• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

30 və 50 bal toplayan müəllimin maaşının eyni dərəcədə artması doğrudurmu?



Şəki rayonundan bir qrup müəllim sertifikasiya imtahanlarının nəticələri ilə bağlı təkliflə çıxış edib.

Qrup adından müraciət edən Şəki rayon Qoxmuq kənd tam orta məktəbinin müəllimi Havva Əliyeva sertfikasiya imtahanın nəticəsindən asılı olaraq maaşlara edilən əlavələrin 2 yox, 3 kateqoriyaya bölünməsini istədiklərini deyib:

“Biz müəllimlər olaraq hesab edirik ki, 30 bal və 50 bal toplayan müəllimin hər ikisinin əmək haqqına 10% əlavənin edilməsi doğru deyil. Ona görə də, bizim müəllimlər olaraq təklifimiz bundan ibarətdir ki, əlavələr 31 baldan 41 bala qədər 10%, 41 baldan 51 bala qədər 20-25% olsun”,- deyə o söyləyib.

Mövzu ilə bağlı Ölkə.Az-a danışan təhsil eksperti Elçin Əfəndi təklifi dəstəkləsə də, bunun baş tutmasının o qədər də real görünmədiyini söyləyib:

“Düşünürəm ki, bununla bağlı elm və təhsil nazirliyi bir qədər kompromisə getsə, yaxşı olardı. Sadəcə burada müsabiqə şəraitidir. Necə ki, qəbul imtahanlarında 199 bal toplayanlar üçün 1 bala görə kompromisə gedilmirsə, burada da eyni prinsipdir. Yəni sertifikasiya imtahanında 31-51 bal aralığı 10% artım hesablanır. Tutaq ki, 41 baldan 51 bala qədər 15-20% artım olması barədə qərar qəbul olunur. Belə olduğu təqdirdə bu müsabiqənn bir o qədər də effektivliyi olmayacaq. Yəni bir növ sertifikasiyanın keçirilməsi ona dəlalət edir ki, konkret olaraq yalnız bilik və bacarıqları, potensial imkanları daha yüksək olanlar müvafiq olaraq müsabiqədə iştirak etsinlər.

Qaydalara görə, imtahan mərhələsində müəllim 51-60 aralığında bal toplayıbsa, artım 35% olur. Burada hər bir balın böyük əhəmiyyəti var. Yəni hər bir namizəd çalışmalıdır ki, öz bilik və bacarıqlarını təmin eləsin. 50 bal toplayan 1 bala görə oturub daha yaxşı hazırlaşmalı idi. Məsələyə bu tərəfdən də baxmalıyıq. Digər tərəfdən də bu məsələ ölçülüb-biçilir. Tutaq ki, müəllimlərin sertifikasiya imtahanında 4000 nəfər iştirak edibsə, onlardan 300-400-ü 51-60 aralığında bal toplayır. Yerdə qalanlar isə daha aşağı nəticə göstərir. Yəni onların hər birinin əmək haqqında o qədər artımın vermək büdcə kəsiri yarada bilər. Yəqin ki, bu tərəfini də nazirlik yaxud, aidiyyəti qurumlar hesablayıb. Çünki daha çox aşağı göstəricilər böyük bir arealı təşkil edir. 30-50 bal aralığındakı artım bir növ motivasiya xarakteri daşıyır”.

Digər təhsil eksperti Elşən Qafarov isə sözügedən təklifi dəstəkləyib. Onun fikrincə, bu məsələdə müəllimlər Qazaxıstanda olduğu kimi 3 kateqoriyaya bölünməlidir:

“Əmək haqqının fərqli formada, yəni 30-dan yuxarı bal toplayanların 10%, 50-dən yuxarı bal toplayanların maaşlarının isə 35% artırılması bir mənada yaxşı amildir. Çünki müəllimlər 35%-ə düşmək üçün gecə-gündüz çalışır. Amma məsələ burasındadır ki, bizdə sertifikasiyanın  qiymətləndirilməsi doğru-düzgün aparılmır. Biz ən azı Qazaxıstan modelini nümunə götürə bilərik. Yəni onlarda olduğu kimi bizdə də müəllimlərin qiymətləndirilməsi A, B və C olmaqla 3 kateqoriyaya bölünsə, yaxşı olar.

Belə olan halda sertifikasiyanın müsahibə mərhələsi də nəzərə alınır. Yəni sertifikasiya test mərhələsi üzrə 60, müsahibə mərhələsi üzrə 40 baldırsa, 50 baldan 75 bala qədər toplayanlar C, 76-dan 90 bala qədər toplayanlar B, 91-100 bal toplayanlar A kateqoriyasına aid edilsin və əmək haqlarına əlavə də buna uyğun olsun. Amma indiki halda 30 və 50 bal toplayan müəllimin əmək haqqının eyni dərəcədə artması doğru deyil. Onların 2 kateqoriyaya ayrılması əlavə narazılıqlar yaradır.

Dediyim kimi, 3 kateqoriya olsa və əlavələr müvafiq olaraq C-10%, B-25% və A-35 % olaraq tənzimlənsə, daha məqsədəuyğun olardı. Əslində, 35% də azdır. Aşağısı A kateqoriyası üzrə əlavələr 40-50% olsa daha yaxşı olar. Çünki müsahibə mərhələsinin ballarının nəzərə alınmaması bu mərhələnin qeyri-ciddi olmasına gətirib çıxarır”,- deyə o əlavə edib.

ƏN ÇOX OXUNANLAR

0.079870939254761