İsrailə hücumundan sonra İran daha çox öz hərbi sənaye kompleksi ilə öyünərək istənilən xarici təcavüzə cavab verməyə qadir olduğunu qeyd etməkdədir.
Axı necə oldu ki, 40 ilə yaxındır, Qərbin embarqosu altında olan İranın silah sənayesi inkişaf etdi və hansı silahlara malikdir?
Doğrudanmı, İranın hərbi sənaye kompleksi bu qədər güclüdür və dünyada sabitliyi poza biləcək gücə malikdir?
İran hələ şah rejimi dönəmində ABŞ-nin təsir dairəsində olarkən əsas hədəflərindən biri bölgədə güclü hərbi qüdrətə malik dövlət olmaq olub. O zaman ABŞ SSRİ-yə qarşı İranın regional hərbi güc kimi formalaşmasında Tehrana ciddi dəstək verib.
1979-ci ildəki İslam inqilabından sonra da İranın əsas hədəflərindən biri bölgədə hərbi gücə malik regionda güc mərkəzi kimi formalaşmaq olub. Bu zaman iki əsas hədəfi reallaşdırmağa çalışıb.
Birincisi, öz hərbi qüdrətini artırmaq, ikincisi isə İslam faktorundan faydalanmaqla bölgədə proksi güclər formalaşdırmaq. Tehran bu proksi güclər vasitəsi ilə bölgədə və ümumiyyətlə beynəlxalq aləmdə öz gücünü diktə etməyi planlaşdırıb. Hansı ki Tehran daha çox Yaxın Şərqdə həmin proksi güclərdən öz maraqları üçün istifadə etməkdədir.
Buna uyğun olaraq da Tehran öz hərbi sənaye kompleksini inkişaf strategiyasını hazırlayaraq həyata keçirib. İslam inqilabından sonra Qərbin sanksiyaları ilə üzləşən Tehran alternativ variant kimi, Çin, Şimali Koreya və Rusiya ilə hərbi-texniki sahədə əməkdaşlıq münasibətlərini quraraq hərbi sənaye kompleksini inkişaf etdirməyə çalışıb.
İlk növbədə İran inqilabdan əvvəl Qərbdən, xüsusən də ABŞ-dən aldığı silahlardan faydalanıb.
Ballistik raketlərə gəldikdə isə Şimali Koreya ilə sıx əlaqələr quraraq raket sənayesini inkişaf etdirməyə çalışıb. İran Silahlı Qüvvələrinin invertarında olan raketlər keyfiyyət baxımdan digər ölkələrin silahlarında geri qalsa da, amma əsasən yerli istehsaldır.
İranın ən çox güvəndiyi və inkişaf etdiyi sahə ballistik raketlərdir. ABŞ Milli Kəşfiyyatının hesabatında İranın Yaxın Şərqdə ən çox ballistik raketlərə sahib ölkə olduğu bildirilir. İran hazırda təkcə ballistik raketlər deyil, eyni zamanda müxtəlif funksiyalara malik PUA-lar, qanadlı raketlər də istehsal edir.
Bu gün İranın istehsal etdiyi raket və PUA-lar Yaxın Şərqdəki münaqişələrdə və Rusiya-Ukrayna müharibəsində istifadə edilməkdədir.
İranın əlində olan güclü və ən uzun mənzilli qanadlı raket 2500 km məsafəni qət edə biləcək “Sumər”dir. Ən təsirli ballistik raketləri 2000 km mənzilli "Seccil", "Shahab 3" və "Hürremşahr"dır ("Xeybar"). Onların ardınca 1400 km mənzilli “Həcc Qasim” ballistik raketləri gəlir.
Bunlardan əlavə olaraq 100 km və1000 km məsafəni qət edə biləcək "Zilzal", "Shahab-1", "Fateh-110", "Shahab-2", " Zülfiqar", "Qiyam" kimi ballistik raketləri də mövcuddur. 100 və 1000 km məsafədə olan raketlər daha çox Yaxın Şərqdəki münaqişələrdə istifadə olunmaqdadır.
İranın PUA silahlarına gəldikdə son illərdə bu sahədə özünəməxsus yer tutmaqdadır.
İran kamikadze PUA-larla yanaşı, raket daşıma qabliyyətinə malik və 2000 km məsafəni qət edə biləcək "Mühacir" PUA-ya sahibdir.
İranın “Muhacir” PUA qrupundan başqa, “Ababil", "Yasir", "Karrar", "Fotros", "Hamaseh", "H-110 Sarir", "Kaman”, "Shahed" adlı PUA-ları da var.
Ümumiyyətlə, İran ordusu gücünə görə, dünyada ilk 20-likdə yer alan ölkədir.
İran ordusunun invertarında hazırda 4000 civarında tank, 1000-ə yaxın təyyarə, 900-dək helikopter, 1000-ə yaxın müxtəlif təyinatlı hərbi gəmiləri və digər hərbi texnika mövcuddur.
Onu da qeyd etmək lazımdır ki, İran Silahlı Qüvvələrinin invertarında olan silahlar keyfiyyət baxımdan dünyanın aparıcı ölkələrinin invertarında olan silahlardan aşağı keyfiyyətə malikdir.
Maraqlıdır ki, İran ordusunun təlimlərində yaşanan kuryoz hadisələr və uğursuz sınaqları özündə əks etdirən görüntülər aşağı keyfiyyət barədə səsləndirilən fikirləri qüvvətləndirir. Bundan əlavə, İranın İsrailə PUA hücumu zamanı sözügedən hərbi texnikanın elektrik naqilinə ilişib köməksiz vəziyyətdə qalması da bunun bariz nümunəsi kimi irəli sürülür.
Mürtəza
Ölkə.Az