Qlobal smartfon tədarükündə “Samsung” “Apple”ı geridə qoyub.
“Ölkə.Az” xəbər verir ki, bu barədə “International Data Group” (IDC) araşdırma şirkətinin məlumatında qeyd olunub.
Bildirilir ki, qlobal smartfon tədarükləri yanvar-mart ayları ərzində 7,8% artaraq 289,4 milyon ədədə çatıb. “Apple”ın smartfon tədarükü 2024-cü ilin birinci rübündə təqribən 10% azalıb.
Nəticədə, “Samsung” 20,8% bazar payı ilə smartfon istehsalçıları arasında birinci yeri tutub. “Apple” isə “Huawei” kimi Çin markaları bazar payı qazandıqca 17,3% pay ilə ikinci yerdə qərarlaşıb.
Çinin ən böyük smartfon istehsalçılarından biri olan “Xiaomi” birinci rübdə 14,1% bazar payı ilə üçüncü yeri tutub.
Qeyd edək ki, ilin əvvəlində özünün ən yeni flaqman smartfon seriyasını “Galaxy S24” seriyasını təqdim edən Cənubi Koreyanın “Samsung” şirkəti bu müddət ərzində 60 milyondan çox smartfon göndərib.
IDC-nin məlumatına görə, ötən ilin birinci rübündə 55,4 milyon ədəd “iPhone” tədarük edən “Apple” cari ilin ilk rübündə 50,1 milyon ədəd göndərib.
Könül
Ölkə.Az