• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Şəhid anası Vəfa İsmayılova: "Ürəyimdən ağrı qopdu, sonra zəng gəldi ki, şəhid olub, demişdi, mən Vətənin, qardaşlarım sənindir"



44 günlük Vətən müharibəsi zamanı xalqımızın şəhid olan qəhrəman övladlarından biri də İzzət Həmidovdur.

İ.Həmidov 28 fevral 2000-ci ildə Sumqayıt şəhərində doğulub. Hərbi xidmət zamanı manqa komandiri olub. 2020-ci il oktyabrın 10-da Füzulinin Qaraxanbəyli kəndi istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. O bu zaman bir ilin əsgəri olub.

İ.Həmidov ölümündən sonra dövlət başçısının müvafiq sərəncamları ilə "Azərbaycan Bayrağı" ordeni, "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Şəhid olduqdan sonra 9-cu mikrorayonda küçəyə İ.Həmidovun adı verilib.

Ölkə.Az şəhadətə ucalmasının 3-cü ildönümündə İ.Həmidovun anası Vəfa İsmayılova ilə söhbətləşib.

- Bizə bir az özünüzdən, oğlunuzdan danışa bilərsinizmi? 

- Əslən Qubadlıdanıq, sadəcə, oradan çoxdan köçmüşük. 3 oğlum var. İzzət onların ən böyüyü idi. Hər evdə uşaqlardan biri fərqli olur. İzzət də bir başqa idi. Hərbi xidmətə yararsız idi, əsgərliyə gedəsi deyildi. Böyrəyində kista, ayağında reyno xəstəliyi var idi. Buna görə pensiya alırdı. Hərbi xidmətə birinci qardaşı getdi. Qardaşının andiçmə mərasimindən sonra dedi ki, yox, ana, mən də getməliyəm, vəssalam. Ondan sonra hərbi çağırış məntəqəsinə getdi dalaşdı, aləmi bir-birinə qatdı ki, mən getməliyəm. Adını siyahıya yazdırdı və getdi. İzzət elə bir yerə düşmüşdü ki, bir dəfə də olsun görüntülü yığa bilmədi. 
O formanı geyinmək İzzətin ən böyük arzusu idi. Amma hərbi formada evə gəlmək ona qismət olmadı. 

- Bəs sonuncu dəfə oğlunuzu nə vaxt görmüşdünüz?

- Axırıncı dəfə fevralın 28-də ad günündə yanına gedəndə görmüşdüm.

- Yəqin ki, müharibədən əvvəl telefonla danışırdınız...

- Sonuncu dəfə oktyabrın 7-si yığdı. Şəhid olacağını bilirdi. Dedi ki, anam, şəhid pulu verirlər, eşidib sevinmişəm. Dedi ki, təki sənə yaxşı olsun. Deyirdi ki, mən vətənin, Elvinlə Nurlan sənin. Çox ağladım, dedim, belə sözlər danışma, mən sizə yaxşı baxmırammı?! Qayıtdı ki, yox, ana, yaxşı baxırsan. Bilirdi ki, döyüşdən sağ çıxmayacaq. 

Şəhid olmazdan əvvəl komandiri telefon verib ki, birdən şəhid olarlar, evlə danışsınlar. Mənə dedi, mama, pəncərəni aç, çölə ağaclara baxım. 

Hələ soruşdu ki, mənə halallıq verərsənmi? Dedim, o nə sözdür danışırsan?

- Hərbçi yoldaşları İzzət haqqında nə danışır?

- İzzətə "Azərbaycan bayrağı" ordeni verilib. Həmin orden hər adama verilmir. İzzət şəhid siyahısı ilk dəfə açıqlananda həmin ordeni alan 18 nəfərdən biri idi.

Komandiri deyirdi ki, bizdən gəlib soruşdular ki, ən yaxşı əsgər hansı idi? Hamı İzzətin adını çəkdi. Deyir, orada kimsə ata bilməyib çəkiləndə, İzzət onların da əvəzinə atırdı. Hərbçi yoldaşları danışır ki, İzzət orada 2 gün komandirindən küsülü gəzib ki, məni niyə döyüşə aparmadın, məni birinci aparmalı idin. Çox mərd idi, qorxaq deyildi. Vətənə sevgisi onun hərbi xidmətə yararsız ola-ola əsgərliyə getməsində idi. 

Komandiri deyirdi ki, biz elə bilirdik, İzzət universitet bitirib. Deyir, elə bil İzzət minomyotun "allah"ı idi. 

- Şəhid olmazdan əvvəl hərbçi yoldaşlarına sizə çatdırması üçün nəsə sözü olmuşdumu?

- Ancaq deyirmiş ki, anam üçün darıxıram, bir dəfə də olsa, görə biləydim.

Hərbçi yoldaşları deyir ki, biz bir dəfə oturub söhbət edirdik ki, hansı yaxınınızın başına pis iş gəlsə, məhv olarsınız? İzzət də qayıdıb ki, anama bir şey olsa, ölərəm. Mənə hədsiz dərəcədə düşkün idi. Gedən günə kimi onu əlimlə yedirmişəm. Telefonla danışanda deyirdi ki, heç nə yox, bircə onu istəyirəm ki, evə gəlib sənin əlindən yemək yeyim. Bir də hər dəfə deyirdi ki, mənim anam olduğun üçün çox xoşbəxtəm, sən nə gözəl anasan. 

İzzətdən sonra mən çox qəribə olmuşam. İnsanları sevməyə qorxuram ki, birdən onları da itirərəm. Yemək bişirməyə duranda öz-özümə deyirəm ki, əl-ayağın nə tez açıldı, İzzət üçün bişirmirsənsə, sən necə yemək bişirə bilirsən?

- İzzət yuxularınıza gəlirmi?

- Yuxuda balamı tez-tez görürəm. Hər dəfə də mənə deyir ki, anam, ağlama, mən yaxşıyam.

- Deyirlər ki, analar hiss edir…

- Düzdür. Balam şəhid olmazdan əvvəl yuxumda görmüşdüm ki, İzzət qəfil yoxa çıxdı. Hər yerdə dəli kimi onu axtarsam da, tapa bilmirdim. O şəhid olan gün xalamqızı ilə telefonla danışırdım. Birdən özümü narahat hiss elədim. Dedim ki, elə bil ürəyimdən nəsə qopdu.

İzzət mənə danışanda demişdi ki, ana, heç kimə yığma. O qədər narahat idim ki, həmin gün işləyə bilmədim, dayanmadan İzzətin mənə zəng etdiyi bütün nömrələri yığdım. Heç biri cavab vermədi. Birdən bir nömrədən zəng gəldi. Soruşdum ki, İzzət hanı? Dedi, bibi qorxma, İzzət yuxarıdadır, mən aşağıdayam. Oğlan da danışdıqca ağlayıb dayanırdı. Sual verdim ki, İzzətə nəsə olub? "Yox" dedi. Sonra da qayıtdı ki, mənə əmisinin, qardaşının nömrəsini ver. Soruşdum ki, onların nömrəsini nə edirsən? Dedi, İzzət tapşırıb. Dedim, axı İzzət qardaşının nömrəsini bilir. Dediklərinə inanmadım. Qardaşlarıma yığdım ki, bu dəqiqə mənə İzzətdən xəbər verin. Qardaşlarım getdilər. Daha sonra zəng elədilər ki, gözün aydın, oğlun şəhid olub. 

Elə bilirdim, onsuz ölərəm, amma ölmədim. Gün keçdikcə canım daha çox yanır.

- İzzət adının mənası hörmət, şərəf, etibar, qeyrət deməkdir.

- Balam 3 min şəhidin içində adı İzzət olan yeganə şəhid idi.

- Dediniz ki, telefonla danışanda İzzət sizə şəhidlikdən, şəhid pulundan danışıb.

- Hə, dedi ki, şəhid pulunu eşidib sevinmişəm. Dedim, o nə sözdür danışırsan? Qayıtdı ki, anam, təki borclar bağlansın. Hədsiz ailəcanlı idi.

- Hansı borcdan söhbət gedir?

-  Evi kreditlə almışdıq. Axırıncı ayın ödənişi qalmışdı, İzzətim şəhid oldu.

- Oğlunuzun hərbidə ləqəbi var idimi?

- Qara balam idi. Müharibə vaxtı dostları qarabuğdayı olduğu üçün ona "nigeriyalı" deyirmiş. 

- Yaşınız az olsa da, saçlarınız yaman tez ağarıb.

- Heç özüm də bilmədim ki, necə oldu. Əvvəllər deyirdim ki, heç vaxt gəlinlərimdən fərqlənməyəcəyəm. Kiməsə deyəndə ki, iki oğlum əsgərdir, heç kim inanmırdı. İzzətin yoxluğu məni məhv elədi. Deyirlər, oğlun cənnətə gedib, amma mən sanki cəhənnəmdəyəm. Onu çox sevirdim.

ƏN ÇOX OXUNANLAR

0.097785949707031