- 7
ENDİRİLİR
ENDİRİLİR
“Xural” TV-nin rəhbəri, tanınmış jurnalist Əvəz Zeynallı həmkarı Eynulla Fətulluyevin onun barəsindəki 20 min manat rüşvət alması iddialarına münasibət bildirib.
Baki.media xəbər verir ki, o, YouTube kanalında canlı yayım açaraq qeyd edib ki, iddialar həqiqəti əks etdirmir:
“Xural TV-nin redaksiyasına minlərlə şikayətçi gəlir, problemləri işıqlandırılır, bir nəfərdən belə pul almamışıq. “Xural TV” bu gün vətəndaş şikayətini dərc edən tribunadır. Tək bir vətəndaşdan 1 manat istənilibsə çıxsın, desin.
Rasim Məmmədov Azərbaycanda metallurgiya sənayesinin belini qıran adamdır. Mən bu adamın üzərinə getmişəm, həmişə də gedəcəyəm. Ona qarşı həmişə sərt olmuşam. Son iki məhkəmə prosesi ilə bağlı danışarkən məndə çox mühüm sənədlərin olduğunu demişəm.
Səs yazısına gəlincə, əvvəla, Rasimin vəkili Elçin Sadıqov mənim də vəkilimdir, eyni zamanda ailəvi dostumdur. Bir neçə gün əvvəl görüşdük, məndən dəstək istədi və Rasimi “vurma”mağımı xahiş etdi. Elçinə bildirdim ki, Rasim Məmmədovun məhkəməsi mənim üçün prinsipial məsələdir, yüksək gözləntin olmasın, onunla bağlı xəbərləri oxuyacam. Elçin mənə istifadə etmək üçün bəzi sənədlər verdi.
R.Məmmədov haqqında efirdə “dünən fərman verən, bu gün can verir” fikrini işlətmişəm. Ortada Elçin olmasa, daha sərt yazardım. Səs yazısında isə mən “sənədləri geri təqdim edərəm, iadə edərəm” demişəm. Yəni xoşlarına gəlmirsə, sənədləri qaytarım, iadə edim. Hamı qaytar sözünü pulun qaytarılması kimi anlayıb. Mən 20 min manat almışamsa, niyə Rasim Məmmədovu müdafiə etmirdim?!”.
Qeyd edək ki, Haqqın.az saytının rəhbəri Eynulla Fətullayev Əvəz Zeynallının həbsdə olan iş adamı Rasim Məmmədovun ailəsindən 20 min manatı Elçin Sadıqov vasitəsilə alındığını iddia edib və bununla bağlı səsyazısı yayıb. Daha sonra isə paylaşım edərək, pulun qaytarıldığını bildirib.
Elçin Sadıqov isə iddiaları təkzib edib.