• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Putinin Bakı səfəri, erməni lobbisinin qarayaxma kampaniyası



Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfəri bir çox güclərin, xüsusən də Ermənistan və onların havadarlarının yuxusunu ərşə çəkib. Bu səbəbdən də görüşün əhəmiyyətinə kölgə salmaq, Azərbaycanın digər dostları ilə münasibətlərinə xələl gətirmək üçün dəridən-qabıqdan çıxmaqdadırlar. Elə son günlərdə Ukraynada SOCAR-ın boykot edilməsi ilə bağlı kampaniyanın arxasında da bu qüvvələrin dayandığı aydındır. Bu qüvvələr “Qazprom”la SOCAR arasında çoxşaxəli strateji tərəfdaşlığın genişləndirilməsi haqqında razılığa gəlməsindən Bakı ilə Kiyev arasındakı strateji xarakter daşıyan münasibətlərinə kölgə salmağa çalışırlar.

Birincisi onu qeyd etmək lazımdır ki, "Qazprom"la SOCAR arasındakı əməkdaşlıq münasibətləri yeni deyil, artıq bir neçə ildir sıx əməkdaşlıq edilir. 

Hələ 2022-ci ildə SOCAR-la "Qazprom" arasında qaz alqı-satqısı barədə müqaviləsi imzalanıb. Sənəddə SOCAR-la “Qazprom” arasında son 10 ildə qaz tədarükü, həmçinin qaz-kimya müəssisələrində qazdan istifadə sahəsində müntəzəm olaraq, əməkdaşlıq etdiyi, həmçinin qaz axınlarının qarşılıqlı mübadiləsinin təşkili ilə öz infrastrukturlarını optimallaşdırılması əksini tapıb.

2022-ci ilin noyabrın 15-də imzalanan müqaviləsi çərçivəsində Rusiya qazının Azərbaycana tədarükü başlayıb. Müqavilə 2023-cü ilin mart ayına qədər 1 milyard kubmetrədək qaz tədarükünü nəzərdə tutub.

Bu əməkdaşlığın sonrakı dövrdə daha da inkişaf etdirilməsi barədə qərar verilib.
İkincisi, "Qazprom"la SOCAR arasında çoxşaxəli strateji tərəfdaşlığın genişləndirilməsi haqqında razılığa gəlməsinin əsas səbəbkarı elə Ukraynanın özüdür. Kiyevin verdiyi qərara əsasən 2024-cü ilin sonundan etibarən "Qazprom"un Ukrayna üzərindən Avropaya nəqli dayandırılır. Baxmayaraq ki, Avropa Ukrayna üzərindən rus qazının nəqlində maraqlı olsa da, Kiyev mövqeyində israrlıdır. Bu məsələ Qərb mediasında ciddi müzakirəyə səbəb olub.

Bloomeberg"in iyun ayında bu məsələyə həsr olunan məqaləsində qeyd olunub ki, belə olan halda Rusiya qazı birbaşa Ukrayna üzərindən Avropaya deyil, Azərbaycan üzərindən Ukrayna çatdırılması və oradan Avropa ölkələrinə nəqli variantı üzərində işlənilir. "Ukrayna ərazisindən tranzitin davam etdirilməsi üçün işlək variantlardan biri Azərbaycan qazının Avropa şirkətləri tərəfindən alınması ola bilər ki, bu da daha sonra Ukraynadan keçərək Avropaya getməlidir.  SOCAR “Qazprom”un alıcılarına tədarük məsələsini öz üzərinə götürərək onları qazla təmin edir. 

Avstriya, Çexiya, Macarıstan, İtaliya, Slovakiya və Ukraynaya məxsus şirkətlər bu planı müzakirə etməyə hazırdırlar. Avstriya, Çexiya, İtaliya, Macarsıtan, Slovakiya və Ukrayna bu məsələni müzakirə etməyə hazırdır", - nəşr yazır.

Odur ki, seçim qarşısında qalan nəinki Avropa, hətta Ukrayna özü belə bir vaiantla razılaşıb. Ona görə də Bakının Moskva ilə bu sahədə əməkdaşlığına kölgə salmaq spekulyasiya və manipulyasiyadan başqa bir şey deyil. Bu baxımdan da Bakını Rusiyanı Qərbin sanksiyalarından yan keçməsində ittiham etmək absurd və əsassızdır.

Ukraynalı iqtisadçı Anatoli Amelin “nv.ua”ya yazdığı məqaləsində Azərbaycandan Aİ-yə Ukrayna üzərindən qaz tranzitinin müsbət və mənfi tərəfləri qeyd olunub.

Amelin də prezident Zelenskinin Azərbaycanla bağlı səsləndirdiyi sitatı təkrarlayaraq qeyd edib ki, Azərbaycan Ukraynanın strateji tərəfdaşıdır.

Amelin Azərbaycanın həqiqətən də müharibə dövründə Ukraynaya çox kömək etdiyini vurğulayıb. 

O bildirib ki, hesablamalarına görə, bu məbləğ Azərbaycan tərəfinin açıqladığından təxminən iki dəfə çoxdur və təxminən 80 milyon dollar təşkil edir.

Daha sonra yazıb:

"Azərbaycan Avropanın təşəbbüsü ilə Rusiya qazının Avropa bazarında (Rusiyanın razılığı və dəstəyi ilə) əvəzlənməsi ilə bağlı prosesdə iştirak edir.

Çox güman ki, Avropa ilə Azərbaycan arasında razılaşma olacaq və faktiki olaraq Rusiya qazı Ukrayna ərazisindən təkrar ixrac ediləcək".

O həmçinin əlavə edib ki, bu yolla Ukrayna qaz tranzitindən gəlir əldə edəcək.
Ukraynalı iqtisadçı onu da əlavə edib ki, əslində, Kiyev özü bu yolla Ukraynaya qarşı müharibədə Rusiya büdcəsini doldurmağa kömək etmiş olcaq.

Növbəti məqam ondan ibarətdir ki, rəsmi Bakı Rusiya-Ukrayna müharibəsinin ilk günündən Kiyevə yaxından humanitar və siyasi dəstək verib. Müharibənin başladığı ilk günlərdən indəyədək rəsmi məlumatlara görə, 40 milyon dollardan artıq humanitar və digər zəruri avadanlıqlarla təmin olunması sahəsində yardım göstərib. Bundan əlavə olaraq, Azərbaycan İrpen şəhərində dağıdılan məktəbi yenidən bərpa edib. Ukraynada fəaliyyət göstərən SOCAR təmənnasız olaraq Ukraynaya yanacaq məsələsində yardım edib. Ukraynalı yeniyetmələr Azərbaycanda reablitasiya prosesində iştirak edib.

Ukraynada çox böyük erməni diasporasının olmasına baxmayaraq Ermənistan bu ölkəyə cəmi bir neçə dəfə kiçik həcmdə humanitar yardım edib.
Bunun əvəzində isə Ermənistan Rusiyanın Qərbin sanksiyalarından yayınmasına kifayət qədər dəstək verib. Ermənistanın sanksiyalardan yayınaraq Rusiyaya dəstək verməsi Qərb rəsmiləri və mediası tərəfindən dəfələrlə dilə gətirilib. Hətta ABŞ-nin Rusiyaya dəstək verən şirkətlərə qarşı tətbiq etdiyi sanksiyalar arasında bir neçə erməni şirkəti də var.

"New York Times" qəzetinin məlumatına görə, İrəvan Rusiyaya Qərbin sanksiyalarından yayınmağa yardım edərək bu ölkəyə elektron çiplər və digər elektronik avadanlıqlar satıb. Bu avadanlıqlar da Ukraynaya qarşı istifadə edilən pilotsuz təyyarələrin və raketlərin əsas hisslərinin istehsalında istifadə olunur. Nəşr yazır ki, Ermənistan 2022-ci ildə bu adda ixrac etdiyi məhsulların 97%-ni Rusiyaya satıb. 

Bunu Ermənistanla Rusiya arasındakı son illərdəki ticarət dövriyyəsi də sübut edir. 2024-cü ilin mayın 8-də Kremldə Ermənistan baş naziri Paşinyanla görüşən Rusiya prezidenti Putin    iki ölkə arasında ticarət dövriyyəsinin əvvəlki illərdən daha da artaraq rekord həddə çatdığını bəyan edib. 

"2023-cü ildə Ermənistanla Rusiya arasında ticarət dövriyyəsi 7 milyard dollardan çox olub", - Putin deyib. Ermənistanın rəsmi statistik məlumatına görə, bu rəqəm 2021-ci ilə müqayisədə 2,8 dəfə çoxdur. 

Müqayisə üçün isə qeyd edim ki, 2023-cü ildə Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 2022-ci illə müqayisədə 17,5% artaraq 4,358 milyard dollar təşkil edib. Hansı ki, Azərbaycanla Rusiya arasında qarşılıqlı iqtisadi münasibətlərin inkişafının potensialı Ermənistandan qat-qat üstündür. 

O zaman sual oluna bilər ki, son iki ildən Ermənistanla Rusiya arasındakı ticarət dövriyyəsinin 3 milyarddan 7,3 milyarda qalxması hansı imkanlar hesabına olub. Ermənistanın mövcud şəraitdə Rusiya ilə ticarət dövriyyəsini inkişaf etdirmək üçün imkanlara malik deyil. Bu artım təbii ki, Rusiyaya qadağan olunmuş məhsulların sanksiyalardan yayınması yolu ilə ixracı nəticəsində mümkün olub.

Son olaraq qeyd etmək istərdim ki, Ermənistanın, erməni lobbisi və onun havadarlarının Azərbaycana qarşı həssas məqamlardan istifadə etməklə həyata keçirdiyi növbəti qarayaxma kampaniyası nəticə etibarilə yenə də iflasa uğrayacaq. Çünki Ukrayna rəhbərliyi Azərbaycanın mövqeyini yaxşı bilir.

Mürtəza
Ölkə.Az

ƏN ÇOX OXUNANLAR

0.0593581199646