Bu il Novruz Bayramı ilə əlaqədar ölkədə ardıcıl 7 qeyri-iş günü müəyyən edilib. Bununla bağlı olaraq paytaxt sakinləri regionlara, xüsusən də hotel və istirahət mərkəzlərinə üz tuturlar.
Restoranlar və Otellər Assosiasiyasının rəhbəri Samir Dübəndi "Ölkə.Az"a açıqlamasında bildirdi ki, belə uzun sürən istirahət günlərində turizm fəaliyyətləri canlanır:
"20-25 mart tarixləri arası tələbin artması ilə əlaqədar regionlardakı hotel və digər yerləşdirmə müəsissələrinin qiymətləri daha baha təklif edilir. Hazırda bir sıra iri mehmanxana kompleksləri bayram günlərinə satışlarını dayandırıb. Bu onu göstərir ki, bütün nömrələrin satışına müvəffəq olublar".
Ekspertin sözlərinə görə, ötən illə müqayisədə qiymətlərdə artım müşahidə edilmir: "Bəzi hallarda hətta qiymətlər ötən ilin eyni dövründəki qiymətlərdən daha aşağı təklif edilir. Hazırda 2 nəfərlik istirahət üçün regionlarda kiçik yerləşdirmə müəsissələri 50-70 manatdandan başlayaraq iri 5 ulduzlu hotellərdə 400 manatadək qiymətlərlə təklif edilirlər".
2024-cü il "Yaşıl Dünya naminə" ili olaraq qəbul edilib. Həmçinin bu il BMT-nin COP29 tədbiri Bakı şəhərində keçiriləcək. Bununla əlaqədar ölkənin və xüsusilə, Bakı şəhərinin nömrə fondunu artırmaq, daha çox "yaşıl" həllərə üstünlük vermək, servis səviyyəsini qaldırmaq və təkmilləşdirmək kimi çağırışlar turizm sənayesinin qarşısında durur".
Könül
Ölkə.Az