Paşinyan Rusiyanın Ermənistandakı hərbi mövcudluğunu özünün hakimiyyəti üçün çox ciddi təhlükə görür.
Ölkə.az xəbər verir ki, bunu beynəlxalq münasibətlər üzrə mütəxəssis Sergey Melkonyan deyib.
Onun sözlərinə görə, bu gün hələ də Rusiya ilə Ermənistan arasındakı münasibətlərdə, xüsusən də hərbi sahədə əməkdaşlıq məsələlərində qeyri-müəyyənlik hökm sürməkdədir.
O əlavə edib ki, ona görə də Paşinyan Rusiyanın Ermənistandakı hərbi mövcudluğunu təhlükəsizliyin qarantı kimi deyil, təhdid kimi görür. "Görünür, daxili nöqteyi-nəzərdən bu, Rusiyanın hərbi mövcudluğunu nəzərə alaraq Ermənistanda çevriliş edə biləcəyi qorxusu deməkdir. Xarici nöqteyi-nəzərdən bunu Rusiyanın hərbi mövcudluğunun Türkiyə üçün problem olması kimi başa düşmək olar”, - Melkonyan bildirib.
Ekpsertin fikrincə, Ermənistan hərbi əməkdaşlıqla bağlı ikitərəfli sənəddən çıxmaya bilər, lakin vəziyyət tədricən de-fakto ona gətirib çıxara bilər ki, ölkədə, o cümlədən sərhəddə Rusiya sərhədçiləri olmayacaq.
Ekspert Ermənistanın Rusiya üçün ekzistensial əhəmiyyət daşıdığını göstərən heç bir göstərici görmür.
“Eyni zamanda, Rusiyanın Ermənistanda yalnız Rusiya ilə həmsərhəd olmayan NATO ölkəsinin (Türkiyə) sərhədləri yaxınlığında hərbi mövcudluğu var. Bu, türk qoşunlarının hərəkətini izləməyə imkan verir. Bundan əlavə, Ermənistandan Suriyaya uçmaq çox rahatdır. Həmçinin Ermənistanda olmaq Gürcüstanın cənubunda mövcudluq deməkdir.
Eyni zamanda, biz Rusiyanın başqa ölkələrə reeksport etdiyi ilk üç ölkə arasında belə deyilik. Odur ki, hətta bu məsələdə Ermənistan çoxlarının düşündüyü kimi Rusiya üçün xüsusi əhəmiyyət kəsb etmir. Moskva anlayır ki, Ermənistana qarşı iqtisadi sanksiyalar Rusiyanın özünə qarşı işləyəcək və əks reaksiyaya səbəb olacaq. Amma əgər Ermənistan birdən-birə ikitərəfli və çoxtərəfli müqavilələrdən çıxmaq qərarına gəlsə, o zaman özü də bugünkü imkanlarını itirə bilər”, - Melkonyan bildirib.
Mürtəza
Ölkə.Az