• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Bərdədə qanlı dava - “Kürəyinə iki dəfə bıçaqla vurdum, azyaşlı uşaqlarım...”



Bərdə şəhərində 1978-ci il təvəllüdlü Bəhruz aralarında yaranan münaqişə zamanı həyat yoldaşı Sahiləyə (adlar şərti verilib - red.) xəsarət yetirib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, hadisə bu il yanvarın 30-da baş verib. Bəhruz kirayədə yaşadığı evdə qeyri-rəsmi ər-arvad münasibətlərində yaşadığı Sahilə ilə ailə-məişət zəminində mübahisə edib.

Orta dərəcəli sərxoşluq vəziyyətində olan Bəhruz Sahiləni cəzalandırmaq məqsədilə bıçaqla onun kürək nahiyəsinə iki dəfə vurub.

İstintaq orqanı tərəfindən Bəhruzun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə ittiham elan edilib.

Bəhruz ifadəsində ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, arvadı və azyaşlı uşaqları ilə birlikdə Bərdə şəhərində yaşayır:

“Rəsmi olaraq heç bir yerdə işləmirəm. İlk dəfə 2005-ci ildə ailə qurmuşam. Ancaq həmin nikahdan uşağım olmadığına görə arvadımdan ayrıldım”.

Bəhruzun sözlərinə görə, 2008-ci ildə Fövqəladə Hallar Nazirliyinin Sumqayıt şəhərində yerləşən yanğınsöndürmə xidmətində işlədiyi zaman iş yoldaşının baldızı Sahilə ilə tanış olub və elə həmin il ailə qurublar:

“Lakin Sahilə ilə aramızda rəsmi şəkildə nikah bağlanmayıb. Sahilə ilə evliliyimdən 2011-ci ildə Adil, 2016-cı ildə isə Azər adlı uşaqlarım dünyaya gəldi. Ailə qurduqdan sonra bir müddət Sumqayıt şəhərində yaşasaq da, sonradan Bərdə şəhərinə gəldik. Bərdədə yaşamağa başladıq. Ancaq təxminən üç il əvvəl yenidən Sumqayıt şəhərinə qayıtdım”.

Təqsirləndirilən şəxs deyib ki, 2021-ci ilin oktyabrında Bərdə şəhərinə gəlib:

“Həmin vaxtdan atam da arabir gələrək bizimlə birlikdə qalıb. Arabir spirtli içki qəbul etmişəm. Sərxoş vəziyyətdə olduğum vaxtlarda tez-tez Sahilə ilə aramızda mübahisə yaranıb. Ancaq hadisədən əvvəlki son bir həftə ərzində müntəzəm şəkildə spirtli içki içmişəm”.

Bəhruz deyib ki, yanvarın 29-da səhər saatlarında atası aylıq krediti ödəməsi üçün 60 manat pul versə də, kreditin pulunu təxminən üç-dörd gün əvvəl ödədiyi üçün atasının verdiyi pulu spirtli içki almağa xərcləyib:

“Yanvarın 30-da, saat 08:00-da Bərdə şəhərində yerləşən kafelərdən birinə getdim. Xaş sifariş verdim və aldığım 0,7 litrlik butulkadakı arağın hamısını içdim. Həmin gün saat 12:00-da “Təzə bazar” deyilən yerə getdim. Düyü və oğlum üçün “İngilis dili” kitabı, həmçinin bir butulka nar turşusu və üç kiloqramlıq şüşə bankada gavalı mürəbbəsi alaraq yaşadığım evə getdim. Evin mətbəxinə keçərək aldıqlarımı yerbəyer edəndə Sahilə mənimlə mübahisə etməyə başladı. Mübahisə zamanı Sahilə sərxoş vəziyyətdə olduğumu hiss etdi. Nə üçün spirtli içki içdiyimi soruşdu, məndən hansı səbəbə krediti ödəmədiyimi öyrənmək istədi. Bir daha spirtli içki içməyəcəyimə söz verdim və aldıqlarımı yeməyəcəyimi söylədim. Həmin vaxt əsəbiləşərək masanın üzərindən götürdüyüm bıçaqla mətbəxdən çıxmağa hazırlaşan Sahilənin kürəyinə iki dəfə zərbə endirdim. Bundan sonra hadisəni törətdiyim bıçağı götürərək evdən çıxdım. Sahiləyə xəsarət yetirən zaman azyaşlı uşaqlarım evin həyətində oynayırdılar.

Sahiləyə xəsarət yetirməyimin səbəbi sərxoş vəziyyətdə olmağımla bağlı onunla aramızda baş vermiş mübahisə zamanı əsəbiləşməyim olub. Sahiləyə bıçaqla xəsarət yetirməkdə niyyətim yalnız onu cəzalandırmaq olub. Yəni arvadımı öldürmək məqsədim olmayıb”.

Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Bəhruzun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkumetmə) maddəsi tətbiq olunub. Ona iki ili sınaq müddəti olmaqla üç il şərti cəza verilib.

ƏN ÇOX OXUNANLAR

0.084140062332153