• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Ali Məhkəmənin hakimi Abiddin Hüseynov: "Cəmiyyətdə mülki işlərə baxılması xüsusiyyətləri ilə bağlı tam təsəvvür yoxdur"



"Cəmiyyətdə mülki işlərə baxılması xüsusiyyətləri ilə bağlı tam aydın təsəvvür yoxdur".

"Ölkə.az" xəbər verir ki, bunu Ali Məhkəmənin Mülki kollegiyasının hakimi Abiddin Hüseynov "Real TV"də yayımlanan "Femida vaxtı" verilişində deyib.

Onun sözlərinə görə, mülki işlərə baxılması mülki prosessual qanunvericiliyə uyğun olaraq həyata keçirilir:

"Mülki prosessual qanunvericilik müstəsna olaraq mülki işlərin çəkişmə prinsipi əsasında həyata keçirilməsini nəzərdə tutur. Çəkişmə prinsipi dedikdə bu prosesdə hakimin rolu yalnız tərəflərə dəlil və sübutlarını məhkəməyə təqdim etmək üçün zəruri şərait yaratmaq nəzərdə tutulur. Hakim heç bir halda tərəfin birinə çevrilmir və heç bir halda tərəfin birinə kömək göstərmir.

Cinayət məhkəmə icraatından və inzibati məhkəmə icraatından fərqli olaraq, mülki məhkəmə icraatında çəkişən iki tərəf var. Bu hüquqi, yaxud fiziki şəxs ola bilər. Məhkəmənin tərəflərdən birinə sübutların əldə olunmasında və məhkəməyə təqdim olunmasında kömək göstərməsi onun arbitr roluna xələl gətirmiş olar. Amma bundan fərqli olaraq, cinayət icraatında biz görürük ki, cinayət törətməkdə təqsirləndirilən şəxsin əməli törətməkdə təqsirləndirilməsini sübuta yetirən ittiham tərəfi var. İttihamı sübuta yetirən qarşı tərəf var, dövlət var.

Yaxud da inzibati işlərdə qarşı tərəfdə belə səlahiyyətlər verilmiş dövlət orqanı durur. Vətəndaş səlahiyyətlərini dövlət orqanları tərəfindən pozulduğunu iddia edən hüquqlarının bərpası üçün məhkəməyə gəlir. Göründüyü kimi, tərəflərdən biri zəif tərəf olur. Qarşı tərəf isə dövlət qurumu, hakimiyyət nümayəndəsi və hakimiyyət səlahiyyətlərinin daşıyıcısıdır".

A.Hüseynov bildirib ki, mülki prosesdə hər iki tərəf bərabərhüquqlu subyektlərdir: "Bu subyektlər məhkəməyə gəlir və burada sübutetmə yükü tamamilə tərəflərin üzərindədir. Mülki Prosessual Məcəllədə deyilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları qəbul edir və onları araşdıra bilər. Həmin sübutlar əsasında qərar qəbul edilə bilər. Qanun məhkəmənin müəyyən hallarda, çox az fəallığını nəzərdə tutur. Məsələn, tərəf müstəqil qaydada sübut əldə edə bilmirsə, məhkəmə tərəfə həmin sübutu əldə etmək üçün köməklik edə bilər. Yaxud məhkəmə öz təşəbbüsü ilə ekspertiza təyin edə və mütəxəssis dəvət edə bilər. Amma məhkəmənin mülki prosesə müdaxiləsi bununla məhdudlaşır".

ƏN ÇOX OXUNANLAR

0.10407686233521