• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

10 mindən az üzvü olan partiyalar dövlət qeydiyyatına ALINMAYACAQ



Siyasi partiyanın dövlət qeydiyyatına alınması qaydası müəyyənləşir.

Bu barədə məlumat “Siyasi partiyalar haqqında” yeni qanun layihəsində yer alıb. Layihəyə əsasən, dövlət qeydiyyatına alınması üçün siyasi partiyanın azı 10 min üzvü olmalıdır.

Siyasi partiyanın səlahiyyətli şəxsi bu Qanunda müəyyən edilmiş müddət bitəndən sonra 10 gündən gec olmayaraq siyasi partiyanın dövlət qeydiyyatına alınması üçün “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edir.

Bu Qanuna uyğun olaraq reyestrin təqdim edilməməsi və ya bu Qanunla müəyyən edilmiş müddətlərə əməl olunmaması siyasi partiyanın dövlət qeydiyyatından imtina edilməsinə səbəb olur.

Siyasi partiya üzvlərinin reyestrində baş vermiş sonrakı dəyişikliklər barədə ildə iki dəfə (yanvar ayının 15-dək və iyul ayının 15-dək) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat təqdim edir.

Siyasi partiya dövlət qeydiyyatına alındığı tarixdən 3 gün müddətində bu barədə məlumatı mediada dərc etdirir və (və ya) yayımlayır.

Siyasi partiyanın dövlət qeydiyyatı ilə bağlı (o cümlədən bu Qanunun 30-cu maddəsində nəzərdə tutulmuş halda) digər məsələlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

“Siyasi partiyalar haqqında” yeni qanun layihəsində o da qeyd edilir ki, Azərbaycanda siyasi partiyaların təsis edilməsinə və fəaliyyətinə yol verilməyəcəyi hallar müəyyənləşir.

Layihəyə əsasən, Siyasi partiyaların aşağıdakı məqsədlə təsis edilməsinə və fəaliyyətinə yol verilmir:

- Azərbaycan Respublikasının Konstitusiya quruluşunun zorla dəyişdirilməsi, ərazi bütövlüyünün parçalanması, hakimiyyətin zorla ələ keçirilməsi və ya saxlanması, kütləvi iğtişaşlara, terrorçuluğa açıq çağırışlar edilməsi;
- terrorçuluğun, dini ekstremizmin, zorakılığın və qəddarlığın, habelə irqi, dini, mənşə, cinsi, etnik və digər ayrı-seçkiliyin, həmçinin sağlamlığın və ətraf mühitin qorunmasına zidd olan hərəkətlərin təbliği;
- irqi, dini və ya etnik düşmənçiliyin salınması.

Eyni zamanda layihəyə görə, Azərbaycan Respublikasının ərazisində xarici dövlətlərin siyasi partiyalarının, habelə onların bölmələrinin və təşkilatlarının təsis edilməsinə və fəaliyyətinə yol verilmir.

Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, dövlət orqanlarında (qurumlarında), yerli özünüidarəetmə orqanlarında, təhsil müəssisələrində, həmçinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq mülkiyyətçinin təşkilati-hüquqi formasından, adından və fəaliyyət növündən asılı olmayaraq yaratdığı hüquqi şəxsdə, onun və xarici hüquqi şəxsin filialında, nümayəndəliyində siyasi partiyaların təsis edilməsi və fəaliyyəti qadağandır.

Siyasi partiyaların fəaliyyəti onların üzvlərinin Azərbaycan Respublikasının Konstitusiyasında, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarında təsbit olunmuş əsas insan və vətəndaş hüquq və azadlıqlarının məhdudlaşdırılmasına yönələ bilməz.

Eyni zamanda layihəyə görə, son 20 ildə Azərbaycanda yaşamamış şəxslər siyasi partiya yarada bilməz. 

Qanun layihəsinin “Siyasi partiyanın təsis edilməsi, dövlət qeydiyyatı, fəaliyyətinə nəzarət, fəaliyyətinin dayandırılması və bərpası, siyasi partiyanın ləğvi” adlı II fəslinin 5-ci maddəsinin birinci bəndində bu barədə deyilir:

“Siyasi partiya Azərbaycan Respublikasının ərazisində son 20 il daimi yaşayan Azərbaycan Respublikasının tam fəaliyyət qabiliyyətli olan azı 200 vətəndaşı (təsisçilər) tərəfindən təsis edilir”.

“Siyasi partiyalar haqqında” yeni qanun layihəsində o da qeyd edilir ki, maliyyə hesabatını müvafiq qaydada təqdim etməyən siyasi partiyalara dövlət maliyyə yardımı ödənilməyəcək.

Layihəyə əsasən, siyasi partiya bu Qanunla müəyyən edilmiş tələbləri nəzərə almaqla “Mühasibat uçotu haqqında” qanuna uyğun olaraq mühasibat uçotunu aparır və maliyyə hesabatını tərtib edir.

Siyasi partiya tərəfindən illik maliyyə hesabatı auditor rəyi ilə birlikdə hər il aprel ayının 1-dən gec olmayaraq Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim edilir.

Maliyyə hesabatında, o cümlədən üzvlük haqqı ödəyən siyasi partiya üzvlərinin sayı, həmçinin siyasi partiyanın qəbul etdiyi ianələrin məbləği qeyd edilir.

Siyasi partiyanın maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

Mərkəzi Seçki Komissiyasının müraciəti əsasında siyasi partiya maliyyə fəaliyyətinə dair əlavə məlumatları və sənədləri təqdim etməlidir.

Siyasi partiya illik maliyyə hesabatını auditor rəyi ilə birlikdə mediada dərc etdirir. Mərkəzi Seçki Komissiyası siyasi partiyanın illik maliyyə hesabatını özünün rəsmi internet səhifəsində yerləşdirir.

Maliyyə hesabatı müvafiq qaydada təqdim edilmədikdə siyasi partiyaya həmin ilin qalan rübləri üzrə dövlət maliyyə yardımı ödənilmir. Qeyd edilən pozuntu növbəti ildə təkrarlandığı halda siyasi partiyaya həmin ilin qalan rübləri üzrə, həmçinin növbəti 3 il ərzində dövlət maliyyə yardımı ödənilmir.

 

ƏN ÇOX OXUNANLAR

  • 40
Avro və rubl bahalaşdı
0.30906891822815