• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Rumen Radev: “Avropanın daha 3 ölkəsi Azərbaycandan əlavə qaz almaq istəyir”



“Avropanın daha 3 ölkəsi - Rumıniya, Macarıstan və Slovakiya Azərbaycandan əlavə qaz almaq istəyir”.

“Report” xəbər verir ki, bunu Bolqarıstan Prezidenti Rumen Radev sentyabrın 30-da Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatlarla çıxışı zamanı bildirib.

“Daha bir vacib məsələni də diqqətinizə çatdırmaq istərdim ki, mən dünən aldığım bir təklifi cənab Əliyevlə bölüşdüm. Bolqarıstandan əlavə Avropanın daha 3 ölkəsi - Rumıniya, Macarıstan və Slovakiya bizə müraciət edib ki, əlavə qaz həcmini almaq və nəql etmək istəyirlər. Bu ilin yayında - iyul ayında cənab Əliyev və xanım Fon der Lyayen sənəd imzalayıblar. Həmin sənədə əsasən yeni yanaşma tətbiq edilməlidir.

Bunun sayəsində biz illərlə gözləmək əvəzinə, - bilirsiniz ki, burada mövcud infrastrukturu genişləndirmək üçün böyük sərmayə lazımdır, - həmin bu 4 ölkədə olan infrastruktur vasitəsilə Azərbaycan qazını dərhal digər ölkələrə göndərə bilərik. Beləliklə də qaz daha tez və etibarlı şəkildə Mərkəzi, Qərbi və Cənubi Avropaya çatdırıla bilər. Bu təklif sabah rəsmi olaraq təqdim ediləcək. Biz bunu Avropa Komissiyasının Prezidenti və bu 4 ölkənin nümayəndələri ilə müzakirə edəcəyik. Biz buna hazırıq. Bir ay ərzində yüksəksəviyyəli görüş təşkil edə bilərik. Bununla da layihəni irəli apara bilərik, bu layihəyə start verə bilərik”, - dövlət başçısı deyib.

R.Radev vurğulayıb ki, hazırda qaza olan yüksək tələbat və böhran şəraitində yeni imkanlar axtarışındadırlar: “Prezident Əliyev və mən müxtəlif məsələləri, müxtəlif fikirləri müzakirə etdik. Çünki bizə sement istehsalında, şüşə istehsalında və digər istehsalat sahələrində qaz lazımdır. Azərbaycan da müxtəlif məhsullar istehsal edir.

Beləliklə, biz birbaşa Azərbaycandan qaz həcmi ala biləcəyik. Bu, çox vacib bir məsələdir və bu qaz bizim vasitəmizlə artıq üçüncü ölkələrin bazarlarına nəql edilə bilər. Biz burada nəqliyyat xərclərinə və vaxta qənaət edirik. Bu prosesdə Bolqarıstan daha fəal iştirak edəcək və bizim qaz şirkətimiz olan “Bulqarqaz” da daha fəal rol oynayacaq.

Biz təbii ki, bu məsələni cənab Əliyevlə yenə də müzakirə edəcəyik ki, bizim imkanlarımız nədən ibarətdir, hansı variantlarımız var. Biz bu məsələdə maraqlıyıq və təbii qazı elektrik enerjisinə çevirmək məsələsini də nəzərdən keçirəcəyik. Bu, təkcə Bolqarıstan üçün deyil, həm də Avropa İttifaqı üçün mühüm məsələdir.

Əlbəttə ki, Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu çox mühüm əhəmiyyətə malikdir. Bizim üçün Azərbaycan etibarlı və sınanmış tərəfdaşdır”.

“Biz Azərbaycanla sıx dostluq, qarşılıqlı hörmət münasibətlərinə malikik. Bizim ən yüksək səviyyədə siyasi dialoqumuz il ərzində çox fəal olub, münasibətlərimiz artıq strateji tərəfdaşlıq səviyyəsinə qalxmışdır. Bizim üçün Azərbaycan etibarlı və sınanmış tərəfdaşdır. Əminəm, bizim qarşılıqlı marağımız var ki, bütün sahələr üzrə praqmatik və səmərəli münasibətlərimizi inkişaf etdirək.

Sizin ölkəmizə səfəriniz böyük rəmzi mənaya malikdir. Çünki bu, bizim diplomatik münasibətlərimizin qurulmasının 30 illiyinə təsadüf edir. Bununla yanaşı, digər maraqlı və çox əlamətdar bir hadisəyə şahidlik edəcəyik. Biz Yunanıstan-Bolqarıstan qaz İnterkonnektorunun açılışını edəcəyik. Bu, həm bizim üçün, həm Avropa qitəsi üçün strateji əhəmiyyətə malik bir layihədir. Çünki bununla Avropanın enerji xəritəsini yenidən cızırıq. Biz artıq Azərbaycandan real olaraq təbii qaz alacağıq. Bu da təbii ki, bizim təminatı və təchizatı şaxələndirəcəkdir.

Biz enerji sahəsində əməkdaşlığımıza çox böyük əhəmiyyət və çox böyük önəm veririk. Amma, əlbəttə, biz görüşümüzdə təkcə enerji sahəsini deyil, digər strateji sahələri də müzakirə edəcəyik. İnnovasiya, yüksək texnologiyalar, ticarət, sərmayə qoyuluşu və təbii ki, mədəniyyət, elm sahələri də buraya daxildir. Bunlar da bizim əməkdaşlığımızın dərinləşməsinə xidmət edəcəkdir”, - Bolqarıstan Prezidenti bildirib.

ƏN ÇOX OXUNANLAR

0.089031934738159