• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Çantası oğurlanan şəhid anası Sevinc Əhmədova: “Məni ağrıdan telefonumda övladlarımın fotolarının olmasıdır”



“Çantamla birgə onun içində oğurlanan nə pul, nə də mobil telefonun mənim üçün heç bir önəmi yoxdur. Tək məni ağrıdan telefonumda şəhid övladlarımın fotosu, videosu və səs yazılarının olmasıdır. Övladlarımın xatirəsindən yeganə təsəllimi oğurlayıblar. Oğrunun onları silib itirəcəyindən qorxuram”.

Yeniavaz.com xəbər verir ki, bu sözləri mingəçevirli iki şəhid anası Sevinc Əhmədova Şəhidlər Xiyabanında başına gələnlər barədə danışarkən deyib.

Zəfər yürüşündə eyni vaxtda iki oğlunu Əli və İslam Əhmədov qardaşlarını itirən şəhid anası başına gələnlərin ağlasığmaz və utancverici olduğunu deyib:

“Görünür Şəhidlər Xiyabanı heç də hər kəs üçün müqəddəs ünvan sayılmırmış. Belə olmasaydı, bu oğurluq hadisəsi də olmazdı. Həmişəkindən heç nə ilə fərqlənməyən bir ziyarətim idi. Oğullarımı ağladım, qəbirlərin üstünü, baş daşını və ətrafını təmizləməyə başladım. Çantamı övladlarımın birinin qəbrinin üstünə qoymuşdum. Özümdə deyildim. Bir də ayıldım ki, nə çanta var, nə də içindəkilər”.

Sevinc Əhmodovanın sözlərinə görə, çantada elə də çox pul olmayıb, mobil telefonu da bahalı olan mobil cihazlardan deyil. Onu ağrıdan şey belə bir yerdə oğurluq hərəkəti və ən əsas da telefonunun içində saxlayıb əzizlədiyi və təsəlli tapdığı xatirələrinin itməsidir:

“Polisə məlumat verilib və onlar oğrunu tapacaqlarına söz verib. Tək qorxduğum şey telefonun içindən övladlarımın şəkillərinin, videolarının və səs yazılarının silinə biləcəyidir. Olanım iki oğlum idi, onlar da bu vətən yolunda şəhid oldu. Yeganə təsəllim onlardan qalan telefonumdakı xatirələridir”.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, oğurluğu törədən şəxsin kimliyi müəyyən olunub. Onun saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilir.

ƏN ÇOX OXUNANLAR

  • 23
Unun qiyməti qalxdı
0.29124593734741