• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Spiker İran parlamentini Azərbaycana qarşı təxribatlara son qoymağa çağırıb



“İran Azərbaycan torpaqlarını 30 il işğal altında saxlamış, Azərbaycanın sərvətlərini vəhşicəsinə talan etmiş Ermənistana bir dəfə də etiraz etməyib. Hətta ona müxtəlif vasitələrlə dəstək verən İran bu gün Azərbaycan dövlətini İsraildə səfirlik açmasından narahatdır”.

APA xəbər verir ki, bunu Milli Məclisin spikeri Sahibə Qafarova bugünkü plenar iclasda çıxışı zamanı deyib.

“Hamı bilməlidir ki, Azərbaycan müstəqil dövlətdir və hansı dövlətlə necə münasibət qurması onun daxili işidir. Azərbaycanın suveren hüquqlarına qarışmağa heç kimin haqqı yoxdur. Biz İran parlamenti tərəfindən ölkəmizə qarşı irəli sürülmüş əsassız ittihamları qətiyyətlə rədd edirik, İran parlamentini Azərbaycana qarşı bu cür təxribatlara son qoymağa, ikitərəfli münasibətlərə xələl gətirə bilən hərəkətlərdən çəkinməyə çağırırıq”, - deyə S. Qafarova əlavə edib.

Daha sonra Sahibə Qafarova İran parlamenti ilə bağlı bəyanatın hazırlanması üçün komissiyanın yaradılmasını təklif edib və təklif qəbul olunub.

Komissiyanın sədri parlament sədrinin müavini Fəzail İbrahimli müəyyən olunub. Deputatlar Zahid Oruc, Cavanşir Paşazadə, Rafael Hüseynov, Afət Həsənova, Kamran Bayramov isə komissiyanın üzvləri olublar.

Sahibə Qafarova bəyanat mətninin hazırlanması üçün tapşırıq verib.

Qeyd edək ki, Milli Məclis İran parlamentinə cavab bəyanatı hazırlayıb. 

Bəyanat mətninin layihəsini deputat Kamran Bayramov parlament üzvlərinin diqqətinə çatdırıb.

Bəyanat səsverməyə çıxarılaraq qəbul edilib. Bəyanatda deyilir ki, Milli Məclis İran parlamentinin aprelin 5-də Azərbaycanın İsraildə səfirlik açmasını pisləyən bəyanat qəbul etməsini ölkəmizin daxili işlərinə müdaxilə cəhdi kimi qiymətləndirir: “Azərbaycana qarşı açıq hörmətsizliyin bariz nümunəsi olan bu bəyanat İranın növbəti siyasi təxribatıdır”.

ƏN ÇOX OXUNANLAR

0.13973999023438