2040-cı ilə kimi İtaliyanın şimalında əhalinin sayının 2,3 milyon nəfər azalacağı və demoqrafik “buz dövrü” yaşanacağı gözlənilir.
Axar.az xəbər verir ki, Nordest Fondunun araşdırmasına görə, miqrasiya olmadığı və mövcud doğum tendensiyası dəyişmədiyi halda 17 ildən sonra Şimali İtaliyada əhalinin sayı 2023-cü ildəki 27,4 milyon nəfərlə müqayisədə 25,1 milyon nəfərə enəcək. Regional səviyyədə isə əhali sayında ən böyük azalma 673 min nəfərlə Lombardiya, 493 min nəfərlə Pyemont və 387 min nəfərlə Venetoda müşahidə olunacaq. Xüsusilə Venetoda əhalinin sayı hazırkı 4,8 milyon nəfərlə müqayisədə 2030-cu ildə 4,6 milyon nəfərə, 2040-cı ildə isə daha da geriləyərək 4,4 milyon nəfərə enəcək və əhali sayında ümumilikdə 8 faiz azalma proqnozlaşdırılır.
İtaliya Milli Statistika İnstitutunun (İSTAT) məlumatına əsasən, 2013-cü ildən etibarən ölkədə doğum hallarının sayı azalır və bu tendensiya ardıcıl 11-ci ildir davam edir. Belə ki, ölkədə 2008-ci ildəki 577 min doğum halı ilə müqayisədə 2023-cü ildə bu rəqəm cəmi 379 min olub. Ölkə üzrə bir qadına düşən uşaqların orta sayı isə 2022-ci ildəki 1,24-lük göstərici ilə müqayisədə 2023-cü ildə 1,2-yə enib.