ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) Moskva yaxınlığındakı “Crocus City Hall”da baş vermiş terror aktına bənzər ölkədə mövcud terror aktı riskindən narahatdır.
“Ölkə.Az” xəbər verir ki, bu barədə FTB direktoru Kristofer Rey aprelin 11-də Konqresdə elan etməyi planlaşdırır.
“Bir neçə həftə əvvəl Rusiyada konsert salonunda gördüyümüz İŞİD hücumuna bənzər, burada (ABŞ-da – Qeyd) koordinasiyalı hücum ehtimalı ilə bağlı narahatlıq artır”,- “Reuters” onun sözlərindən sitat gətirib.
Rey bildirib ki, Amerika Birləşmiş Ştatların ictimaiyyəti və milli təhlükəsizliyi üçün bu qədər çox təhdidlərin olduğu bir dövrü çətin xatırlayır.
Qeyd olunur ki, FTB digər mümkün təhlükəni İsraillə Fələstinin HƏMAS radikal hərəkatı arasında müharibə ilə bağlı hücum hesab edir.
“Crocus City Hall”da terror aktı martın 22-də baş verib. Kamuflyajlı terrorçular binaya soxulub, atəş açmağa başlayıb və konsert zalını yandırıblar. Martın 30-da Rusiya Fövqəladə Hallar Nazirliyinin Moskva vilayəti üzrə Baş İdarəsi hücum nəticəsində 144 nəfərin (6-sı uşaq) həlak olduğunu, 511 nəfərin isə yaralandığını bildirib.