• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Brejnevin iradı, Antonovun cavabı – SSRİ-ni idarə edənlər böhranın səbəbini bilə-bilə susublar



O, azsaylı nazirlərdən biri olub ki, Leonid Brejnevin ailə tədbirlərində dəvətsiz iştirak edib. Sergey Antonov istədiyi vaxt baş katibin ailəsinə tez-tez baş çəkib, ailənin ərzaq məsələləri ilə şəxsən özü məşğul olub. Bununla yanaşı, Brejnevin ailə üzvləri kurort şəhərlərində istirahətdə olanda da onların təminat məsələsinə Antonov nəzarət edib.

Kreml məmurları Brejnevlə Antonovun bu yaxınlığından xəbərdar olublar və onu da yaxşı biliblər ki, Antonovun qeyri-rəsmi toxunulmazlıq statusu var. Brejnev isə bu münasibəti baş katib-nazir yaxınlığı deyil, cəbhə dostluğu kimi təqdim edib. Sovet-alman müharibəsi zamanı, 1943-cü ildə Novorossiyskin almanlardan azad olunması zamanı onlar cəmi bir neçə gün bir yerdə hərbi əməliyyatlarda iştirak ediblər.

Антонов_Сергей_Фёдорович_(государственный_деятель).jpg (36 KB)

Müharibədən sonrakı illərdə Antonov “İzvestiya” qəzetinin müxbirlərinə müsahibə verəndə, müharibə xatirələrini danışanda o, sırf təsadüf nəticəsində yaddaşında qalan hərbçilərin adlarını da çəkib. Bu adların arasında Brejnevin də adı olub. Antonov həmin müsahibəni verdiyi vaxt Brejnevin harada olmasından ümumiyyətlə məlumatsız olub. O dövrdə (1946-ci il) Brejnev Ukraynada Zaporojye vilayət partiya komitəsinin birinci katibi vəzifəsinə yenicə təyinat alıb. Məhz bu müsahibədən sonra Brejnev SSRİ Ət və Süd Sənayesi Nazirliyinin partiya komitəsi katibi vəzifəsində işləyən Antonova zəng vuraraq öz təşəkkürünü bildirib. Gələcək baş katiblə nazirin dostluğu da bu müsahibədən başlayıb...

Sergey Antonov 1911-ci ildə Tümen vilayətində, Pokrovskoye kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra o, Tümendə ət və süd məhsullarının istehsalı üzrə mütəxəssislər hazırlayan peşə məktəbində təhsil alıb və ilk əmək fəaliyyətinə Tomskda süd kombinatında başlayıb.

1933-1937-ci illərdə təhsilini Leninqrad Süd Sənayesi Mühəndisləri İnstitutunda davam etdirən Antonov bu təhsil ocağını bitirdikdən sonra SSRİ Qida Sənayesi Komissarlığında (nazirliyində) süd sənayesi baş idarəsinə mühəndis vəzifəsinə təyinat alıb. Bu komissarlığın xətti ilə o, 1939-cu ildə Mərkəzi Komitə yanında Ali Partiya Məktəbinə oxumağa göndərilib.

Sovet-alman müharibəsi başlananda Antonov hərbi xidmətə çağrılıb, müharibə illərində o, Ural hərbi dairəsinin siyasi idarəsində xidmət edib, bir sıra hərbi əməliyyatlarda iştirak edib.

Ordudan tərxis olunduqdan sonra, 1946-cı ildə Antonov əvvəlcə SSRİ Ət və Süd Sənayesi Nazirliyinin partiya komitəsinin katibi, sonra isə nazir müavini vəzifəsinə təyin edilib.

beskonechnye-ocheredi-samye-deficzitnye-tovary-v-sssr-10.jpg (134 KB)

Xruşov hakimiyyətə gəldikdən sonra, 1954-cü ildə Antonovu nazir təyin edib. Amma onlar uzun müddət bir yerdə işləyə bilməyiblər. Xruşovun kənd təssərüfatı sahəsində apardığı islahatlara qarşı çıxan Antonov nazir kürsüsündən məhrum edilib. Xruşov onu özü yaratdığı Moskva şəhər xalq təssərrüfatı sovetinə (sovnarxoz) müavin göndərib. Amma onun Antonova qarşı qəzəbi bununla bitməyib. Sovet lideri Antonovun Moskvada qalmasını məqbul saymayıb və onu daha uzaqlara, Çinə, SSRİ-nin bu ölkədəki səfirliyinə müşavir göndərib. 1960-cı ildə isə Antonov Əfqanıstanda səfir kimi fəaliyyət göstərib. O, dəfələrlə Moskvaya qayıtmaq üçün Mərkəzi Komitəyə müraciət etsə də, bu müraciətlərin heç bir nəticəsi olmayıb.

fullsize.jpg (77 KB)

Nəhayət, 1965-ci ildə Antonov Moskvaya çağrılıb. Kremldə onu Brejnev qəbul edib. Qısa müzakirələrdən sonra “cəbhə dostları” yekdil qərara gəliblər. Brejnev onu köhnə vəzifəsinə, SSRİ ət və süd sənayesi naziri təyin edib.

Antonov öz işinin bilicisi olub. Onun rəhbərlik etdiyi nazirlik həmişə ən yaxşı göstəricilərlə fərqlənib. 1970-ci illərin sonlarından isə nazirliyin fəaliyyəti daha tez-tez gündəmə gəlib. Ölkədə ərzaq qıtlığının, xüsusilə də ət və süd məhsullarının çatışmazlığının bir səbəbini də Antonovda görüblər. Nəhayət, 1980-ci ildə, Yay Olimpiya Oyunlarının SSRİ-də keçiriləciyi bir ərəfədə Antonovu Siyasi Büronun qırmızı xalçasının üstünə dəvət ediblər. Brejnev məsələni yumşaq həll etməyə çalışıb:

- Sergey Fyodoroviç, dünən Vitya (Brejnev həyat yoldaşı Viktoriyanı belə çağırıb) şəhərdə bir neçə ərzaq mağazasını gəzib. Qastronomlarda süd tapılmır. Kolbasa üçün uzun-uzadı növbələr yaranır. Bizim nə problemimiz var? Bir neçə aydan sonra bütün dünyanın gözü Moskvada olacaq. Olimpiya oyunlarını seyr etmək üçün on minlərlə insan ölkəmizə gələcək. Biz onlara boş vitrinləri nümayiş etdirəcəyik?

s1200-7.jpg (149 KB)

- Leonid İliç, biz planı artıqlaması ilə ödəyirik, anbarlarımız da həmişə dolu olur. Bölgü məsələsini isə biz həyata keçirmirik. Bu işlə ticarət idarələri məşğul olur. Məsələni onlarla araşdırmaq lazımdır.

Brejnev Antonovun eyhamını yaxşı anlayıb. Baş katib yaxşı bilib ki, sovet ticarətində korrupsiya, rüşvət baş alıb gedir. Onu da yaxşı bilib ki, əlaltından, yaxud da qara bazarlarda hər şey tapmaq mümkündür və bütün bunlara onun ən yaxın adamları, Moskvanın birinci katibi Viktor Qrişin, SƏDM (Sosialist Əmlakını Dağıdanlarla Mübarizə) idarələri əməkdaşlarının tabe olduğu daxili işlər naziri Nikolay Şelokov və özünün təyin etdiyi digər müvafiq qurumların rəhbərləri “nəzarət” edirlər. Onlara heç DTK sədri Andropovun da gücü çatmayıb.

Həmin iclasda Brejnev fikrini aşağıdakı kimi tamamlayıb:

- Siz istehsalı bir az da artırın. Mən bununla bağlı Nazirlər Sovetinə göstəriş verəcəyəm. Humanist və inkişaf etmiş ölkələrdə insanların psixologiyası həmişə belə olur, hər şey yaxşı olanda, onlar daha yaxşıya can atırlar.

Антонов_С.Ф.(государственный_деятель).jpg (194 KB)

Brejnevlə Antonov bütün həqiqətlərə bilə-bilə, beləcə, biri-birlərini yola veriblər. Elə bu minvalla da Antonov 1984-cü ilin yanvar ayına, nazirlik ləğv olunana qədər nazir kürsüsündə əyləşib.

Ömrünün son illərini rahat bağ evində keçirən Sergey Antonov 1987-ci ildə 76 yaşında vəfat edib. O, Moskvada Kuntsevo qəbirstanlığında dəfn olunub.(Musavat.com)

ƏN ÇOX OXUNANLAR

0.087035179138184