• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Əməkdar artist dəfn olundu - FOTO



“Qaya” Dövlət Ansamblının direktoru, Əməkdar artist Rüfət Babayev dəfn olunub.

Bu barədə Ölkə.Az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Rüfət Babayev iyulun 21-də Bakı şəhərində Yasamal qəbiristanlığında dəfn olunub. Dəfn mərasimində Mədəniyyət Nazirliyinin rəsmiləri, mədəniyyət və incəsənət xadimləri, mərhumun ailə üzvləri və yaxınları iştirak ediblər.

Qeyd edək ki, “Qaya” Dövlət Ansamblının direktoru, Əməkdar artist Rüfət Babayev 19 iyul 2023-cü il tarixində, 58 yaşında Moskvada vəfat edib.

Rüfət Babayev 2 oktyabr 1965-ci ildə Bakıda məşhur “Qaya” ansamblının yaradıcılarından olan tanınmış müğənni, Xalq artisti Rauf Babayevin ailəsində dünyaya göz açıb.
1972-1983-cü illərdə Bülbül adına Orta İxtisas Musiqi Məktəbində fortepiano ixtisası üzrə təhsil alıb. Sonra təhsilini Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) Zöhrab Adıgözəlzadənin fortepiano sinfində davam etdirib. 1987-ci ildən “Qaya” Dövlət Ansamblında solist (sintezator) kimi fəaliyyətə başlayıb. Eyni zamanda bu ansamblın nəzdində fəaliyyət göstərən “Talisman” qrupunda da solist olaraq çıxış edib.

Ömrünü “Qaya” ansamblına bağlayan ifaçı bu kollektivlə ölkəmizdə və onun hüdudlarından kənarda çoxsaylı konsertlər verib, Azərbaycanın musiqi mədəniyyətini layiqincə təmsil edib. 
Musiqi mədəniyyətimizin inkişafındakı xidmətləri yüksək qiymətləndirilən ifaçı Prezident İlham Əliyevin sərəncamı ilə 2018-ci ildə “Azərbaycan Respublikasının Əməkdar artisti” fəxri adına layiq görülüb. 2019-cu ildən “Qaya” ansamblının direktoru idi.

Allah rəhmət eləsin.

ƏN ÇOX OXUNANLAR

0.070897102355957