vurmaq olub.
Yeri gəlmişkən onu da qeyd etmək yerinə düşər ki, İradə Gülməmmədova öz tamahkarlığı naminə başçı təyin olunduğu gündən memara məxsus möhürü, ştampı onun əlindən alıb seyfində saxlayaraq lazımi sənədlərə memarın əvəzindən imza atır və möhür vururmuş.
Belə olan halda memar nədə ittiham olunur? Əgər rüşvət aldığı bir nəfər də olsun varsa, çıxsın ortaya desin ki, Akif Əliyevə rüşvət vermişəm. Yoxdur, ola da bilməz, açılmayan inteqral deyil. Memar Akif Əliyevi öz əvəzindən tutduran “əməkdar rüşvətxor” İradə Gülməmmədovadır.
Bu əməliyyatda Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin vətəndaşların ərizə və şikayətlərini araşdıran müstəntiqinin də günahı az deyil. Müstəntiq İcra başçısı İradə Gülməmmədova ilə dil taparaq razılıq əldə etmiş, yazıçı Anarın obrazlı ifadəsi ilə desək “avtogen açmadığı qapını pul açmış”. Memarın əslahiyyətlərinə aid olmayan bütün cinayət faktlarını saxtalaşdıraraq memarın adına, ayağına yazmış, bununla da Akif Əliyev bu müştərək hiylənin qurbanı kimi həbs edilmişdir.
Hörmətli cənab Prezident,
Öz zamanında Məhəmməd Peyğəmbər (ə.s) üç təhlükənin adını çəkib: “Od, su, qadın”.
Peyğəmbər Əleyhüssəlamın nəzərdə tutduğu qadın bu gün Abşeron sakinlərinə qanudduran İradə Gülməmmədovadır. Bu tamahkar qadının dini, imanı puldur, sərvətdir, sərmayədir.
O qədər varlanıb ki, gözləri artıq ayağının altını görmür. Abşeron sakinləri ilə hədə dilində danışır. İradə Gülməmmədovanın ailəmizin başına gətirdiyi cəhənnəm əzabı ilə əlaqədar düz ilyarımdır əlaqədar rəhbər hüquq mühafizə orqanlarının rəhbərlərinə aramsız müraciətlər yazıb göndəririk, lakin heç nəyə nail ola bilmirik.
Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli mürtəce hökmündən respublika məhkəmə hüquq şurasının sədri cənab Fikrət Məmmədova onlarla şikayət məktubu yazmışıq, nüfuzlu saytlarda ictimailəşdirmişik, amma heç bir nəticəsi olmayıb. Fikrət Məmmədovun rəhbərlik etdiyi aparatdan nə müsbət, nə də mənfi cavab almamışıq.
Soruşmaq lazım gəlir: Hüquq Mühafizə orqanları ilə işlər üzrə köməkçiniz, kreslonuzda oturub əlinizlə çörək yeyən Fuad Ələsgərov nəyə görə sorğularımıza, müraciətlərimizə cavab vermir, səbəb nədir?
Cənab Prezident,
İctimaiyyətin nümayəndəsi kimi məlumat çatdırmağı özümə borc bilirəm ki, bu gün korrupsionerlər rüşvətxorlar hüquq mühafizə orqanlarında müdafiə olunur, məsuliyyətdən yayındırılırlar. Bütün bu kimi ədalətsizliklər də dövlətçiliyimizi sarsıdır, ölkədə narazıların sayını artırır.
Necə olur, 50 manat alıb “Covid-19” pasportu satan medsestraya, həkimə dərhal cinayət işi açılır, amma gözümüz önündə Abşeron rayonunu hissə-hissə söküb talayan icra başçısı İradə Gülməmmədova cəzasız qalır, hələ öz əvəzindən heç bir günahı olmayan rayonun memarını da həbs etdirir. Bu Allaha xoş gedərmi?
İnciməyin, cənab Prezident, ölkədə gərginlik yaradan, xalqımızla Sizin aranızda dərin uçurum yaradan Sizin formalaşdırdığınız kadr korpusudur.
Lakin təsəllimiz də böyükdür. Sizə olan inamımızı itirməmişik, ümidimiz bir Sizədir, bir də Sumqayıt Apellyasiya Məhkəməsinə.
Cənab Prezident,
Güman edirik ki, Allah xatirinə, ədalət naminə göstərişinizlə əsassız həbs edilən “Əməkdar memar” Akif Əliyev azadlığa qovuşacaq. Yüzlərlə korupsiya cinayətlərinin izlərini əllərində gəzdirən talançı icra başçısı İradə Gülməmmədova isə işindən qovularaq öz əvəzindən tutdurduğu Akif Əliyevi həbsxanada əvəz edəcək.
Səmimi hörmətlə: Tofiq Cəlalov