Ermənilərin Qarabağı tərk etməsindən sonra rus sülhməramlılarının Qarabağda qalması üçün elə bir ciddi əsas qalmayıb.
Ölkə.Az xəbər verir ki, bunu "Qazeta.ru"ya müsahibəsində Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsi sədrinin birinci müavini, ermənipərəst mövqeyi ilə tanınan deputat Konstantin Zatulin deyib.
Onun sözlərinə görə, Azərbaycan hələ də qoşunların çıxarılması məsələsini qaldırmayıb ki, Rusiya bunu məğlubiyyət və ya güzəşt kimi qəbul etməsin.
“Bu gün Qarabağda sülhməramlıların olması Rusiya ilə Azərbaycan arasındakı münasibətlərlə bağlıdır. Əslində, Qarabağda erməni əhalisi olmadığına görə sual yaranır: bizim sülhməramlılarımızın orada nə işi var? Hesab edirəm ki, Azərbaycan rəhbərliyi hələ də onların geri çəkilməsi ilə bağlı sualları təkcə ona görə qaldırmayıb ki, bu, Rusiyada məğlubiyyət, güzəşt kimi, hərbçilərimizin Rusiya Federasiyasından kənarda olmasının vurduğu ziyan kimi qəbul olunmasın. Amma əslində sülhməramlılarımızın Qarabağda olmasının səbəbləri azdır”.
Zatulin onu da qeyd edib ki, bəzi ermənilərin Qarabağa qayıdacağı ilə bağlı müəyyən ümidlər var: "Lakin Azərbaycanın ermənilərin geri qayıtması üçün rəsmən irəli sürdüyü şərtlər çətin ki, onların qayıtmasını asanlaşdırsın. Ona görə də burada Rusiya sülhməramlılarının olması çox mürəkkəbdir. Yerli əhalinin Qarabağdan köçməsi onların orada olma səbəbini aradan qaldırıb”.
Mürtəza
Ölkə.Az