İcbari tibbi sığorta fondunun vəsaiti hesabına maliyyələşdirilən dərman vasitəsinin effektivliyinə nail olunmadıqda dərman vasitəsinə görə ödənilən vəsait sığortaçıya geri qaytarılacaq.
Ölkə.Az xəbər verir ki, növbəti ildən ambulator, stasionar müalicə alan şəxslərin dərman vasitələrinin icbari tibbi sığorta fonud hesabına ödənilməsi nəzərdə tutulur. Bununla bağlı “Əhalinin sağlamlığının qorunması haqqında” və “Tibbi sığorta haqqında” qanunlara bir sıra dəyişikliklər nəzərdə tutulub. Yuxarıda qeyd etdiyimiz dəyişiklik də həmin qanunlarda öz əksini tapıb.
Qanunun 15-23-2.1.2. maddəsində icbari tibbi sığorta fondunun vəsaiti hesabına maliyyələşdirilən dərman vasitəsinin proqnozlaşdırılan effektivliyinə nail olunmadıqda dərman vasitəsinə görə ödənilən vəsaitin müqavilə ilə razılaşdırılmış hissəsinin dərman vasitəsinin dövlət qeydiyyatı haqqında vəsiqənin sahibi tərəfindən sığortaçıya geri qaytarılması əksini tapıb.
Qanunun 15-23-2.1 maddəsinə isə aşağıdakı dəyişikliklər nəzərdə tutulur: "Sığortaolunanların ambulator və stasionar şəraitdə istifadə olunan dərman vasitələrinə əlçatanlığının artırılması və icbari tibbi sığorta fondunun maliyyə sabitliyinin təmin olunması məqsədilə sığortaçı və dərman vasitəsinin dövlət qeydiyyatı haqqında vəsiqənin sahibi arasında aşağıdakı şərtlərdən birinin və ya hər ikisinin nəzərdə tutulduğu icbari tibbi sığorta çərçivəsində dərman vasitələrinə əlçatanlığın artırılması və maliyyə risklərinin bölüşdürülməsi haqqında müqavilə bağlanıla bilər:
15-23-2.1.1. icbari tibbi sığorta fondunun vəsaiti hesabına maliyyələşdirilən dərman vasitəsinin proqnozlaşdırılan istifadə həcmi müqabilində dərman vasitəsinin dövlət qeydiyyatı haqqında vəsiqənin sahibi tərəfindən endirimlərin tətbiq edilməsi nəzərdə tutulur".
Adıçəkilən qanun layihələri Milli Məclisin noyabrın 29-da keçirilcək plenar iclasında ikinci oxunuşda müzakirəyə çıxarılacaq.
Mürtəza
Ölkə.Az