• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Ali Attestasiya Komissiyasında diplom alveri – Şok faktlar



Bu gün ölkəmizin elmlə məşğul olan gənclərinin böyük əksəriyyəti Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasında qanunsuzluqların, rüşvət, korrupsiya hallarının baş alıb getdiyini, gənclərin elmə gedən yollarının qarşısında süni maneələrin yaradıldığını bildirir.
 
Milli Elmlər Akademiyasının, nəhəng ali məktəblərin elmi seminarlarının, elmi və problem şuralarının görkəmli alimləri qarşısında imtahanlarından uğurla keçən gənclərin böyük əksəriyyəti Ali Attestasiya Komissiyasının müəyyən etdiyi “şərtləri” yerinə yetirə bilmədiklərindən elmi ad və elmi dərəcə ala bilmirlər. Təbii ki, kimin yaxşı əlaqələri, maddi imkanı var, onlar bu problemlə qarşılaşmır, əsasən elmi-tədqiqat institutlarında və tədris müəssisələrində cüzi əmək haqqı ilə çalışan, gecə-gündüz yatmadan tədqiqat aparan imkansız gənclər yaşayır bu problemi.
 
Bu günlərdə redaksiyamıza gələn və artıq ikinci ildir AAK-dan diplomunu ala bilməyən bir qrup gənc Ali Attestasiya Komissiyası qarşısında piket keçirmək istədiklərini və AAK-ın sədri, əslində iqtisadçı, 90-cı illərdə isə çoxları kimi BDU-da hüquqşünas diplomu alan Famil Front oğlu Mustafayevə, onun əlaltılarına istefa tələb etmək istədiklərini bildirdilər.
 
Həmin gənclərin şikayətlərini araşdırdığımız vaxt ölkə mətbuatında Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin açıqlaması yayıldı ki, Ali Attestasiya Komissiyasının iqtisadiyyat üzrə Ekspert Şurasının üzvü və katibi Şəfa Əliyev rüşvət alarkən yaxalanıb. Bunun ardınca isə eşitdik ki, xaricdə istirahətdə olan Famil Front oğlu Mustafayev təcili şəkildə ölkəyə qaytarılıb.
 
İnformasiyada o da bildirilirdi ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməliyyat-axtarış işlərini davam etdirir və AAK-da yeni ciddi yoxlamalar aparmaq fikrindədir. Həqiqətən, bu gün AAK-da Baş Prokurorluğun əməliyyat-axtarış işləri davam etməkdədir.
 
Amma həmin informasiyadan dərhal sonra Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyası açıqlama verərək məsuliyyətə cəlb edilən mütəxəssis-ekspert Şəfa Əliyevin komissiyanın əməkdaşı olmadığını bildirərək günahı öz üzərindən götürməyə cəhd etdi.
 
Fəqət iki səbəbə görə, biz AAK-ın bəyanatını sadəcə özünüsığortalama, yaxud faktı ört-basdır etmə addımı hesab edirik.
 
Birincisi, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi bəyan edir ki, "hazırda iş üzrə qanunazidd hərəkətlərə yol vermiş digər şəxslərin müəyyən edilməsi istiqamətində də əməliyyat-istintaq tədbirləri davam etdirilir". Bu isə, o deməkdir ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində AAK-da rüşvət halları ilə bağlı digər faktların olduğu ehtimalı da var.
 
İkincisi, cəmiyyətdə AAK-ın elmi adları və dərəcələri müxtəlif qiymətlərə satması barədə çxdan və kifayət qədər geniş informasiyalar dolaşmaqdadır. Bəziləri adi fəlsəfə doktoru adı üçün qiymətin son dövrlərdə 10 min manatdan - 40 min manata qədər qaldırıldığını bildirir. Həm də bu rəqəmləri adi insanlar deyil, Milli Məclisin deputatları, ölkənin tanınmış təhsil ekspertləri, görkəmli alimlər dilə gətirirlər.
 
Ali Attestasiya Komissiyası açıqlamasında Şəfa Əliyevin onların əməkdaşı olmadığını, sadəcə olaraq seçimlərində yanıldıqlarını vurğulamaqla bunun təsadüfi fakt olmasını qabartmağa çalışır. Doğrudanmı, bu, təsadüfi faktdır? Cəmiyyətin elmlə maraqlanan böyük bir hissəsi bunu AAK üçün təsadüfi fakt hesab etmir. Çünki hələ bu ilin mart-aprel aylarında və ondan da xeyli öncələr ölkə mətbuatı həyacan təbili çalaraq AAK-da rüşvətin meydan suladığını, elmi ad və dərəcələrə görə böyük məbləğdə rüşvət tələb edildiyini yazırdı. Özü də təkcə iqtisadiyyat üzrə deyil, filologiya, tarix, hüquq və s. sahələrdə də vəziyyətin bu şəkildə olduğu bildirilir. Gəlin bəzi faktlara müraciət edək!
 
Tribunainfo.az saytının hələ 15 mart 2023-cü ildə “Təhsil eksperti Ali Attestasiya Komisiyyasındakı korrupsiyadan danışdı” adlı məqaləsində deyilirdi:
 
“AAK-da elmi adların verilməsində alimlərin qarşısına minimum 20 min manat tələb qoyulub”. Tanınmış alim, professor İdris Abbasov AAK-da rüşvətlə bağlı konkret rəqəmləri dilə gətirərək yazırdı: “20 min manatlıq elmi ad, 30 min manatlıq elmi dərəcə”.
 
Sözçü.az adlı başqa bir saytda gedən “Attestasiya komissiyasında rüşvətxorluq, qohumbazlıqdır” adlı yazıda isə tanınmış təhsil eksperti Kamran Əsədov Azərbaycanda elmi adların daha çox məmurlara verildiyini bildirirdi. O, yazırdı: “Buna da səbəb AAK-dakı özbaşınalıq, rüşvət, qohumbazlıqdır. Məsələn, dəfələrlə şahidi olmuşuq ki, icra hakimiyyətində və yaxud dövlət strukturlarında çalışan şəxslər, deputatlar, dövlət qulluqçusu olan şəxslər elmi adları daha rahatlıqla ala bilirlər. Amma həqiqətən tədqiqatla məşğul olan, elmi işlə məşğul olanlar bu prosesdən kənarda qalıb”.
 
Ekspert daha sonra AAK-ın lazımsız bir qurum kimi ləğv olunmasının zəruriliyini də bildirirdi.
 
Ümumiyyətlə, AAK-da şəffaflıq olmaması, xüsusi “qara oppanentlərin” əli ilə qəsdən mənfi rəylərin yazdırılması, qurumun “gestapo” kimi qapılarını vətəndaşların üzünə bağlaması, şəffaflıqdan uzaq fəaliyyəti ilə bağlı alimlər çoxdan həyəcan təbili çalır və qurumun fəaliyyətində qaranlıq və şübhəli məqamlar olduğunu açıq-aşkar şəkildə bildirirdi.
 
Bunun əvəzində isə AAK qapıları daha kip bağlayır, polis rejimini gücləndirir, AAK-ın qapısından içəri yalnız yüksək ranqlı məmurların girişinə icazə verirdi. Son aylar hətta qurumda telefonlara da cavab verilmirdi. AAK-la əlaqə saxlamaq çox ciddi problemə çevrilmişdi. Sual doğur: Əgər sənin fəaliyyətin şəffafdılrsa, onda niyə qapılarını vətəndaşların, alimlərin üzünə bağlayırsan?
 
Deputat Etibar Əliyev haqlı olaraq Milli Məclisin tribunasından rüşvət, korrupsiyadan başqa bir fəaliyyəti olmayan, elmə yalnız əngəl olan AAK-ı lazımsız qurum adlandıraraq onun ləğv olunmasını təklif etmişdi.
 
Bütün bunlar bir daha göstərir ki, professor Şəfa Əliyevin AAK-ın Ekspert Şurasının üzvü və katibi kimi rüşvət üstündə yaxalanması heç də təsadüfi hadisə deyil. Əgər bu ilin mart, aprel, iyun aylarında mətbuatda AAK-da rüşvətlə bağlı materiallar gedibsə və iyul ayında AAK-ın katibi yaxalanıbsa, deməli bu, təsadüf yox, ardıcıl görülən işin nəticəsidir. AAK-ın isə günahı tələm-tələsik öz üzərindən atması, “o, bizim əməkdaş deyil, Sumqayıt Dövlət Universitetinin professorudur deməsi” özü də bu şübhələri qüvvətləndirir. AAK-ın açıqlamasında professor Şəfa Əliyevin Sumqayıt Dövlət Universitetində çalışdığı xüsusi vurğulanır, əslində isə, SDU-nun bura heç bir aidiyyatı yoxdur, çünki professor Şəfa Əliyev universitetdəki vəzifəsinə görə deyil, məhz AAK-dakı vəzifəsinə görə rüşvət alıb. Bu quruma isə, birbaşa Famil Front oğlu Mustafayev cavabdehdir.
 
Keçək başqa bir fakta. Gəncə Dövlət Universitetinin dosenti, fəxri professor Cəfər İbrahimovun Asiya.az-a ünvanladığı məktuba nəzər yetirək:
 
“Ali Attestasiya Komissiyasında dissertasiyanı pulu ilə yazdırıb, içindən xəbəri olmayan adamı Ekspert komissiyasından müsbət rəylə keçirib diplom verirlər. Dissertasiyasındakı uzun sözləri, çoxhecalı sözləri belə tələffüz edə bilməyən, pedaqogikanı bilməyən adam pulunu verib alim adı alır”.
 
Yazı konkret fakta söykənir. “Qasımova Həmidə İsgəndər qızı 27.05.2022-ci ildə 5804.01 – “Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi” şifri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Yuxarı sinif şagirdlərində təşkilatçılıq qabiliyyətlərinin formalaşdırılması üzrə işin sistemi” mövzusunda dissertasiya işi müdafiə edib. Bu dissertasiya işini rüşvət müqabilində onun elmi rəhbəri, pedaqoji elmlər doktoru, professor Akif Abbasov yazıb”.
 
Kimdir bu Həmidə Abbasova? Professor yazır: “AAK sədri F.Mustafayevin təməlini qoyduğu rüşvət və fırıldaq yollarla alim adı alan Həmidə Qasımova Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibovun keçmiş katibəsidir”.
 
Famil Mustafayevin rəhbərliyi altında fəaliyyət göstərən AAK, yuxarıda qeyd etdiyimiz kimi, daha çox məmurlara, onların qohum-əqrəbasına və katibələrinə xidmət edir. Sözü düz tələffüz edə bilməyənə diplom verilir, ciddi tədqiqat işləri isə illərlə rəflərdə saxlanır.
 
AAK-da son dövrlərdə rüşvət və korrupsiyanın meydanı daha da genişlənmişdir. Bəzi faktlara müraciət edək, AAK eyni ali təhsil müəssisindən gəlmiş iddiaçılardan birinin sənədini qəbul edir, ona elmi dərəcə və diplomunu verir, digərinə isə, həmin ali məktəbin DİM-dən kənar qəbul apardığını bəhanə edərək imtina göndərir. Mən hazırda fəaliyyətinə xitam verilmiş İslam Universiteti ilə bağlı onlarla belə fakt göstərə bilərəm. Vaxtilə həmin universiteti “hansı yollasa bitirmiş” şəxslərin bəzilərinə elmi dərəcələr və adlar verilmiş, həmin universiteti bitirmiş və həqiqi tədqiqatla məşğul olan bir çox istedadlı gəncin işi isə “məhz həmin universitetdə təhsil aldığına görə” geri qaytarılmışdır. Ortada rüşvət faktı yoxdursa onda bu, nədir? İnanırıq ki, prokurorluq bu məsələlərə də aydınlıq gətirəcək.
 
AAK son illərdə tərtib etdiyi sənədlərdə, tələbnamələrində qəsdən elə dolaşıqlığa yol verib ki, həmin baryerləri rüşvətsiz keçmək, demək olar ki, mümkünsüzdür. Və AAK həmin sənədlərdən çıxış edərək neçə-neçə istedadlı, ancaq imkansız gəncə “sizin baza təhsiliniz, magistratura təhsiliniz müdafiənizə uyğun deyil” deyib imtina göndərdiyi halda, keçmiş dövlət məmuru Həsən Həsənovun diş texniki olan oğlu Zaur Həsənova tarix üzrə elmlər doktoru adı almaq üçün müdafiəyə icazə verir. Bu, necə olur?
 
Orası da məlumdur ki, heç kəs könüllü şəkildə 20-30 min manat pulu rüşvət olaraq AAK-da çalışanlara verməz. Problem ilk növbədə iddiaçıların sənədləri ilə bağlı yaradılır, bu məqsədlə Famil Mustafayev AAK-a gələndən sonra hazırlanmış və 2019-cu ildə qəbul edilmiş “Elmi dərəcələrin və adların verilməsi haqqında Əsasnamə”dən istifadə edilir.
 
Bizə müraciət edən əksər iddiaçılar AAK-ın həmin Əsasnaməni qeyri-qanuni olaraq və məqsədli şəkildə 2019-cu ildən əvvəlki dövrə tətbiq etməsindən şikayətləndilər. AMEA-nın gənc bir tədqiqatçısı deyir:
 
“Mən 2016-cı ildə doktoranturaya daxil olmuşam. Baza təhsilini Bakı Dövlət Universitetinin tarix fakültəsində almışam. Magistranturanı isə NBA proqramı üzrə bitirmişəm. Doktoranturaya daxil olanda fərq imtahanlarını vermişəm. Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi Magistr diplomumda qeyd edilir ki, təhsilin yeni pilləsində təhsilimi davam etdirə bilərəm. Üstəlik, orada mənim təhsilimi hansı ixtisas üzrə davam etdirə biləcəyim konkret qeyd olunmadığından demək mən baza təhsilimə uyğun sahə üzrə də doktorantura və yaxud aspirantura təhsili ala bilərəm. Lakin AAK mənim tarix üzrə yazdığım işə baxmaqdan imtina edir. Və həmin imtinanı 2019-cu ildə qəbul edilmiş əsasnamə ilə əsaslandırır. Halbuki mən 2016-cı ildə, yəni yuxarıda adıçəkilən əsasnamədən 3 il qabaq doktranturaya qəbul olunmuşam. Onda AAK hansı haqla həmin əsasnaməni mənə və mənim kimi onlarla gəncə tətbiq edir. Digər tərəfdən, AAK-ın əsasnaməsi Azərbaycan Konsititusiyasından üstündürmü?”
 
Azərbaycan Respublikasının Konsititusiyasının 149-cu maddəsinin VII bəndində deyilir: “Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir”.
 
Yəni hüquqi normativ akt vətəndaşın xeyrinə olduqda, onun qüvvəsi geriyə şamil oluna bilər. Əks halda, yəni vətəndaşın ziyanına olduqda, onun qüvvəsinin geriyə şamil edilməsi Azərbaycan Respublikasının Konsititusyası tərəfindən birmənalı şəkildə qadağan edilir. AAK isə Azərbaycan Respublikasının Konsititusiyasının tamamilə ziddinə olaraq məhz vətəndaşların vəziyyətini ağırlaşdıran hüquqi normativ aktın qüvvəsini geriyə şamil etmişdir. Beləliklə, magistraturanı NBA proqramı üzrə bitirmiş onlarla azərbaycanlı gəncin elmə gələn yolunu qapayır.
 
Təəccüb doğuran budur ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi də diplomda yazdığı “bu diplom növbəti pillədə təhsili davam etdirməyə icazə verir” sözlərinə birmənalı şərh vermək istəmir. İndi gənclər necə etsin? Sadə bir həqiqəti AAK rəhbərliyinə anlatmaq üçün Konsititusiya Məhkəməsini işə qarışdırsınlar?
 
Əslində, AAK rəhbərliyi işin nə yerdə olduğunu, qanunun nə dediyini çox gözəl başa düşür. Amma... Məsələ elə bu "əmma"dadır. Qəsdən yaradılmış bu anlaşılmazlıq elmi dərəcə və ad almaq istəyən gəncləri küncə sıxışdırmaq və maraqları təmin etmək üçün sadəcə bir vasitədir...
 
AAK-da ən böyük narazılıq filologiya, sənətşünaslıq, pedaqogika, tarix və antropologiya şöbəsi ilə bağlıdır. Bu şöbəyə rəhbərliyi isə, pedaqogika üzrə fəlsəfə doktoru (pedaqogika üzrə fəlsəfə doktorunun filologiya, sənətşünaslıq, pedaqogika, tarix, antropologiya kimi fərqli sahalərə necə rəhbərlik etməsi sual doğurur) Oktay Səmədov həyata keçirir. Əksər gənc tədqiqatçılar hələ öz adının düzgün yazılışını tapa bilməyən (gah Oqtay yazır, gah Oktay) bu adamın qanundan yox, çox vaxt digər maraqlardan çıxış etdiyini dilə gətirirlər.
 
Ümumiyyətlə, bu şöbə məqsədli şəkildə elm aləmində tez-tez işlədilən “qara opponentlərdən” sui-istifadə etməklə iddiaçıları küncə sıxışdırır. Adi dildə “çornı opponentlik” adlanan bu rüşvət mexanizminin fəaliyyəti aşağıdakı kimi qurulur:
 
Hər hansı iddiaçını sıxışdırmaq, tora salmaq üçün onun işi əvvəlcədən razılıq əsasında “qara opponentə” göndərilir və tapşırıq əsasında ona mənfi rəy yazdırılır. İddiaçı ilə razılaşdırılandan sonra bu mənfi rəy məsələsini "həll eləmək” lazım gəlir, bunun üçün iş ikinci “opponentə” göndərilir və bu dəfə “işin keyfiyyəti özü-özünə yüksələrək” müsbət rəyə layiq görülür. Bütün bunlar əsasən, şöbə müdirinin planı üzrə Ekspert Şurasına qədər edilir, bu maneələr keçildkdən sonra növbəti proses başlayır.
 
Ekspert Şurası istənilən işi qaytara bilər. Tutaq ki, mövzunun aktuallığı soruşulur, sən cavab verirsən, şura üzvlərindən biri qayıdıb deyir ki, yox belə deyil. İş batdı. Əlbəttə ki, bu problemi “qaydalara” tabe olmayanlar yaşayır, “qaydalar” üzrə gedənlər çox rahat şəkildə diplomlarını alır.
 
Professor İdris Abbasov mətbuata verdiyi bir müsahibəsində qeyd edir ki, “AAK sədri müzakirə edilmiş elmi işləri dəfələrlə təkrar müzakirəyə cəlb edir”.
 
Görəsən, məqsəd nədir? Əlbəttə, AAK-ın Ekspert Şurasının üzvü və elmi katibi professor Şəfa Əliyev rüşvət üstündə həbs olunana qədər AAK öz daxilində rüşvət faktının olmasını birmənalı şəkildə inkar edirdi. Sağ olsun, Şəfa müəllim AAK-ın işinə birdəfəlik aydınlıq gətirdi! Bir daha bəlli oldu ki, 20-30 min söhbəti həqiqətən bu təşkilatın daxilində gedir. Həm də bu gün heç kəs deyə bilməz ki, hansısa Ekspert Şurasının üzvü təkbaşına, yaxud rəhbərlikdən xəbərsiz fəaliyyət göstərib. Hər yerin kameralarla təchiz edildiyi, hər yanda rəhbərin xüsusi adamlarının olduğu bir strukturda heç kəs rəhbərlikdən xəbərsiz cəsarət edib rüşvət ala bilməz. Digər tərəfdən, Famil Front oğlu Mustafayev bura Dövlət Əmlak Komitəsindən gəlib. Onun üçün “Kupça” ilə diplomun bir elə də fərqi yoxdur.
 
Üstəlik o da məlumdur ki, əksər ekspertlər maaş alıdıqları üçün rəhbərliyin bütün göstərişlərini sözsüz yerinə yetirirlər. Bununla bağlı professor İdris Abbasov yazır: “Mən ona görə də təkrar müzakirəyə sədrlik etməkdən imtina etdim. Elmə, inkişafa heç bir faydası olmayan belə yanlış qərarın icraçısı olmaq üçün o qədər cahil olmalısan ki, bu hərəkətə boynubükük şəkildə razı olasan. Həyatda hər şey elmdən, ziyalılıqdan, haqq sözünü deməyi bacarmaqdan, özünə qarşı tələbkar olmaqdan başlayır. Təəssüf ki, bizim bəzi alim-məmurlarımız bunu hələ də anlamaq istəmirlər. Şirnikləndirici təkliflər, formal müzakirələr elmin inkişafına deyil, rüşvətə xidmət edir”.
 
Əlbəttə, “maraqları” ödəyən, yaxud şöbə müdiri ilə “dil tapan” insanların işi çox asan gedir. Elə adamlar var ki, 3-4 aya diplom alıb, elələri isə var ki, 2-3 ildir AAK-a ayaq döyür. Niyə? Və niyə elmin qapıları gənclərin üzünə bağlanıb? Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi niyə gənclərə verdiyi diplomların arxasında dayanmır? AAK diş texnikinə tarix üzrə elmlər doktoru, riyaziyyatçıya filologiya üzrə elmlər doktoru, lisenziyasız fəaliyyət göstərmiş İslam Universitetinin məzununa mənbəşünaslıq üzrə elmlər doktoru dərəcəsi almağa icazə verdiyi halda, baza təhsili filologiya, tarix olan gənclərin elmi işini geri qaytarır. Adını da qoyur magistraturanı NBA üzrə bitirmişdir.
Bu, dövlətçiliyə qarşı getməkdir. Bu, ölkə başçısının qoyduğu prinsipləri inkar etməkdir.
 
Dediyimiz kimi, 2019-cu ildə qəbul edilmiş adıçəkilən Əsasnamədən AAK-da rüşvət mənbəyi kimi istifadə edilir. Əks halda, onu geriyə şamil etmək kimə və nə üçün lazımdır?
 
Xalqxeber.az saytı yazır: “Uzun illərdən bəri ömrünü elmə həsr etmiş, min əziyyətlə dissertasiya yazıb müdafiə etmək istəyənlərin qarşısında AAK rəhbəri F.Mustafayev Çin səddi çəkib. Elmi dərəcə, elmi ad admaq istəyən gənc alimlərin əli ciblərində olmalıdır. Yoxsa onların bu günə qədər oxuduqları, araşdırdıqları, yazdıqları dissertasiyalar heç kəsə lazım deyil”.
 
Bu faciədir, gənclərin elmə gələn yolunu kəsməkdir, bu ölkənin sabahını məhv etməkdir.
 
AAK-ı hər zaman müdafiə edən professor Asif Rüstəmlinin “AAK –yaxından-uzaqdan” adlı yazısında istifadə etdiyi bir sitatla fikrimi yekunlaşdırmaq istəyirəm: “Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayev elmi adların satışı ilə məşğuldur. Azadmedia az xəbər verir ki, bu barədə jurnalist Samir Feyruzov yazır. Hazırda elmi dərəcə almaq istəyən gənc alimlərdən 20 min manat rüşvət tələb olunur. 2022-ci ildə 432 nəfərə fəlsəfə doktoru, 84 nəfərə elmlər doktoru dərəcəsi verilib. 246 nəfərə elmi dərəcə verilməsindən imtina edilib. Məsələ bundadır ki, elmi dərəcə verilməsindən imtina edilən 246 nəfərdən 20-30 min manat rüşvət istəyirlər. Belə çıxır ki, keçən il elmi ad alan 516 nəfərin içərisində xeyli sayda adam rüşvət müqabilində buna nail olub. Çox yox, bu şəxslərin yarısının rüşvətlə elmi dərəcə aldığını düşünsək, bu o deməkdir ki, 2022-ci ildə elmi adların verilməsinə görə AAK-a 5 milyon 160 min manat rüşvət daxil olub. F.Mustafayev elmi adların satışını Komissiyanın Ekspert Şurasının üzvləri vasitəsilə həyata keçirir...”
 
Asif Rüstəmlinin bu cavab yaısı 06.02.2023-cü il tarixində butov.az saytında gedib və Asif müəllim bu cür faktları sadalayan jurnalistlə bağlı Mətbuat Şurasına da şikayət etmişdi. AAK-ın Ekspert Şuarasının üzvü və katibi professor Şəfa Əliyevin həbsi deyəsən, jurnalistin haqlı olduğunu sübut etdi.
 
(Davamı var)
Güney Nəsirov

ƏN ÇOX OXUNANLAR

0.087502956390381