• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

3 min manat verib kişiləri “yalvardanlar”: Atılmamaq üçün hər şeyi edərlər - Psixoloq



Sosial şəbəkələrdə özünü “baxıcı” adlandıran bəzi şəxslərin insanlara təklif etdiyi “xidmət”lər müzakirələrə səbəb olub. Kişiləri qadınların ayağına gətirmək, kişiləri idarə etməyə, özünü sevdirməyə “100% qarantiya” verən bu şəxslər xidmətlərinin qarşılığında insanlardan 3 min manat tələb edir. 

Maraqlıdır ki, bu cür xidmət təklif edən profillərin izləyici sayı 150 mindən çoxdur.

İnsanların heç tanımadıqları şəxsə yalnız bir vəd qarşılığında böyük məbləğdə pulu gözüyumulu verməyə razı olması isə təəccüb doğurur.

Bəs görəsən, əsasən qadınların diqqətini cəlb edən baxıcılara niyə belə böyük maraq var?

Mövzu ilə bağlı Ölkə.Az-a danışan psixoloq Aytən Ələkbərova bildirib ki, bəzən qadınlar affekt vəziyyətdə olarkən atılmaq qorxusu ilə bu cür addımlar atır:

“Cütlüklər arasında münasibətlər pozularkən, sevginin yasını saxlayarkən və yaxud da digər hallarda insanlar ilk olaraq bu cür inanc üsullarına əl atırlar. Bəzən qadınları yanlış istiqamətləndirən “məndə də belə olmuşdu, filankəsin yanına getdim, həmin adam ayaqlarıma qapandı” deyən rəfiqələri olur. Çünki ayrılıq anında bəziləri hər cür yola əl atır. Hətta insan özü səhvini anlayıb üzr istəyib geri qaytarsa belə, düşünür ki, mənə ancaq cadu kömək oldu. Bu da həmin anda şəxsin affekt vəziyyətdə olması ilə əlaqədardır. Həmin anda qadın “nə olursa-olsun onu mənə geri qaytarın” düşüncəsi ilə hər cür dəliliyi etməyə can atır. Odur ki bu halda olan insanlar, adətən, öncədən təsir altına düşməyə meyilli olduğundan bu cür bəsit addımlara yol verirlər.

Ümumiyyətlə, qadın elə bir varlıqdır ki, ilk düşdüyü anda atılmaq, itirilmək qorxusu onu hər bir adımı atmağa təhrik edə bilər”.

Fotoda psixoloq Aytən Ələkbərova

Psixoloqun sözlərinə görə, alınmayan münasibət üçün nəinki bu cür yollara əl atmağa dəyməz, uzatmağın mənası belə yoxdur:

“Bir insanın ən əzizi, doğması rəhmətə getdiyi anda belə, biz psixoloqlar deyirik ki, ilk 40 günün yasını saxlamağa imkan verin. Biz anında onları vəziyyətdən çıxarmağa çalışmırıq. Siz heç vaxt kimdənsə “gəl gedək cadu edək, sənin ölün geri qayıdacaq” sözlərini eşidə bilməzsiniz.

Amma canlı insanı “itirmək” bəzilərini o qədər incidir ki, bilmir həmin anda nələr etsin. Təbii ki, bunlar bəsit düşüncələr, cahil əməllərdir. Hansısa əməl-cadu ilə birini “geri qaytarmaq” mümkün olsa belə, bunun ömrü uzun olmayacaq. Yəni bir insanla münasibətləriniz tutmursa, bir-birinizi tamamlamırsınızsa, bunun sonu ayrılıq olacaq. Uzatmağın mənası yoxdur. Cahil düşüncələrdən, cadugərlərdən uzaq olaq”, - deyə o əlavə edib.

Billurə Yunus

ƏN ÇOX OXUNANLAR

0.078423976898193