• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Azərbaycanda metro stansiyaların tikintisi niyə ləngiyir? - AÇIQLAMA



Bir neçə gün öncə Bakı Metropoliteninin “Xocəsən” stansiyasını açılışı oldu.

Stansiya ilə bağlı bir sıra tənqidlər səslənsə də, əsas tənqidlərdən biri ölkəmizdə bir stansiyanın tikintisi və təhvil verilməsinin olduqca uzun vaxt aparması oldu. Çünki ötən günlərdə istismara verilən “Xocəsən” stansiyasının tikintisi üçün hazırlıq işləri 2014-cü ildə başlamışdı.  

İnşaat mühəndisi Azər Axundov “Baki.Media ”a açıqlamasında bildirdi ki, Bakıda metro tikintisinin sürəti bilavasitə tikintiyə ayrılan vəsaitdən asılıdır: “Sözsüz ki, Bakının yeraltı quruluşu mürəkkəbdir və bu tikinti zamanı bəzi gecikmələrə gətirib çıxarır. Adətən, 1 stansiyanın və tunellərin tikintisi 1.5-2 ilə bitirsə, mürəkkəb şəraitdə bu müddət 2.5-3 il ola bilər. Lakin bir stansiyanın 7-8 ilə tikilməsi birbaşa maliyyə vəsaitinin ayrılmaması ilə bağlıdır”, - deyən ekspert müasir texnologiyalar və tikinti metodları ilə demək olar ki, tikinti zamanı istənilən problemi həll etməyin mümkün olduğunu vurğulayıb:

“Dünyada Bakıdan da qəliz geoloji şəraiti olan şəhərlər var və bu şəhərlərdə metro tikintisi sürətlə davam edir. Sadəcə metro tikintisinə davamlı olaraq maliyyə vəsaiti ayrılmalıdır və bu halda istənilən stansiyanı və tunelləri 2-3 ilə bitirmək olar. Çox uzağa getməyək, elə yaşıl xəttin son açılmış 3 stansiyası buna əyani sübutdur. Belə ki, “Nəsimi” stansiyasının tikintisinə 2006-cı ildə başlanılmış və 2008-ci ildə stansiya təhvil verilmişdir. Həmçinin “Azadlıq prospekti” (2007-2009) və “Dərnəgül” (2009-2011) stansiyalarını da misal gətirmək olar. Göründüyü kimi, həmin zamanlar metro tikintisinə maliyyə vəsaiti yetərincə ayrıldığı üçün 1 stansiyanı ortalama 2 ilə təhvil verə biliblər. Bənövşəyi xəttin “8 Noyabr” stansiyasının tikintisi isə 2013-cü ildə başlamış, lakin 2021-ci ildə təhvil verilmişdir. Buna səbəb 2014-cü ildən metro tikintisinə yetərli vəsaitin ayrılmamasıdır. Bu gün Azərbaycanda metro tikintisi üçün yetərincə savadlı kadr və mütəxəssislər var, sadəcə, prioritet olan sahələri müəyyənləşdirib, stabil şəkildə maliyyə ayırmaq lazımdır”. 

“Xocəsən” stansiyasının açılışında Prezidentə tikintisi prioritet olan sahələr haqda məlumat verildi. Xətlərin ayrılması (127.5 milyon manat) “Dərnəgül” elektrik deposu (153.6 milyon manat), “Xətai” – “H.Aslanov” (“Xətai” stansiyasından sonra iki stansiyanın (Y-14 və Y-15) tikintisi – 607 milyon manat və 3 il müddət, “Y-15”- “Həzi Aslanov” xəttinin və iki yeni stansiyanın tikintisi - 715 milyon manat və 3 il müddət, ümumilikdə “Xətai”- “H. Aslanov” xətti 6.8 km uzunluğunda olacaq) və “Dərnəgül” – “Koroğlu” (4.6 km uzunluğunda “Dərnəgül”- “Koroğlu” xəttinin tikintisi və 3 stansiya – 893 milyon manat və 5 il müddət) hissəsinin tikintisi bu gün metro üçün prioritet sahələrdir. Prezidentə olunan təqdimatda da qeyd edildiyi kimi, bu işlərin görülməsi üçün təxminən 2.5 milyard AZN vəsaitə ehtiyac var. Yəni metro tikintisi üçün ildə 350-400 milyon AZN vəsait ayrılarsa, 5-6 ilə metrodakı problemlərin böyük qismi həllini tapa bilər. Gəlin razılaşaq ki, bu məbləğ müasir Azərbaycan üçün heç də fantastik məbləğ sayıla bilməz. Təkcə Qarabağa il ərazində təxminən 2 milyard manata yaxın vəsait xərclənir. Sözsüz ki, Qarabağa bu qədər vəsaitin xərclənməsi vacibdir, lakin Bakı şəhərinə ayrılan vəsaiti azaltmaq da doğru deyil. Bunu unutmamaq lazımdır ki, Bakı şəhəri illər sonra da ölkəmizdə ən çox əhalisi olan şəhər olacaq və 3 milyona yaxın insanın rahatlığı üçün Bakının da ictimai nəqliyyatına daimi nəzər yetirmək lazımdır”, - deyə A. Axundov əlavə edib.

Könül
Baki.Media

ƏN ÇOX OXUNANLAR

0.13081407546997