• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Universitetlərdə üçillik təhsil təklifi - hansı ixtisaslarda ixtisar ola bilər?



Azərbaycanda bəzi ali məktəblərdə ixtisasların tədris müddəti azaldıla bilər. Bunu elm və təhsil naziri Emin Əmrullayev bir neçə gün öncə keçirdiyi brifinqdə deyib.

“Ali məktəblərdə bəzi ixtisasların tədris müddətinin 4 ildən 3 ilə salınması ilə bağlı məsələ pilot layihə çərçivəsində növbəti illərdə həyata keçiriləcək”, - deyə nazir bildirib.

Onun sözlərinə görə, bu, təhsilalanların sayının artırılmasına da səbəb olacaq: “Hesab edirəm ki, bu, faydalı olacaq. Bu dəyişikliyin informasiya texnologiyaları və turizm sahəsində edilməsi nəzərdə tutulur”.

Bəs görəsən, ali təhsil müəssisələri bu yeniliyi necə qarşılayır? Tədris müddətinin aşağı salınması təhsildə keyfiyyətə təsir etməyəcək ki?

Azərbaycan Turizm və Menecment Universitetin Turizm biznesi kafedrasının dosenti Bahadur Bilalov “Sputnik Azərbaycan”a bildirib ki, Avropanın bəzi universitetlərində turizm təhsili üç ildir: “Elə bizim əməkdaşlıq etdiyimiz Avstriyanın İMC Krems Universitetində də təhsil üç ildir. Amma bir məsələ var ki, Avropada orta məktəb 12 illikdir. Bu səbəbdən bizim bakalavr təhsil proqramlarında olan fənlər (məsələn, ölkə tarixi və digərləri) orta məktəbin 12-ci sinfində tədris olunduğundan, bakalavr proqramına salınmır. Bunun hesabına 3 illik proqram tətbiq edilir”.

Azərbaycan Texniki Universitetinin (AzTU) İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Fərqanə Musayeva agentliyzə deyib ki, bakalavriat səviyyəsi üzrə turizm və bəzi texnoloji ixtisasların təhsil müddətinin azaldılması beynəlxalq təcrübədə rast gəlinən haldır. Dünyanın bir çox nüfuzlu universitetlərində uyğun ixtisaslar üzrə təhsil dövrü 3 il müddətinə nəzərdə tutulub: “Sözügedən ixtisaslar üzrə qəbul olunan təhsil proqramları ixtisasın peşə kompetensiyalarını əhatə etdiyi, həmiçinin tədrisin qrafiki düzgün planlaşdırıldığı təqdirdə mümkün sayıla bilər. Vacib olan təhsil proqramlarının yekununda məzunlarda əmək bazarına uyğun müvafiq peşə bacarıqlarını və analitik düşüncə tərzini formalaşdırmaqdır”.

Müstəqil ekspertlər isə o fikirdədirlər ki, Azərbaycanda bəzi ixtisaslar üzrə təhsil müddətinin 4 il olması prosesin süni şəkildə uzadılmasıdır. Turizm, jurnalistika, kitabxanaçılıq, informasiya texnologiyaları və s. ixtisaslar üzrə təhsil müddətinin uzadılması keyfiyyət amilini artırmır. Əksinə, bəzi hallarda bu ixtisasa yiyələnəcək tələbələrin lazımsız fənlərlə yüklənməsinə, beləliklə də əmək bazarına bir il gec daxil olmasına səbəb olur. Odur ki, ekspertlər Azərbaycanda bəzi ixtisaslar üzrə tədris müddətinin aşağı salınmasını zəruri hesab edirlər. Başqa hansı ixtisaslarda təhsil müddətini azaltmağa ehtiyac var?

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, təhsil tədqiqatçısı Elmin Nuri mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini açıqlayıb. O deyib ki, bəzi ali məktəblərimizdə bir çox ixtisasların tədris müddətinin azaldılmasını təqdirəlayiq hal hesab edir: “Düşünürəm ki, biz bu mərhələdə hələ  gecikmişik də. Və hələ də gecikməkdə davam edirik. Çünki bu barədə hələlik ancaq fikirlər səsləndirilib. Nə zaman gerçəkləşəcək, bunu demək çətindir. Şəxsən mən bunun tezliklə həyata keçəcəyini ehtimal etmirəm. Artıq dünyada ali təhsilə baxış tamamilə dəyişib. Yeni təhsil çağırışları tədris prosesinə olan münasibəti də dəyişib. Bizdə isə 40-50 il bundan əvvəl olan tədris müddəti, proqramı hələ də qalmaqdadır. Artıq dünyada Xan Akademy kimi virtual ali təhsil platformaları var. Burada təhsil müddəti ixtisaslarda asılı olmayaraq iki illik limiti keçmir. Hətta elə ixtisaslar var ki, onların tədris müddəti cəmi üç aydır”.

Tədqiqatçı əlavə etdi ki, bu gün ABŞ-ın Florida Universiteti, Massaçusets, Kolumbiya, Arizona kimi universitetləri, İngiltərənin London Kral Kolleci kimi müəssisələr bir çox proqramları mobilləşdirilmiş şəkildə, onlayn əsaslarla tədris edirlər:

“Çünki burada əsas tələb əmək bazarının nə istədiyidir. Tələbə sırf əmək bazarının tələbi istiqamətində formalaşdırılacaqsa, o zaman onun ehtiyacı olandan əlavə vaxt itirməyə heç ixtiyarı yoxdur. O itirdiyi zaman kəsimini də əmək bazarında, iş mühitində təcrübə qazanmağa sərf edə bilər. Təəssüf ki, bizdə bu məsələyə hələ də dırnaqarası baxılır. İnanın, bu gün əksər universitetlərimizdə tələbələri sırf əmək bazarının tələblərinə uyğun formalaşdırılması aparılsa, orada təhsil müddəti heç iki ili belə ötməz. Biz isə ilk iki kursda tələbəni qeyri-əsas fənlərlə yükləməklə, onu ixtisas üçün vacib olan deyil, ümumi humanitar-ictimai sahənin dataları ilə yükləməklə tədrisdən də soyuduruq, əlavə zamanını da alırıq.

Daha dərinə getsək, elə bizdə də universitetlərdə əksər ixtisaslar üzrə tədris müddəti elə iki ildir. Amma necə? Yalnız ixtisas əsaslı praktiki dərsləri nəzərə alsaq, bu dərslər əsasən III-IV kursda keçirilir, ilk iki kurs isə bizdə hələ də tələbəni izafi biliklərlə yükləmək və universitetə isinişdirmək dövrü sayılır. Amma bütün bunlar artıq geridə qalmalıdır. Dediyim kimi, bu məsələdə çox gecikirik. Hər bir ixtisas yalnız əmək bazarının tələbi istiqamətində tədris olunmalıdır. Elə ixtisas var ki, onda bu tələbin həyata keçmə müddəti iki, eləsi var ki, üç il ola bilər.

Fikrimcə, jurnalistika ixtisası üzrə tədrisi əmək bazarının meyarları əsasında aparsaq, onun təhsil müddəti maksimum bir il olar. Ona görə də ali təhsil mühitində tədris müddəti ilə bağlı islahatlar aparmaq istəyiriksə, o zaman bir neçə detala xüsusi diqqət etməliyik:

Birincisi, ön planda hər zaman nəzəri biliklər deyil, praktiki bacarıqlar yer almalıdır. Amma bir şərtlə, “nəzəri informasiya yararsızdır” deyib, onu ümumiyyətlə yox saymamalıyıq. Sadəcə, o kapitanlığı praktiki tətbiqə verməlidir.

İkincisi, hər bir ixtisas yalnız və yalnız əmək bazarının tələbləri əsasında tədqiq edilməli, çıxarılan nəticələr əsasında onun tədrisinə başlanmalıdır. Üçüncüsü isə hər bir ixtisasın tədris özəlliyi dünya təcrübəsi ilə tutuşdurulmalı və oradakı məziyyətlər burada da tətbiq edilməlidir".

ƏN ÇOX OXUNANLAR

0.11872386932373