• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Liseylərin dövlət məktəbindən fərqi, qeyri-adi uğurundadır yoxsa ödənilən məbləğdə? 



Özəl məktəblərdə ödənişin məbləği bu il yenidən qaldırılsa da, buna maraq göstərənlər hazırda da kifayət qədərdir. Yeni dərs ilinə az bir müddət qalmasına baxmayaraq, şəhərdə yerləşdirilən endirim reklamları özəl məktəblərdə plan yerlərinin hələ tam dolmadığını sübut edir.

Valideynlərin əksəriyyəti bildirir ki, övladlarının lisey və gimnaziyalarda təhsil almasını istəsələr də ödənişlərin həddindən artıq yüksək olması onların bu arzusunu ürəklərində qoyur. Hətta bir ailədə bir neçə şagird təhsil alırsa, bu onların büdcəsi üçün olduqca böyük xərc deməkdir.

Övladının xarici dil üzrə təhsil almasını istəyən valideynin gəliri isə daha yüksək olmalıdır. Maraqlısı odur ki, özəl müəsisələrdə oxuyan şagirdlərin təhsil uğurlarına baxdıqda heç də dövlət məktəblərindən qeyri-adi nəticə və yaxud üstünlük görünmür. 

Qiymətlər necədir?

Nəzər salanda şahidi oluruq ki, doğurdan da lisey və gimnaziyalarda qiymətlər valideynlərin dili ilə desək cib yandırır. Belə ki, hazırda özəl məktəblərdə təhsilhaqları 5-6 min manatdan başlayır. Ödəniş məbləği isə şagirdin oxuduğu bölmə, ibtidai və ya orta təhsil səviyyəsindən asılı olaraq dəyişir. 

Müasir İnnovasiyalar Liseyində Azərbaycan bölməsində təhsilhaqqı ibtidai siniflər üçün 6500 AZN, yuxarı siniflər üçün isə 7000 AZN-dir.  

Liseyin ingilis dili bölməsində də müvafiq olaraq 7500-8500 AZN nəzərdə tutulub. 

XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzində təhsilin ibtidai və ya orta səviyyəsindən asılı olmayaraq ödəniş dəyişmir. Burada illik təhsilhaqqı Azərbaycan bölməsi üçün 8800 AZN, İngilis dili bölməsi üçün isə 12800 AZN-dir. 

“Landau School”da ibtidai siniflərdə illik təhsilhaqqı Azərbaycan bölməsi üçün 5800-8000 AZN-dir. İngilis dili bölməsi ibtidai siniflər üçün qiymət 6800 AZN-dən başlayır.

5-7-ci siniflərdə 9300, daha yuxarı siniflərdə isə 9900 və 12500-15000 aralığında dəyişir. 

“Kaspi” Liseyində Azərbaycan bölməsi üçün təhsilhaqqı liseyin filialından asılı olaraq ibtidai siniflərdə 7300-7800 AZN, 5-11-ci siniflərdə isə 8300 AZN-dir.

Liseyin ingilis dili bölməsində isə ibtidai siniflər üçün 9700, 5-6-cı siniflər üçün 10500 AZN nəzərdə tutulub. Hələ ki təhsil müəssisəsində bu bölmə üçün ən yuxarı sinif 5-6-cı siniflərdir. 

“Sabis Sun” Beyəlxalq Məktəbində təhsil yalnız ingilis dilində aparılır.

Burada ibtidai siniflər üçün illik təhsilhaqqı 15 000 AZN, yuxarı siniflər üçün isə 17 000 AZN-dir. Təhsil müəssisəsində qiymətlərin yüksək olmasını məktəbdə dərs keçən müəllimlərin 90 faizdən çoxunun əcnəbi olması ilə əlaqələndirirlər. 

“Baku Oxford School”da da təhsil dili ingilis dilidir.

Burada ibtidai siniflər üçün qəbul qiymətləri 16500 AZN-dir. VI-VIII siniflərdə illik təhsilhaqqı 16800 AZN, IX-XII siniflərdə isə 17000 AZN müəyyənləşdirilib. Təhsil müəssisəsindən bildirilib ki, bu məbləğə kitablar, uniforma, qəlyanaltı, nahar və dərsdən sonra məşğələ daxildir. Nəqliyyat xərcini qarşılamaq üçün isə əlavə ödəniş tələb olunur. Məktəbdən həmçinin bildirdilər ki, ödənişi bütöv deyil, rüblərə bölərək etmək olar. 

Xəzər Universiteti Dünya Məktəbində isə Azərbaycan və rus bölmələrində ibtidai siniflər üçün təhsilhaqqı 9000 AZN-dir.

V-XI siniflər üçün isə bu məbləğ 9500 AZN-dir. Məktəbin ingilis dili bölməsində isə təhsilhaqqı illik 10500 AZN təşkil edir. 

Avropa Azərbaycan Məktəbində də təhsil dili yalnız ingilis dilidir. İbtidai siniflər üçün təhsilhaqqı 10400 AZN, V-IX siniflər üçün 12500 AZN, X-XI siniflər üçün isə 15500 AZN təşkil edir. 

Bakıda Britaniya Məktəbində isə yerli müəllim qrupu və ya əcnəbi müəllim qrupunun seçilməsindən asılı olaraq ibtidai siniflər üçün təhsilhaqqı fərqlidir.

Məsələn, yerli müəllimlərlə I-V siniflər üçün illik ödəniş 12 min manat, əcnəbi müəllimlərlə isə 14 min manatdır. Məktəbin V-XI siniflərində isə təhsilhaqqı 14 min AZN-dir. 

“Hədəf” Liseyində də illik təhsilhaqları orta göstəriciyə uyğundur. Bu təhsil müəssisəsində Azərbaycan bölməsində ödəniş 6500 AZN, ingilis bölməsində isə 7500 AZN-dir. 

Bəs valideynlər dövlət müəsisələrini qoyub özəl müəsisələrə niyə pul xərcləyirlər? 

Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov Bizim.Media-ya açıqlamasında bildirib ki, son dövrlər özəl liseylərə marağın yaranmasının əsas səbəbi dövlət məktəblərində təhsilin təşkilindəki problemlərdir:

“Hal-hazırda ölkəmizdə 50-ə yaxın orta ümumtəhsil məktəbi var. Dövlət məktəblərimizin sayı isə 4432- dir. Valideynlər özəl məktəblərə daha məqsədəuyğun baxır. Çünki valideynlər onsuz da uşaqları repetitor yanına hazırlığa qoymaq üçün ayda 400 manat və daha çox vəsait sərf edirlər. Ona görə də özəl məktəblərdə bütün bu xidmətlər hamısı repetitor, tədris,qidalanma, servis xidmətləri göstərilir. Bu səbəbdən, valideynlər bütün hazırlıqlar, xidmətlərin bir mərkəzdə olduğu özəl məktəblərə yönəlirlər.

Bu gün Azərbaycanda ən ucuz liseyin qiyməti 4000 manat, ən bahalının qiyməti 45000 manatdır. Valideynlər qiymətindən asılı olmayaraqözəl məktəblərə kifayət qədər maraq göstərirlər. Özəl məktəblərdə 1-ci sinifdən 11-ci sinifə qədər həm dərslər keçirilir, həm dərsdən sonra ev tapşırıqları yerinə yetirilir və əlavə məşğələlər keçirilir. 

Bütün bu xidmətlər qeyd olunan məbləğin içərisindədir ki, bu da valideyinlər üçün daha əlverişlidir. Həmçinin şagirdlərin səhərdən axşama qədər qidalanmaları da qiymətə daxil edilir ki, bu da kifayət qədər yaxşı haldır. Ona görə də hal-hazırda qiymətlər nə qədər baha olsa da valideynlər üçün bu, daha sərfəlidir”.

Kamran Əsədov özəl məktəblərdə qiymətlərin ilbəil artmasına əsas səbəbinin ölkədədəki inflyasiya, qiymət artımı ilə əlaqədar olduğunu bildirib:

“Təbii ki, qiymətlər keçən illə müqayisədə 250-300 manat civarında artıb. Hətta bəzi yerlərdə 500 manata qədər artım var. Yəni qiymətlərin artması da xidmətlərə öz təsirini göstərir”.

Nəticə olaraq...

Deyilənlərdən belə qənaətə gəlmək olar ki, şəhərimizdə lisey və gimnaziyalara marağın böyük olması birbaşa prestij və yaratdığı imkanlardan dolayıdır. Ödənişin yüksək olması isə birbaşa bu sahədə seçimin çox olmamasından irəli gəlir. Təbii ki, məqsəd təhsil almaq, uğur qazanmaqdırsa, dövlət məktəbində də bunu heçbir ödəniş etmədən reallaşdırmaq mümkündür. 

 

ƏN ÇOX OXUNANLAR

0.10136198997498