• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Xəyalları gerçəkləşdirən ordu



“Bu gün Azərbaycan xalqının gerçəkləşməsi mümkün olmayan xəyallarını, arzularını həyata keçirib nisgillərinə son verən, qələbə sevinci yaşadıb dünya xalqları içərisində başımızı uca edən müzəffər ordumuzun yaranma günüdür. Bu gün dünyanın harasında yaşamasından asılı olmayaraq Azərbaycan ordusu hər bir soydaşımızın və vətəndaşımızın qürur, şərəf, fəxr, and yeridir. Ordumuz bunu təkcə Azərbaycan xalqına deyil, ümumiyyətlə dünyaya öz peşəkarlığını, bacarığını, qəhrəmanlığını qanı bahasına sübut edib. Artıq bütün dünya Azərbaycan ordusunun qüdrətindən xəbərdardır və bununla hesablaşır”.

Bunu “Ölkə.Az”a açıqlamasında deputat İqbal Məmmədov deyib. 

Onun sözlərinə görə, bu gün Azərbaycan ordusu dünyanın ən güclü orduları sırasındadır. 

“Ordumuzun dünyanın ən güclü ordularından birinə çevrilməsinin bünövrəsi Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ulu öndər hələ zamanında bəyan edirdi ki, Azərbaycan üzləşdiyi işğal siyasətini və müstəqilliyinə olan təhlükəni ancaq güclü iqtisadiyyat və ordu vasitəsi ilə   həll etmək olar. O yaxşı bilirdi ki, müasir dünyanın üzləşdiyi  problemləri  beynəlxalq hüquq və onun norma, prinsipləri deyil, güc həll edir. Bunu cənab prezident İlham Əliyev də dəfələrlə bəyan edib. Ona görə də güclü olmaq lazımdır.  Belə də oldu.  Ulu öndərin Azərbaycanın gələcək inkişaf strategiyasına uyğun müəyyənləşdirdiyi siyasət, iqtisadi  cəhətdən inkişaf etdikcə  ölkəmiz tədricən qarşısında duran problemləri həll etməyə başladı.

Ulu öndərin siyasi irsinin layiqli davamçısı cənab İlham Əliyevin rəhbərliyi altında  isə Azərbaycan  hərtərəfli sıçrayışlı inkişaf mərəhələsinə qoydu. Ölkənin bütün sahələrində inqilabi inkişaf başladı, o cümlədən ordu quruculuğu sahəsində. Dövlətin müdafiə qabliyyətini artırıb, təhlükəsziliyini daha etirbarlı şəkildə təmin edilməsi məqsədi ilə ordu quruculuğu ilə paralel olaraq hərbi sənaye kompleksinin yaradılıb inkişaf etdirilməsi ölkə başçısının  yürütdüyü siyasətin ana xəttini təşkil etdi. Çox keçmədən cəmi bir neçə il ərzində Azərbaycan ordusu dünyanın ən güclü ordusu sırasında yer aldı.

Hərbi sənaye kompleksi də inkişaf mərəhələsinə qədəm qoydu və hazırda bu sektorda mindən artıq hərbi təyinatlı məhsul istehsal edilir. İstehsal olunan məhsullara xarici ölkələrə tərəfindən də çox böyük maraq göstərilir. Maraq olduğundan Azərbaycan hərbi sənaye kompleksinin istehsal etdiyi məhsulların  müəyyən qismi xarici ölkələrə ixrac edilir. Bu sahənin inkişaf etdirilməsi üçün Azərbaycan dünyanın aparıcı ölkələri, xüsusən də Türkiyə və İsraillə sıx əməkdaşlıq edir. Məqsəd bu sahəni inkişaf etdirməklə Azərbaycanın müdafiə qabliyyətini gücləndirib, təhlükəsizliyini daha etibarlı şəkildə təmin etməkdir. Həm də  gücünə əlavə güc qatmaqdır”, - o qeyd edib.

Deputat əlavə edib ki, bu qısa müddət ərzində yaradılan Azərbaycanın güclü ordusu qarşısına qoyulan  istənilən vəzifəni icra etməyə qadirdir: “Azərbaycan ordusu bunu istər 2016-ci ilin aprelindəki “4 günlük” müharibədə, istərə 2018-ci ildə Naxçıvanın Günnüt kəndinin ərazilərinin işğaldan azad edilməsində, istərsə də 2020-ci ilin sentyabrın 27-də   30 ilə yaxın müddətdə  erməni işğalı altında olan və hərbi  əməliyyatlar baxımından çox çətin, mürəkkəb coğrafi şəraitdə həyata keçirdiyi qısamüddətli hərbi əməliyyatlar zamanı sübut etdi.

Azərbaycan ordusu 44 günülük Vətən müharibəsində təkcə yüksək döyüş hazırlıq səviyyəsini deyil, ən müasir hərbi texnologiyalardan istifadə etməklə, mülki infrastrukturları dağıtmadan, dinc insanlara zərə vermədən peşəkarcasına cə ən yüksək səviyyədə  hərbi əməliyyatlar aparmaq qabliyyətini dünyaya nümayiş etdirdi. Məhz bu yüksək peşəkarlıq qabliyyətinin nəticəsidir ki, dünyanın hərbi beyin mərkəzləri  Azərbaycan ordusunun təcrübəsini dərindən öyrənirlər. Müzəffər Ali Baş Komandan və müdrik sərkərdə İlham Əliyevin rəhbərliyi altında peşəkar  Azərbaycan ordusu arxasında böyük güclərin dayandığı işğalçı erməni ordusunu darmadağın edib, ağır məğlubiyyətlərə düçar edib, ağ bayraq qaldırmasına məcbur etdi. İkinci Qarabağ savaşından sonra da revanşistlərin istənilən təxribatına layiqli cavab verib, onları  sarsıdıcı zərbələrlə ağır itkilərə məruz qoyaraq, həmin təxribatlaırn qarşısını alıblar. 

İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın Cənubi Qafqazda yaratdığı  yeni reallığa uyğun olaraq  dövrün tələblərinə uyğun daha güclü ordu qurulması istiqamətində ciddi addımlar atılmaqdadır. Cənab Prezidentin birbaşa nəzarəti altında ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq təlimlərlə peşəkarlıq və hazırlıq səviyyəsinin yüksəldilməsi, döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması istiqamətində məqsədyönlü şəkildə siyasət həyata keçirilməkdədir. 

Bu gün Azərbaycanda yeni ordu modeli olan komando qüvvələri formalaşmaqdadır. Bu günlərdə hərbi hissələrin birində çıxış edən Ali Baş Komandan bəyan edib ki, müharibədən sonra ordu quruculuğu üçün əlavə addımlar atılır və buna böyük ehtiyac var: “Çünki dünyada geosiyasi vəziyyət gərginləşir, bölgəmizdə yeni təhdidlər mövcuddur, Ermənistanda revanşist qüvvələr baş qaldırır. Bütün bunları nəzərə alaraq, Ordumuzun daha da gücləndirilməsi vəzifəsi bir nömrəli vəzifə olaraq qalır. Buna nail olmaq üçün təbii ki, kompleks tədbirlər görülür”.

Azərbaycanın müstəqil siyasət apardığını deyən dövlətimizin başçısı əlavə etdi ki, Azərbaycan dünyada öz müqəddəratını özü müəyyən edən ölkələrdəndir, heç kimdən asılı deyil və olmayacaq, öz sözünü açıq deyir. Ermənistan və onun xarici havadarları hesab edirdilər ki, onlar bizim torpaqlarımızı işğal altında əbədi saxlayacaq. Azərbaycan Ordusu onların məkrli planlarını alt-üst etdi. İkinci Qarabağ müharibəsindən sonra bölgədə gündəliyi müəyyən edən yenə də Azərbaycan oldu.

Hazırda regionda proseslər yenə də Azərbaycanın təklifləri əsasında müəyyən olunur. Bölgədə dayanıqlı sülh ancaq Azərbaycanın şərtləri əsasında mümkün olacaq. Azərbaycan ordusu da bu sülhün bərqərar olmasına öz töhfəsini verəcək. Çünki Azərbaycan ordusu indiyədək beynəlxalq sülhməramlı qüvvələrin tərkibində  Kosova,  İraq, Əfqanıstanda  beynəlxalq sülhün və təhlükəsziliyin təmin olunmasına öz töhfəsini verib və bu sahədə böyük təcrübəyə malikdir. Yenə də Azərbaycan ordusunun Cənubi Qafqazın təhlükəsizliyinin təmin edilməsi istiqamətində atdığı addımlar nəticəsində bölgədə sülh və sabitlik bərqərar olacaq”.

 

ƏN ÇOX OXUNANLAR

0.2856080532074