Ukraynanın baş komandanı Aleksandr Sırski bildirib ki, şərq cəbhəsində vəziyyət xeyli pisləşib və Ukrayna ordusu güclənən Rusiya Federasiyasının çoxşaxəli hücumunu dayandırmaq üçün əlindən gələni edir.
"Ölkə.az" xəbər verir ki, eyni zamanda "Financial Times"ın Ukrayna və Qərb rəsmilərinə istinadən verdiyi məlumata görə, Rusiya qoşunları yayda eyni anda dörd istiqamətdə irəliləməyi planlaşdıra bilər.
"Rusiya Donetsk, Xerson, Luqansk və Zaporojye vilayətlərində daha çox ərazi ələ keçirmək ümidi ilə yazın sonunda və ya yayda genişmiqyaslı hücuma hazırlaşır. Rəsmi Kiyev Moskvanın Ukraynanın şimal-şərqindəki ikinci ən böyük şəhəri Xarkova hücum planlaşdıra biləcəyindən də narahatdır", deyə qəzet yazır.
Qeyd olunur ki, hazırda Rusiyanın əsas səyləri Baxmutdan cəmi 15 km qərbdə yerləşən Çasov Yar ətrafında cəmlənib.
"Bu, çox güman ki, mühüm döyüş olacaq. Çasov Yar yüksək müdafiə meydanındadır. Əgər Rusiya şəhəri ələ keçirsə, gözlənilən yay hücumunun bir hissəsi olaraq, Donetsk vilayətinə doğru irəliləyiş sürətini artıra bilər", deyə Xarici Siyasət Araşdırmaları İnstitutunun Avrasiya Proqramının baş elmi işçisi Rob Li bildirib.
O bildirib ki, sursat tədarükünün dərhal artırılması Ukrayna qüvvələri üçün kritik əhəmiyyət kəsb edə bilər.(Qaynarinfo)