Türkiyə Super Liqasının 30-cu həftəsində "Fənərbağça"nın səfərdə "Trabzonspor"a 3:2 hesabı ilə qalib gəldiyi matçdan sonra meydanda əlbəyaxa dava düşüb.
Ölkə.Az xəbər verir ki, hakimin oyunu bitməsi barədə verdiyi fitdən sonra “Fənərbağça”lı futbolçular və texniki heyət meydanın ortasına toplaşıb qələbəni qeyd etmək istəyərkən xoşagəlməz vəziyyətlə üzləşiblər.
Belə ki, "Trabzonspor"un azarkeşləri meydana çıxıb fənərlilərə fiziki zor tətbiq etməyə başlayıblar. Nəticədə fənərlilərlə trabzonlu azarkeşlər arasında əlbəyaxa dava düşüb. Təhlükəsizlik qüvvələri nə qədər çalışsa da, davanın qarşısını ala bilməyib.
Təhlükəsizlik qüvvələrinin müdaxiləsi ilə qonaq komanda tunellə paltardəyişmə otağına aparılıb.
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sosial media hesabında “Trabzonspor” – “Fənərbağça” matçında baş verən meydan hadisələri ilə bağlı araşdırma başlandığını açıqlayıb.
Daxili işlər naziri açıqlamasında "Futbol matçından sonra meydana daxil olan tamaşaçılarla bağlı müəyyənləşmə işləri və matçdan sonra baş verən hadisələrlə bağlı dərhal araşdırma başladıldı. İdman hər şeydən əvvəl əlicənablıqdır. Bu, heç vaxt qəbul edilə bilməz. Futbol meydançalarında şiddətli hadisələrin baş verməsi yolverilməzdir. Hadisələr barədə ictimaiyyətə məlumat veriləcək”, deyib.
Gənclər və idman naziri Osman Aşkın Bak deyib ki, yaşananlar idmanın dostluq və qardaşlıq ruhuna uyğun gəlmir.
Türkiyə Futbol Federasiyasından isə məsələ ilə bağlı açıqlama verilərək bildirilib ki, bu cür hadisələrin təkrarlanmaması üçün araşdırmalar başa çatdıqdan sonra hadisələrə görə məsuliyyət daşıyanlara qarşı lazımi cinayət cəzalarının tətbiq olunacağına heç kimin şübhəsi olmasın.
Bir çoxları hesab edir ki, davaya səbəb “Fənərbağça”nın futbolçusu Jayden Oostervoldenin tribunalara doğru xoşagəlməz hərəkət nümayiş etdirməsi olub.
Mürtəza
Ölkə.Az