• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

İslam Rzayevin səsi Tanrının hədiyyəsi idi: Çatmadığı bir arzusu vardı, onu da...



“Bir bulağın iki gözü - biri sənsən, biri mən, yar. Bir almanın iki üzü - biri sənsən, biri mən, yar. Qoşa simin titrəməsi - biri sənsən, biri mən, yar…

Bu ifadan sonra bəstəkar Əhsən Dadaşov və kamança ifaçısı Şəfiqə Eyvazova o vaxtlar göz yaşlarını saxlaya bilmirlər…

Onun səsi sanki Tanrının Azərbaycan xalqına bir hədiyyəsi idi. Şadyanalıq da, vətənpərvərlik də, sevgi də, kədər də bu səsdə olduğu kimi özünü büruzə verirdi. "Səslə sözün mükəmməl vəhdəti" deyəndə İslam Rzayevin bulaq kimi çağlayan səsi yada düşür. Sənətdə hər cəhətdən bütövləşmiş, püxtələşmiş sənətkar obrazı yaratmaq hər məşhur xanəndəyə qismət olmayıb. İslam Rzayev bu cəhətdən hamıdan fərqlənirdi. Sənətkara şöhrət qazandıran əsas məqam isə özünəməxsus ifa tərzi idi.

Bax bu idi İslam Rzayev fərqi, istedadı, peşəkarlığı…

Publika.az xəbər verir ki, ifa etdiyi xalq və bəstəkar mahnıları, təsnifləri ilə Azərbaycan musiqisi tarixində özünəməxsus yer tutan Xalq artisti, məşhur xanəndə İslam Rzayevin bu gün anım günüdür.

İslam Rzayev 1934-cü il noyabrın 11-də Füzuli rayonunun Sərdarlı kəndində dünyaya gəlib. Ailədə iki bacı, bir qardaş olublar. Atası ikinci dünya müharibəsinə yollanır və bir daha geri qayıtmır. Anası Nabat xanım övladlarına elə o vaxtdan həm atalıq edir, həm də analıq. Bəlkə də elə bu səbəbdəndir ki, İslam Rzayevin ana sevgisi bir başqa olub. Özü müsahiblərində həmişə deyərdi ki, qastrol səfərinə getdiyi bütün ölkələrdə gözü həmişə atasını axtarıb…

Balaca İslamın musiqiyə marağı elə uşaqlıqdan olub. O vaxtlar İslam Əbülfət Əliyevin ifasında "Tel nazik" mahnısını çox sevirmiş və həmişə də onu zümzümə edərmiş. Onun səsini, istedadını isə ilk dəfə kəşf edən bibisi Nisə xanım olub. Bir gün bibisi onun əlindən tutub hər yay Qoçəhmədli kəndinə istirahətə gələn dövrünün məşhur xanəndəsi Seyid Şuşinskinin yanına aparır.

İslam Rzayev çox sevdiyi "Tel nazik" mahnısından bir ağız oxuyan kimi Seyid deyir ki, bu uşaq mütləq Bakıya gəlməlidir. Elə həmin ilin payızı Bakıya yollanan İslam Rzayev 1951-1956-cı illərdə Asəf Zeynallı adına musiqi texnikumunda təhsil alır. Seyid Şuşinski, Həqiqət Rzayeva, Zülfi Adıgözəlovdan muğamın sirlərini öyrənir. 1976-cı ildə Dövlət İncəsənət İnstitutunu bitirən İslam Rzayev elə gənc vaxtlarından öz üzərində işləyərək o böyük sevgini, hörməti qazana bilir.

İslam Rzayevi digər sənətkarlardan fərqləndirən ən ümdə xüsusiyyət o idi ki, o, həm xalq mahnılarını, həm muğam dəsgahlarını, həm də bəstəkar mahnılarını xüsusi məharətlə ifa edirdi. Hətta dövrünün çox məşhur bəstəkarları simfonik əsərlərin də solo hissəsini ifa etmək üçün İslam Rzayev ifasını uyğun görürdülər. İslam Rzayevin yaradıcılığında heç bir istiqamət digərinin üzərinə kölgə salmayıb. "Rast", "Mahur", "Zabul-Segah", "Bayatı-Kürd" muğamlarını lentə yazdıran sənətkar ən çox "Çahargah"ı sevib və buna görə də, 3 dəfə bu muğamı dəsgah şəklində lentə yazdırıb.

Səhnə mədəniyyəti çox yüksək səviyyədə olan İslam Rzayev söz seçiminə də xüsusi diqqət yetirib. Əliağa Vahidlə dostluq əlaqələri olan İslam Rzayev xatirələrində qeyd edir ki, "Vahidin elə qəzəlləri var ki, heç yerdə çap olunmayıb, şəxsən özü mənə təqdim edib, oxumuşam və bu gün də mənim arxivimdədir". İslam Rzayev həmişə fəxrlə qeyd edirdi ki, Hacı Mailin ilk dəfə qəzəlini mən ifa eləmişəm. İslam Rzayevin ifalarında eşidilən qəzəllərin, şeirlərin əksəriyyətinə digər xanəndələrin ifasında rast gəlinmir. Müasirlərlə yanaşı, klassiklərin də qəzəllərinə müraciət edən xanəndə ifa zamanı sözləri olduqca aydın tələffüz edirdi. Elə ifa idi ki, oxunanları asanlıqla vərəqə köçürmək mümkün olurdu.
İslam Rzayevin püxtələşməyində fəaliyyət göstərdiyi ansamblların rolu çox böyükdür. Əhməd Bakıxanovun ansamblı ilə bir neçə mahnını lentə yazdırsa da, əsasən, Əliağa Quliyevin və Əhsən Dadaşovun ansamblı ilə şöhrət qazanıb. İslam Rzayevin səs yazılarının çoxu bu iki ansamblla tarixin yaddaşına köçüb. Bir həqiqət də var ki, İslam Rzayevlə Əhsən Dadaşovun işbirliyi elə bir qeyri-adi möhtəşəmlik yaradıb ki, bunu sözlə ifadə etmək mümkünsüzdür. Əhsən Dadaşovun rəhbərlik etdiyi "Xatirə" ansamblı tək İslam Rzayevi yox, dövrünün əksər məşhur xanəndələrini yüksək səviyyədə püxtələşdirmişdi. Əhsən müəllimin müstəsna xidməti ilə "Məhəbbət nəğmələri", "Biri sənsən, biri mən" adlı mahnılar öz dövründə yaxşı mənada çox böyük səs-küyə səbəb olub və bu gün də o mahnılara maraq, sevgi və müraciət elə ilk gündə olduğu kimidir.

Dünyanın yarıdan çoxunu sənəti, ansamblı ilə gəzib, Azərbaycan musiqisini layiqincə təbliğ edib ustad xanəndə. Türkiyə, Rusiya, Hindistan, Əlcəzair, İran, İraq, Fransa, İngiltərə, Kolumbiya, İsrail, Kuba, Peru, Yaponiya və digər ölkələrdə Azərbaycan dilini bilməyən əcnəbilər də bu səsin qarşısında dəqiqələrlə alqışlarını davam etdirib. Hətta Bakıda Muğam Teatrının yaranması da xarici səfərlərin biri ilə bağlıdır. İslam Rzayev Bağdadda olarkən onu Bağdad Muğam Teatrına aparırlar. Orada "Şur" oxuyan xanəndə yarıya qədər oxuyub dayanır. İslam Rzayev tez iradını bildirərək hələ 5 guşənin oxunmadığını deyir. Bağdad xanəndələri təəccüblənərək bu 5 guşəni İslam Rzayevin ifasında dinləyirlər və xahiş edirlər ki, Bağdadda qalıb onlara bütün muğamları öyrətsin. İslam Rzayev bunun mümkün olmadığını deyib vətənə qayıdır. Gələn kimi Ramiz Mirişli və Arif Qazıyevlə görüşərək bu təşəbbüsü irəli sürür, 1989-cu ildə Bakıda Muğam Teatrı yaradılır və İslam Rzayev ömrünün sonuna qədər Muğam Teatrının bədii rəhbəri vəzifəsində çalışır.

O, Fikrət Əmirov, Cahangir Cahangirov, Süleyman Ələsgərov, Ramiz Mirişli, Ramiz Mustafayev, Tofiq Quliyev, Adil Bəbirov, Ələkbər Tağıyev, Elza İbrahimova, Ağabacı Rzayeva və digər görkəmli bəstəkarların bir çox mahnılarının ilk ifaçısıdır. Bəstəkarların İslam Rzayev sənətinə rəğbəti də əbəs yerə deyildi. Çünki İslam Rzayev bəstəkarın mahnıda qoyduğu bütün tələblərə cavab verməyə qadir sənətkar idi. Həm geniş səs diapazonu, həm səsdə olan zəngin xırdalıqlar, həm də çox yüksək qavrama qabiliyyəti imkan verirdi ki, İslam Rzayev mahnını möhtəşəm əsər kimi ifa edə bilsin.

İslam Rzayev həm də çox böyük pedaqoq idi. Onun yetişdirdiyi tələbələr bu gün Azərbaycan incəsənətinin ən məşhur, sayılıb-seçilən nümayəndələridirlər. İstər Bülbül adına orta ixtisas musiqi məktəbində, istərsə də, Dövlət Mədəniyyət və İncəsənət Universitetində fəaliyyəti zamanı İslam Rzayev gənclərə düzgün şəkildə muğamın sirlərini öyrətməklə yanaşı, hamısını öz ansamblına dəvət edir, təhsildən sonrakı illərdə də püxtələşmələrinə hər zaman şərait yaradıb.

Əhatəli və çoxşaxəli yaradıcılığı ilə seçilən İslam Rzayev geniş diapazonlu, məlahətli və zəngin çalarlı ecazkar səs tembrinə malik sənətkar idi. Onun böyük məharətlə ifa etdiyi muğamlar milli muğam sənətinin qızıl fondunda bu günə kimi qorunub saxlanılır, özünəməxsus yer tutur. İslam Rzayev Azərbaycan musiqi sənətində öz yeri olan sənətkardır. Və bu həqiqət zaman keçdikcə daha aydın hiss olunmağa başlayır…

Azərbaycan musiqi sənəti sahəsindəki nailiyyətlərinə görə İslam Rzayev bir sıra mükafatlara layiq görülüb O, müstəqil Azərbaycan Respublikasının ali mükafatı olan “Şöhrət” ordeni ilə elə sağlığında təltif edilib.

İslam Rzayev 2008-ci il yanvarın 26-da vəfat edib, Fəxri Xiyabanda dəfn olunub.

Çatmadığı bir arzusu var idi… Ömrünün son günlərində tez-tez deyirmiş ki, mənim Füzulidəki evimi bərpa edərsiniz…

Müzəffər Ordumuz onun evini azad etdi. İndi Qarabağımız da, Şuşamız da azaddır. Füzuli işğaldan azad olunanda istedadlı xanəndə Eldəniz Məmmədov gedib İslam Rzayevin evinin düz yanında “Yenilməz batalyon” mahnısını da ifa etdi. Ruhu o səsi eşidib rahatlıq tapdı, güman ki… Axı azad torpaqlar onun ən böyük arzusu idi… Evi də bərpa olunar, inşallah.

ƏN ÇOX OXUNANLAR

0.28735399246216