"İrəvanla Bakı dialoq və qarşılıqlı anlaşma şəraitində sərhədlərin demarkasiya posesini uğurla həyata keçirməynə başlayıb. Demarkasiyanın başlanması, sülh müqaviləsi prosesinin sürətləndirməklə yanaşı, iki ölkə arasında qarşılıqlı etimad mühitinin yaranmasında da öz töhfəsini verəcək. Sərhədlərin demarkasiya prosesi beynəlxalq aləm, xüsusən də Cənubi Qafqazda sülhün təmin olunmasında maraqlı olan güclər və dövlətlər tərəfindən rəğbətlə qarşılanmaqda və təqdir olunmaqdadır".
Bunu Ölkə.Az-a açıqlamasında deputat Cavanşir Feyziyev deyib.
Onun sözlərinə görə, ABŞ Dövlət katibi Entoni Blinkenin Azərbaycan Prezidenti cənab İlham Əliyevə telefon zəngi də bununla bağlıdır. "Çünki Ağ Ev də yaxşı anlayır ki, Cənubi Qafqazda dayanıqlı sülhün və sıx əməkaşlığın təmin olunmasında Bakı xüsusi rola və nüfuza malikdir. Telefon danışığı zamanı cənab Prezident Azərbaycanın sülh prinsiplərinə və irəli sürülən şərtlər daxilində imzalanmasına hazır olduğunu bir daha bəyan edib. Dövlət başçısı sülh prosesinin sürətləndirmək məqsədilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin tez bir zamanda Almatıda görüşəcəklərini bildirib. Dövlətimizin başçısı Azərbaycanın regionda hər hansı ayırıcı xətlər olmadan inteqrasiya olunmuş Cənubi Qafqaz regional əməkdaşlıq modelinin qurulmasını dəstəklədiyini bir daha dünyaya bildirib", - deputat qeyd edib.
Deputat əlavə edib ki, sülhün əldə olunması üçün çox ciddi imkanlar yaranıb: "Ermənistan yaranmış fürsəti dəyərləndirib düzgün qərar versə, bundan həm Ermənistan, həm də bütövlükdə bölgə qazanar. Bunun üçün Ermənistan tərəfi sərhədlərin demarkasiyası prosesilə yanaşı, sülhə əngəl yaradan digər amilləri, xüsusən də ölkə konstitusiyasında qonşularla qarşı ərazi və digər iddialardan imtina etməli, həmçinin regional kommunikasiyalarla bağlı da siyasi iradə ortayaq qoyub ciddi addımlar atmalıdır. Deyilən bu məsələlər də həll olunarsa, o zaman sülh üçün ortada heç bir maneə olmayacaq. Amma biz bu gün bəzi xarici və daxili qüvvələrin bölgədə sülhü əngəlləyən hərəkətlərinin şahidi olmaqdayıq. Lakin sülh prosesini əngəlləyən istər xarici havadarlar olsun, istərsə də daxildə qüvvələr olsun, başladılan prosesi uzada bilərlər, ancaq buna qarşı çıxa bilməzlər. Əgər həmin güclər başladılan prosesi pozmağa çalışacaqsa, bunun ağır bədəlini özləri deyil, həm də Ermənistan ödəməli olacaq. Ona görə də demarkasiya prosesi ilə bağlı Azərbaycana sərhəddə kimlərinsə hansısa məqsədlər üçün yaratdığı "şou"lardan əl çəkib sülh prosesinin sürətlənməsinə töhfə versələr yaxşı olar. Əks təqdirdə Azərbaycan alternativlərə əl atmaqla demarkasiya prosesinin ən qısa zamanda necə həll edəcəyini yaxşı bilir. Əgər onlar yeni qan-qada istəmirlərsə, bu çirkin niyyətlərindən əl çəkib prosesə dəstək verməlidirlər. Bunun başqa yolu yoxdur.
İkinci məqam isə ondan ibarətdir ki, ermənilər kənarda özlərinə yeni "ağa" axtarmasına ehtiyac yoxdur. Ermənistanın xilası və bölgədə dayanıqlı inkişafının təmin edilməsi onu əhatə edən Azərbaycan, Türkiyə və Türk dünyası ilə sıx əmədaşlıqdan keçir. Bunun üçünsə bir daha qeyd edirəm ki, Ermənistandan sadəcə olaraq qonşularına qarşı ərazi və əsassız iddialar əl çəkib normal mehriban qonşuluq münasibətlərinin qurulması tələb olunur. Bu olarsa, Ermənistan ən qısa zaman ərzində sürətli inkişaf mərhələsinə qədəm qoya bilər. Kollektiv əmədkaşlıq nəticəsində Ermənistan özünün ən etibarlı təhlükəsizliyini təmin edə bilər".
Mürtəza
Ölkə.Az