• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Baş prokurorun səlahiyyəti artırıldı



Milli Məclisin (MM) plenar iclasında Azərbaycan Baş prokuroru və onun müaviniin səlahiyyətinin artırılmasına dair layihə üçüncü oxunuşda qəbul edilib.

Bununla bağlı "Prokurorluq haqqında" qanuna dəyişiklik təklif olunub.

Layihədə qeyd edilib ki, prokurorluq işçilərinin xidməti vəsiqəsi haqqında Əsasnamə Azərbaycanın 29 iyun 2001-ci il tarixli Qanunu ilə təsdiq edilib. Həmin Əsasnaməyə uyğun olaraq xidməti vəsiqə prokurorluq işçisinin şəxsiyyətini, xüsusi rütbəsini və tutduğu vəzifəni təsdiq edir, habelə Əsasnamədə prokurorluq işçisinin xidməti vəsiqəsinin təsviri müəyyən edilir.

Eyni zamanda Əsasnaməyə uyğun olaraq Azərbaycan Respublikası Baş Prokurorunun, onun müavinlərinin Naxçıvan Muxtar Respublikası prokurorunun xidməti vəsiqəsi istisna olmaqla, digər prokurorluq işçilərinin xidməti vəsiqəsi Azərbaycan Respublikasının Baş Prokuroru və ya Baş Prokurorun müavini tərəfindən imzalanır və müvafiq qaydada təqdim edilir. Prokurorluq işçisi prokurorluqdan xaric edildikdə isə xidməti vəsiqə onu təqdim edən orqana qaytarılır.

Beləliklə, Əsasnamə ilə müəyyən edilir ki, prokurorluq işçisinin xidməti vəsiqəsinə rəsmi xarakter və hüquqi qüvvə verilməsi məqsədilə onun rəsmiləşdirilməsi Baş Prokurorun və ya onun müavininin səlahiyyətinə aid edilir.

Təqdim edilən Qanun layihəsinə görə xidməti vəsiqədə əks olunan məlumatların xarakteri də nəzərə alınmaqla, habelə xidməti vəsiqənin təsviri ilə bağlı məsələlərə dəyişikliyin edilməsi zamanı operativliyin təmin edilməsi məqsədilə prokurorluq işçilərinin xidməti vəsiqəsinin nümunəsinin təsdiq edilməsinin, Azərbaycan Baş Prokurorunun qanunla həll etdiyi məsələlərin dairəsinə aid edilməsi təklif olunub.

Qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Prezidenti tərəfindən Milli Məclisin müzakirəsinə eyni vaxtda təqdim edilmiş digər qanun layihəsinə əsasən prokurorluq işçilərinin xidməti vəsiqəsi haqqında Azərbaycan Respublikasının 29 iyun 2001-ci il tarixli qanunun ləğv edilməsi də təklif edilib.

Qeyd edək ki, 2020-ci ilin may ayının 1-də Prezident İlham Əliyev Kamran Əliyevin Azərbaycan Respublikasının Baş prokuroru təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla Kamran Bayram oğlu Əliyev Azərbaycan Respublikasının Baş prokuroru təyin edilib.

Xatırladaq ki, K.Əliyev 1965-ci ilin noyabr ayının 18-də Balakən rayonunda anadan olub.

1987-ci ildə Rusiya Federasiyasının İrkutsk Dövlət Universitetinin Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra təyinatla prokurorluq orqanlarına işə qəbul olunaraq Rusiya Federasiyasının Zabaykalye Nəqliyyat Prokurorluğunun Çita Nəqliyyat prokurorluğunun müstəntiqi vəzifəsi üzrə stajoru təyin edilib.

Daha sonra K.Əliyev həmin prokurorluqda və Zabaykalye Nəqliyyat Prokurorluğunda böyük müstəntiq vəzifəsində işləyib.

1990-1993-cü illərdə keçmiş SSRİ Baş Prokurorluğunun Elmi-Tədqiqat İnstitutunda əyani şöbə üzrə aspirantura təhsili alıb, paralel olaraq həmin müəssisədə elmi işçi vəzifəsində işləyib.

1993-cü ildə həmin İnstitutda disertasiya işini müdafiə edərək hüquq elmləri namizədi elmi dərəcəsini alıb. Daha sonra K.Əliyev köçürülmə qaydasında Azərbaycan Respublikası Prokurorluğu orqanlarına işə qəbul olunmaqla Kadrlar idarəsinin prokuroru, Elm-Tədris Mərkəzinin rəisi, Baş Prokurorluğun İstintaq və ağır cinayətlərə dair işlər üzrə istintaq idarələrində müstəntiq və böyük müstəntiq, Baş prokurorun köməkçisi və böyük köməkçisi, Baş Prokurorluğun Dövlət İttihamının müdafiəsi idarəsinin rəisi vəzifələrində işləyib.

06.08.2007-ci il tarixdə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

Azərbaycan Respublikası Prezidentinin 05.08.2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Baş prokurorunun müavini - Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi təyin edilib. Bu günədək həmin vəzifələri daşıyırdı

II dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsindədir. Hüquq elmləri üzrə fəlsəfə doktorudur.

İngilis və rus dillərini sərbəst bilir.

K.Əliyev Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin, Avropa Şurasının Korrupsiyaya qarşı Mübarizə Aparan Dövlətlər Qrupunda (GRECO) Azərbaycan nümayəndə heyətinin üzvüdür, habelə ölkəmizin Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planı üzrə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatında (OECD) Milli Koordinatorudur. Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2008-ci il tarixli Sərəncamı ilə “Azərbaycan bayrağı” ordeni ilə təltif edilib.

Ailəlidir, iki övladı var.

 

ƏN ÇOX OXUNANLAR

0.18489098548889